Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır
İlham Əliyev 1997-ci iyulun 31-də Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2003-cü il oktyabrın 13-də keçirilmiş növbəti iclasında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirakçılara müraciət edərək deyib: “Mən sizin hamınızı bir daha təbrik edirəm. Bizim görüşlərimiz bundan sonra da davam edəcəkdir. Əgər oktyabrın 15-də Azərbaycan xalqı mənə etimad göstərərsə, yenə də idmandan ayrılmayacağam. Keçmişdə mənim bir neçə vəzifəm var idi - Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti... Hesab edirəm ki, əgər idmançılar tərəfindən razılıq olarsa, mən bundan sonra da bu vəzifəni saxlayacağam”.
Xalq İlham Əliyevə etimad göstərdi və onu Azərbaycan Respublikasının Prezidenti seçdi. 2003-cü il oktyabrın 15-dən Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin yeni dövrü başladı.
Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasından 32 il ötür. Bu müddət ərzində respublikamız ümumdünya olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevrilib, beynəlxalq miqyasda idman ölkəsi kimi tanınıb.
Azərbaycan müstəqil dövlət kimi Olimpiya hərakatına 1992-ci ildən qoşulub. Həmin il təsis edilən Azərbaycan Milli Olimpiya Komitəsi, 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edilib. 1996-cı ildə Atlantada keçirilən Olimpiya Olunlarına ilk dəfə qatılan Azərbaycan 23 idmançı ilə təmsil olunub bir gümüş medal qazanmışdı. Komitənin yarandığı ilk illərdə işlər ümumiyyətlə lazımi səviyyədə qurulmamışdı və qənaətbəxş sayıla bilməzdi. Ona görə də işdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə Heyətini təyin etdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Beləliklə də Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.Azərbaycanda idmanın və Olimpiya Hərəkatının intibah dövrü də bundan sonra başladı. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti kimi ilk olaraq dövlət idman strukturları və milli idman federasiyaları ilə əlaqələrin qurulması, federasiyaların işinin canlandırılması, birgə fəaliyyətin təşkili kimi məsələləri ön plana çəkdi.
Milli Olimpiya Komitəsinin prezidenti elə ilk gündən bir sıra islahatlara başladı. Eyni zamanda milli federasiyalarda köklü dəyişikliklər aparıldı, işə təcrübəli və peşəkar məşqçilər cəlb olundu. Milli Olimpiya Komitəsinin tabeliyində olan idman bazalarının əsaslı təmir edildi. İdmançıların məişət məsələlərinin qaydaya salınması, bütün kateqoriyadan olan idmançılara təqaüdlərin verilməsi, idmandan kənar düşmüş mütəxəssislərin geri qaytarılması, uşaq və yeniyetmələrin idmana cəlb olunması, yeni idman məktəblərinin açılması kimi məsələlər öz həllini tapdı.
Qısa müddətdə Azərbaycanda Olimpiya Hərəkatının və idmanın sürətli inkişafına nail olan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Hərəkatının inkişafındakı müstəsna xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən “Olimpiya Ordeni” ilə təltif olundu. Qərar Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2004-cü ilin fevralında Afinada keçirilmiş iclasında qəbul edildi. Bununla əlaqədar olaraq BOK prezidenti Jak Roqq 2004-cü il martın 4-də İlham Əliyevə təbrik məktubu göndərdi. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə “Olimpiya Ordeni”ni təqdim etmək üçün Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov 2004-cü il aprelin 18-də Azərbaycana rəsmi səfərə gəldi. Aprelin 19-da Bakıda həndbol üçün tikilmiş yeni idman kompleksinin açılış mərasimində “Olimpiya Ordeni” cənab İlham Əliyevə təqdim olundu.
Müstəqil respublikamızda idmana diqqət həmişə dövlət siyasətində prioritet olub. Vaxtilə ulu öndər Heydər Əliyevin idmanın inkişafı istiqamətində müəyyənləşdirdiyi vəzifələr bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyilə uğurla həyata keçirilir. O, Milli Olimpiya Komitəsinin prezidenti kimi bu sahəyə xüsusilə böyük əhəmiyyət verir. Məhz dövlətimizin liderinin göstərdiyi qayğı, habelə həyata keçirdiyi nəhəng layihələr sayəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kimi şöhrət qazanıb. İdmançılarımız ən mötəbər yarışlarda yüksək nailiyyətlər əldə edir. Dövlət başçısının Milli Olimpiya Komitəsinin 30 illik yubileyilə əlaqədar tədbirlərin keçirilməsinə dair imzaladığı sərəncamda deyilir ki, təşkilat ölkədə idmanın dinamik inkişafı, olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərib. Ötən illər ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək müasir standartlara cavab verən səviyyəyə çatdırılmasında, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olub.
Bu gün Azərbaycan idmanı yüksəliş dövrünü yaşayır. Paytaxtımızda ən müasir tələblərə cavab verən Olimpiya stadionu, Bakı İdman Sarayı, Milli Gimnastika Arenası, Tennis akademiyası, Su İdman Sarayı, İdman-Konsert Kompleksi, demək olar, bütün bölgələrimizdə olimpiya-idman kompleksləri fəaliyyət göstərir. Mingəçevirdə və Suqovuşanda avarçəkmə mərkəzləri, Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ” qış-yay kompleksləri isə ölkəmizdə həm olimpiya hərəkatının, həm də turizmin inkişafı üçün geniş üfüqlər açıb.
Respublikamız təkcə olimpiya uğurları ilə deyil, beynəlxalq idman tədbirlərinin nümunəvi təşkilatçısı kimi də tanınıb. Bakı Olimpiya stadionunda keçirilən ilk Avropa və 4-cü İslam Həmrəyliyi Oyunları, habelə qitə yeniyetmələrinin Avropa festivalı idman tarixinə ən parlaq səhifələr kimi yazıldı, Azərbaycanın idman ölkəsi kimi artan nüfuzunu bir daha artırdı.
Prezident İlham Əliyevlə yanaşı, Oyunların təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva da müvafiq yarışların uğurla keçirilməsində müstəsna xidmət göstərdi. Ölkəmiz bu yarışlarla dünya idmanına yeni standartlar təqdim etdi. İdmançılarımızın Avropa oyunlarını 56 medalla 2-ci, islamiadanı isə 162 mükafatla 1-ci yerdə başa vurması xalqımızın mübariz ruhunu, əzmkarlığını, bədən tərbiyəsi və idman ideallarına sadiqliyini nümayiş etdirdi.
Bakıda Formula-1 Azərbaycan Qran-prisi, habelə, gimnastika, cüdo, boks, güləş, şahmat, taekvondo, voleybol, futbol, atletika, karate və bir çox başqa növlər üzrə ən mötəbər yarışlar - dünya və Avropa çempionatları ölkəmizin olimpiya hərəkatına verdiyi misilsiz töhfələr kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi də Ümummilli Liderin ideyalarına sadiq qalan idmançılarımızda böyük əhval-ruhiyyə yaratdı və il çərçivəsində əzmkarlıq göstərib üçrəngli bayrağımızı beynəlxalq arenada dalğalandıraraq, Dövlət Himnimizi dəfələrlə səsləndiriblər. Belə ki, ötən ilin hələ birinci yarısında idmançılarımız bir sıra nəaliyyətlər əldə edərək 16 idman növündə beynəlxalq yarışlarda 35 qızıl, 28 gümüş və 49 –u bürünc olmaqla 112 medal qazanıblar. İl çərçivəsində respublikamızda silsilə idman tədbirlərini davam etdirərək qələbələrin və medalların sayını daha da artırıblar.
Bu gün fəxarətlə deyə bilərik ki, müstəqillik dövründə böyük tərəqqi yolu keçən respublikamız sosial həyatın ayrı-ayrı sahələrində uğurlar qazanıb. İdmançılarımızın nailiyyətləri də fərəh hissi doğurur. İqtisadiyyatımızın ildən-ilə güclənməsi bu sahəni inkişaf etdirmək, uşaq və yeniyetmələri idmana cəlb etmək, saglam nəsil formalaşdırmaq üçün geniş imkanlar yaradır. İnanırıq ki, bundan sonra da uğurlarımız bol olacaq.
Tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanılıb və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış artıq tarixə düşdü.
Onu da deyək ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib və bərpa-quruculuq işləri onun əsasında aparılacaq, idman obyektləri yaradıacaq. Məsələn, Ağdamın məşhur "İmarət" stadionu yeni layihə əsasında yenidən qurulacaq, eyni zamanda, böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub.
Bu gün Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı, hər bir vətəndaş, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İndi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər. Təbii ki, bütün bunlar 27 il ərzində MOK-a rəhbərlik edən Prezident İlham Əliyevin yüksək təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələridir. Hazırda Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançımız 15 idman növü üzrə 17 proqramda mübarizəyə qatılıb. Qürurverici haldır ki, artıq ilk qələbə sevincini Azərbaycan xalqına cüdoçumuz Hidayət Heydərov yaşadıb. O, fransalı rəqibinə qalib gələrək qızıl medal qazanıb. İnanırıq ki, bu qələbə davmlı olacaq, üçrəngli bayrağımız dəfələrlə dalğalanacaq…
Nurəngiz Adilqızı.