Pambıq sahələrində defolyasiya və desikasiya tədbirləri - Fermerlərə tövsiyə
Pambığın maşınla yığılması məhsulun tez və itkisiz yığılmasına və həmin sahədə payızlıq əkinlər üçün aparılacaq aqrotexniki tədbirlərin (payız şumu və d.) vaxtında yerinə yetirilməsinə əlverişli şərait yaradır. İstər maşınla, istərsə də əllə pambıq yığımının səmərəliliyini yaxşılaşdırmaq üçün tarlada bir çox hazırlıq işləri yerinə yetirilməlidir. Sahə alaqlı olduqda və kol üzərində yarpaq çox əmələ gəldikdə həm yığıcıların, həm də kombaynın pambıq cərgəaralarında hərəkəti çətinləşir və yığılmış məhsul zibilli olur.
Məhsulun tez və itkisiz yığılması, həmçinin yığılacaq pambığın keyfiyyətinin və təmizliyinin qorunması üçün pambıq əkinlərində defolyasiya və desikasiya tədbirləri həyata keçirilir. Defolyasiya üçün istifadə olunan kimyəvi maddələrə defoliantlar, desikasiya üçün istifadə olunan maddələrə isə desikantlar deyilir.
Defoliantlar bitkidə yarpaqların təbii tökülməsi prosesini sürətləndirir. Defoliantların təsirindən yarpaqlarda xlorofilin miqdarı azalır, fotosintez zəifləyir, üzvi maddələrin əmələ gəlmə prosesi pozulur və digər fizoloji proseslər nəticəsində yarpaqlar saplağından qoparaq tökülürlər. Defolyasiya zamanı yüksək təzyiqlə dərman çilənməsinə imkan verən yerüstü çiləyici aqreqatlarından istifadə olunması yüksək səmərə verir.
Defolyasiyanın səmərəliliyi sahədə bitkilərin sıxlığından və bərabər qaydada inkişafından da çox asılıdır. Normal bitki sıxlığı və bitkiləri bir boyda olan sahələrdə defolyasiya tədbirləri zamanı bitkinin bütün yarpaqlarının defoliantlarla təması təmin olunur ki, buda bütün yarpaqların eyni zamanda tökülməsinə şərait yaratmış olur.
Defolyasiya tədbirlərinə başlanma vaxtının müəyyən edilməsi üçün bitkilərdə yetişmiş qozaların sayına diqqət etmək lazımdır. Zəif inkişaf etmiş sahələrdə hər bitkidə 2-3 ədəd, yaxşı inkişaf etmiş sahələrdə isə 3-4 qoza açdıqda defolyasiyaya başlamaq olar. Defolyasiya tarla nəmliyinin 65-70%-ə qədər və orta sutkalıq temperatur 17oC-dən aşağı olmadığı halda yaxşı nəticə verir. Ümumilikdə, sahələrdə defolyasiya işləri yığıma 10-14 gün qalmış həyata keçirilməlidir. Defolyasiya aparıldıqdan sonra bir sutka (24 saat) ərzində yağış yağdığı halda sahədə təkrar defolyasiya işləri aparılmalıdır. Həmçinin, 8-10 gün ərzində yarpaqların tökülməsinin 75%-dən az olduğu hallarda da təkrar defolyasiya aparılmalıdır. Bu zaman defolyantların məsarif norması bitkilərin mövcud vəziyyətinə və havanın temperaturuna görə hər bir tarla üçün fərdi qaydada müəyyən edilməlidir.
Hazırda təsərrüfatlarda təsiredici maddəsi 119.75 qr/l Thidiazuron + 59.88 qr/l Diuron olan defoliantlardan istifadə olunur. Defoliantın hektara məsarif norması 0,6 litr, işçi məhlulun miqdarı isə 400 litr təşkil edir.
Defoliantı tətbiq etməzdən öncə ciləyicilərin sazlığı yoxlanılmalı, təmiz yuyulmalı və işçi məhlulun hektara məsarif normasına uyğun nizamlanmalıdır.
Defolyasiyadan fərqli oaraq desikasiya zamanı isə bitkinin gövdə və yarpaqlarının birlikdə tam quruması baş verir. Payız yağışlarının tez başlaması ilə əlaqədar inkişafca geri qalmış, çoxlu açılmamış qozaları olan pambıq sahələrində ikinci, bəzi hallarda isə birinci yığımdan sonra desikasiya (bitkilərin qurudulması) tədbirlərinin aparılması məsləhət görülür. Desikasiya zamanı da defoliantlardan istifadə oluna bilər. Lakin bu zaman preparatın məsarif norması artıq (təlimata uyğun) götürülməlidir.
Gec əkilmiş pambıq sahələrində qozaların açılmasını sürətləndirmək üçün təsiredici maddəsi 480 qr/l Ethephon olan tənzimləyici preparatlardan istifadə olunur. Bu prepartlar sahədə qozaların 25-30%-i açıldığı zaman tətbiq olunur.
Defolyasiya və desikasiya tədbirləri zamanı istifadə olunan preparatların yüksək toksikliyi nəzərə alınmalı və proses pestisidlərlə iş zamanı təhlükəsizlik qaydalarına əməl olunmaqla, ixtisaslı mütəxəssislərin nəzarəti altında həyata keçirilməlidir.
Aqrar Xidmətlər Agentliyinin bitki sağlamlığı
sektorunun baş məsləhətçisi b.e.ü.f.d. Şükür Əhmədov