Azərbaycan yenidən mötəbər yarış həyəcanını yaşayır. Bakı trekində 8-ci dəfə Formula-1 qran-prisi keçirilir. Qeyd edək ki, Formula-1 yarışı dünyada kifayət qədər populyardır və haqlı olaraq Formula-1 Olimpiya Oyunları, futbol üzrə dünya çempionatı ilə müqayisə edilir. Beləliklə, deyə bilərik ki, yarışın keçirildiyi günlərdə dünyanın gözü yenidən Azərbaycana yönəlib. Çox böyük tamaşaçı auditoriyasına malik Formula-1 yarışlarını dünyanın bütün qitələrində təxminən 500 milyon tamaşaçı izləyir.
Son illərdə respublikamızda Avropa və dünya çempionatlarının keçirilməsi ənənəvi xarakter alıb. Dünya səviyyəli yarışların Azərbaycanda keçirilməsi ölkəmizə olan inamı ifadə edir.
Qürurverici haldır ki, Azərbaycan evsahibliyini üzərinə götürdüyü beynəlxalq səviyyəli turnirlərin təşkili barədə mütəxəssislərin, beynəlxalq idman ictimaiyyətinin rəyi çox yüksəkdir. Azərbaycanda yarışlara qatılan ayrı-ayrı komandaların üzvləri, onların məşqçiləri, dünyada tanınan idman şərhçiləri ölkəmizdə keçirilən yarışların yüksək səviyyədə təşkil edilməsi, xalqımızın qonaqpərvərliyi, respublikada gördükləri tolerant mühit barədə özlərinin müsbət təəssüratlarını dəfələrlə dilə gətiriblər.
Mötəbər idman yarışlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi ölkəmizin yaratdığı reallıqlarla bağlıdır. Respublikadakı möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoşməramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük etimad yaradıb. Belə mötəbər yarışları ancaq Azərbaycan kimi güclü potensiala malik ölkə təşkil edə və yüksək səviyyədə keçirə bilər. Beynəlxalq ictimaiyyətin inamı həm də o amildən qaynaqlanır ki, son illərdə Azərbaycan özünü bütün dünyaya idman ölkəsi kimi tanıdıb və ölkəmizin idmançıları beynəlxalq səviyyəli yarışlarda və olimpiadalarda uğurlarını ilbəil artırırlar. Digər tərəfdən, son 21 ildə respublikamızda güclü idman infrastrukturu yaradılıb. Hazırda Azərbaycan idman infrastrukturu baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Ölkəmizin böyük uğurla evsahibliyi etdiyi birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Belə ki, hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, dünya standartları səviyyəsində yaradılan Atletlər Kəndi barədə də müsbət fikirlər söyləyirlər. Bu müasir arenalar, həmçinin ölkədə idmanın populyarlığının artmasına da müsbət təsir göstərir.
Bütün dünyada geniş tamaşaçı auditoriyasına malik Formula-1 Qran-prisinin Azərbaycanda keçirilməsi ölkəmizin təbliği, turist cəlbediciliyinin artırılması üçün də böyük əhəmiyyət daşıyır. Burada, heç şübhəsiz ki, 6 kilometr uzunluğa malik Bakı trekinin özünəməxsus cəhətlərini də xüsusi vurğulamaq lazımdır. Yarış treki şəhərin ən görməli yerlərindən keçir. Trek Bakının müasirliyini və qədimliyini, həmçinin Xəzərin əsrarəngiz gözəlliyini təqdim etmək üçün əla imkanlar açır. Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan İçərişəhəri, Qız qalasını, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görə bilirlər. Trekin Qoşa Qala divarlarının yanından keçən hissəsi ensizliyinə görə bütün Formula-1 treklərindən fərqlənir. Bakı Şəhər Halqasının Neftçilər prospektində olan ikitərəfli hərəkət hissəsi isə digər treklərin ikitərəfli zolaqlarından daha uzundur.
Formula-1 Azərbaycan Qran-prisinin mətbuat xidmətindən bildirilib ki, Bakı Şəhər Halqasında 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparan, dünyanın ən məşhur pilotları - Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışırlar.
Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairədən keçir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.
Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran-prisi ötən il olduğu kimi, bu il də möhtəşəm Bakı yarışına II Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni bəxş edən qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar. Onlar Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2024-ü 3 gün ərzində canlı izləyirlər. Artıq 3-cü ildir ki, bu mötəşəm idman tədbirinə dəvət olunan fəxri qonaqlarımız builki yarışı "Azneft" və "Qız qalası" tribunalarından izləyir. 44 günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhidlərimizin ailə üzvlərini və qazilərimizi mötəbər idman yarışında, Bakı Şəhər Halqası azarkeşləri sırasında görmək qürurvericidir.
Azadlıq meydanında start götürən yarışın sentyabrın 15-i sonuncu finiş günüdür. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub. Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olundu. Sentyabrın 14-də Formula 1 üzrə sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışı keçirildi.
Bəli, Formula 1 elitar yarış sayılır və yalnız sabit, təhlükəsiz ölkələrdə təşkil olunur. Bu mənada, Azərbaycanda Formula 1 yarışlarının artıq səkkizinci dəfə təşkil edilməsi Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizin sabitlik və təhlükəsizlik adası olmasını ifadə edir.
Nurəngiz ADİLQIZI.