Tarixi Zəfərin fədakar tibb işçiləri
44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin, dövlətçiliyinin gücünü,Ali Baş Komandanın sərkərdəlik qüdrətini göstərdi.Əldə olunan tarixi qələbədə əsgərlər qədər onlarla çiyin-çiyinə öz vəzifə borcunu ləyaqətlə və fədakarlıqla yerinə yetirərək şəhid olan tibb işçiləri də vardır.Bu müharibə Azərbaycan Ordusunun döyüş əməliyyatlarında şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı təchizatının,maddi-texniki və tibbi təminatının yüksək səviyyədə olduğunu,Azərbaycan həkiminin fədakarlığını da təsdiqlədi.
Bu Vətən müharibəsi tibb işçilərinin də döyüşü idi desək,yanılmarıq.Vətən müharibəsində yaralanan, müalicə olunan hərbi qulluqçularımız həmişə həkimləri,tibb bacılarını xoş ovqatla,ehtiramla xatırlayacaqlar.Vətən müharibəsi dünya ictimaiyyətinə həm Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu,həm də hərbçilərimizin peşəkarlığını,qəhrəmanlığını, məharətini göstərdi.Hərbi həkimlərimiz bu döyüşün cəsarətli döyüşçüləriydi.Həkim sənətinin nə qədər ağır və şərəfli bir peşə olduğunu hamımız yaxşı bilirik.Müharibədə yaralı hərbçilərimizin harayına ilk olaraq həkimlərimiz özünü yetirmiş,döyüşçülərimizin yarasına ilk olaraq onlar məlhəm qoymuşlar.Qürurvericidir ki,bu Zəfər hərbi təbabətimizin də yüksək səviyyədə qurulduğunun təsdiqi oldu.Müharibədə döyüşənlərlə eyni səngərdə olmaq, ehtiyacı olan döyüşçünün imdadına çatmaq da döyüşməkdi. Bu Zəfər həm də hərbi təbabətimizin Zəfəridir...Peşəkar həkimlərimizin səyi nəticəsində neçə-neçə döyüşçünün həyatı xilas edilmişdir.Hərbçi həkimlərimiz xüsusi qəhrəmanlıq nümayiş etdirərək yaralılarımıza güllə atəşi altında yardım edərək təxliyyəsini təşkil etmişlər.
Prezidenti cənab İlham Əliyev demişdir: ”...Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək.Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər.Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir.Çünki müharibə başlanan kimi əmrlərimdən birincisi bəlkə də ondan ibarət idi ki, yaralılara ən yüksək xidmət göstərilməlidir.Yaralılar döyüş meydanından dərhal çıxarılmalı, sanitar maşınlarına mindirilməli və birinci ən yaxın olan tibb mərkəzinə gətirilməlidir.Deyə bilərəm ki, həm həkimlər, həm icra orqanlarının nümayəndələri,eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına,ixtiyarına vermişdilər….Ona görə həkimlərə xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.
Son illər ərzində cəbhəyanı bölgələrdə səhiyyə dövlət qayğısı ilə əhatə olunmuşdur.Odur ki,Vətən müharibəsi dövründə Füzulidə,Yevlaxda, Goranboyda,Ağdamda,Bərdədə böyük tibb mərkəzləri yaradılmış,yaralanmış hərbçilərimiz orada müalicə almış və bir çoxlarının həyatının xilasında mühüm rol oynamışdır.
Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Ümumilikdə 86 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 10-u həkim, 7-si feldşer, 69-u sanitar-təlimatçıdır. Vətən müharibəsində şəhid olmuş və müxtəlif orden və medallarla təltif olunmuş həkimlərimizdən tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevin,tibb xidməti leytenantı Azər Şəmilovun,Turqut Xəlilbəylinin,Adil Əfəndiyevin, Mirlətif Ağayevin, Eldar Abdullayevin,Nurlan Fərəməzovun,Şöhrət Qasımovun,Tariyel Salmanovun,Anar Məmmədovun və s. adlarını fəxrlə çəkmək olar.Azərbaycan Silahlı Qüvvələrinin mayoru,Vətən müharibəsinin iştirakçı həkimi Anar Məmmədov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə,həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.
Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibbi işçisi olub. Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli,Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərmiş xeyli sayda əsgər və zabitimizin həyatını xilas etmişdir. 2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxararkən aldığı güllə yarasından şəhid olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Sevindirici haldır ki,Vətən müharibəsində iştirak edən gənclərimiz onlara tibbi xidmət göstərmiş tibb bacıları ilə ailə həyatı qurmuş,ömür-gün yoldaşı seçmişlər.Vətən müharibəsi qazisi Rüstəm Əhmədli döyüşlərdə yaralanaraq Ağcabədi mərkəzi rayon xəstəxanasında müalicə alarkən tanış olduğu tibb bacısı Esmira Paşayeva ilə ailə həyatı qurmuş,paytaxtda keçirilən Zəfər yürüşünə bir övladları iləqatılmışlar.Qəhrəmancasına döyüşərək yaralanan İlqar və Yusif adlı qazilərimiz də məhz müharibə günlərində onlara qulluq etmiş tibb bacıları ilə ailə qurmağa qərar vermişlər.
Vətən, xalq yolunda canını fəda edən,həyatını qurban verən igid oğullarımız və qızlarımızla fəxr edir,qürur duyuruq! Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetirdilər.Şəhidlərimizin qanı ilə alınan torpaqlarda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır.Vətən uğrunda şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları,fədakarlıqları heç zaman unudulmayacaq.Onlar Azərbaycan xalqının əbədiyaşar ölməz qəhrəmanlarıdır... \
Lider-Media.az