Milli ruh və iradənin töhfəsi - 44 günlük Vətən Müharibəsi
“44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı, şərəfli səhifələrindən biridir. Bu müddətdə nəinki Azərbaycanın, həm də dünyanın diqqət mərkəzində olan, beynəlxalq hüquq prinsipinin təntənəsi olan bir hadisə idi. Vətən müharibəsi Azərbaycan xalqının əzmkarlığını, bir yumruq kimi öz torpaqları uğrunda birləşməsini, vətənpərvərliyini, Azərbaycan Ordusunun rəşadətini, cəsarətini, həmçinin Azərbaycan liderinin diplomatik peşakarlığını ortaya qoyan müharibə səhifəsi oldu. Bu müharibə başqalarından fərqli olaraq əzici müharibə deyildi. Əksinə qürurumuzun bərpa edilməsi üçün edilmiş müharibə idi”.
Bunu Lider-media.az-a verdiyi açıqlamada politiloq Züriyə Qarayeva deyib.
Onun sözlərinə görə, bu müharibədə qarşı tərəfdən fərqli olaraq biz beynəlxalq hüquq norma və prinsiplərini pozmadıq. Əksinə beynəlxalq hüququn bərpa olması üçün əks-həmlə etdik. Nəticələri əldə etməyə nail olduq:
“Bu nəticələr birbaşa olaraq Azərbaycan xalqının birliyi, ordusunun rəşadəti və Azərbaycan diplomatiyasının uğuru kimi mütləq şəkildə qiymətləndirilməlidir. Uzun müddət biz torpaqlarımızın işğaldan azad edilməsi üçün dünya birliyini bu məsələyə cəlb etməyə çalışdıq. Sülh masası arxasında problemin həllinə nail olmağa çalışdıq. Amma təəssüflər olsun ki, dünya birliyi həqiqi mənada ikili standartlar donuna bürünmüş və ermənilərin olmayan haqqını müdafiə etməyə qalxmışdı. Ona görə də biz öz haqqımızı özümüz bərpa etmək məcburiyyətində qaldıq və ərazi bütövlüyümüzün təminatına, suveren konstitut hüquqlarımızın, ölkə sərhədləri çərçivəsində bərpasına nail olmağı bacardıq. Bu, yalnız bizim milli məsələmiz deyildi, bu eyni zamanda dünyada separatizmin tüğyan etdiyi bir vaxtda separatizmin öz imkanları hesabına ləğv edilmə imkanının olmasını göstərmək idi. Bu bir nümunə idi və heç də təsadü nümunənin ardınca artıq dünyanın bir çox mərkəzlərində separatizmə qarşı mübarizə alovlanmağa başlandı. Təbii ki, bu, eyni zamanda beynəlxalq hüququn təntənəsi idi. Çünki BMT nizamnaməsi də daxil olmaqla digər konvensiyalar da daxil olmaqla hər biri Azərbaycan suverenliyini bərpa etməklə təmin etmiş oldu və o nizamnamələrdə müəyyən olunmuş prinsipləri müdafiə etməli olan təşkilatlar duyarsız yanaşdıqları üçün Azərbaycan dövləti Azərbaycan xalqı bu problemin həllinə səfərbər olaraq aradan qaldırmağı bacardı. Biz bu gün Cənubi Qafqaz regionunda ərazi bütövlüyümüzün təminatı ilə yeni reallıqlar yaratmağı bacardıq. Bölgədə sülh quruculuğuna təminat verməyi bacardıq. Qarşı tərəf, hərçənd ki, hər nə qədər də sülhdən yayınmağa çalışsa da, özünün sabotaj meyllərini gücləndirsə də, istənilən halda biz öz qətiyyətli mövqeyimizdən çəkilmədik. Cənubi Qafqaz regionunda bütövlükdə sülhün bərqərar olunmasında olduqca qətiyyətliyik”.