Formula 1 yarışları ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında mühüm vasitədir
Ölkəmiz növbəti yarışa ev sahiblii edir. Dünəndən Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının Azərbaycan Qran-Prisinə start verilib. Avropa Qran-Prisi adlandırılan ilk yarış Azərbaycanda 2016-cı ildə təşkil olunub və Bakı mərhələsi dünyada böyük maraq doğurub. Belə yarışların keçirilməsi, onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Qeyd edək ki, Formula 1 yarışının dünyada populyarlığı kifayət qədər yüksəkdir. Çox haqlı olaraq Formula 1 yarışı Olimpiya Oyunları, futbol üzrə dünya çempionatı ilə müqayisə edilir.
Prezident İlham Əliyev Formula 1 yarışının əhəmiyyətinə toxunaraq demişdir: ”Formula 1 yarışına gəldikdə, deyə bilərəm ki, bu yarışın ölkəmiz üçün çox böyük faydası var. Birincisi, Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. ...Formula 1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var”.
Azərbaycanda mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz ölkəmizin inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Birinci Avropa Oyunlarından sonra Formula 1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Ölkəmizin mühüm əhəmiyətli idaman oyunlarına ev sahibliyi etməsi dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.
Azərbaycana beynəlxalq idman yarışlarının keçirilməsinin həvalə edilməsi ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Respublikadakı möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Belə mötəbər yarışları ancaq Azərbaycan kimi güclü potensiala malik ölkə təşkil edə və yüksək səviyyədə keçirə bilər. Beynəlxalq ictimaiyyətin inamı həm də o amildən qaynaqlanır ki, son illərdə Azərbaycan özünü bütün dünyaya idman ölkəsi kimi tanıdır. Azərbaycan idmançıları beynəlxalq səviyyəli yarışlarda və olimpiadalarda uğurlarını ilbəil artırırlar.
Sözsüz ki, Formula 1 yarışlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə tanıdılması üçün mühüm vasitədir. Bu idman yarışı ölkəmizdə turizmin inkişafı üçün yeni imkanlar pəncərəsi açır. Siyasi çəkisi isə xüsusilə böyükdür və bütün dünya Azərbaycanın dinamik inkişafına şahidlik edir. Bütövlükdə Azərbaycanın bu cür nəhəng idman yarışına ev sahibliyi etməsi və onun ölkəmizdə keçirilməsinə nail olması həm də yüksək inkişafın ifadəsidir.
Formula 1 yarışları dünyanın ən prestijli və populyar avtoidman növlərindən biridir. Dünyada maraqla izlənən yarışların ölkəmizdə keçirilməsi qürurverici hadisədir və ölkəmizin tanınmasında mühüm rol oynayır. Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Qeyd edək ki, Formula 1 birnəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Bu yarışlar 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Qeyri-rəsmi olaraq Formula 1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılır. Yarışlar Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur və il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Dünyada Formula1 ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir. Çox böyük auditoriyaya malik bu yarışları dünyanın bütün qitələrində təxminən 500 milyon tamaşaçı izləyir. Həmçinin, Formula 1 təqvimində yer alan Bakı Şəhər Halqası gözlənilməz nəticələri və yüksək sürəti ilə seçilir. Azərbaycan Qran-Prisi təşkilatçılığa görə ən yaxşılar sırasındadır. Tamaşaçıların daim belə maraqlı yarışlara şahid olmasının səbəblərindən biri də Bakı Şəhər Halqasının quruluşudur.
Mütəxəssislər Xəzər dənizi sahilində yerləşən Bakını Formula 1 yarışlarına ev sahibliyi etmək üçün mükəmməl yer hesab edir. Hər il olduğu kimi, bu il də yarışa hazırlıqlar yüksək səviyyədə davam edir. Bu yarışlar Azərbaycanı dünya mediasının diqqət mərkəzində saxlayır. Belə ki dünyanın aparıcı idman kanallarında, informasiya portallarında Bakıda keçiriləcək beynəlxalq idman yarışları haqqında bir sıra reportajlar və məqalələr yayımlanır. Bu da dünya mətbuatında dövlətimizi təmsil etməkdir.
Sözügedən idman yarışının Bakıda keçirilməsindən sonra tədbirə maraq ölkəmizdə də yetərincə artıb. Yarışı izləmək üçün hər il 10 minlərlə Formula 1 azarkeşi paytaxt Bakıya üz tutur. Formula 1 Azərbaycanın istər idman, istər sosial, istərsə də siyasi nüfuzuna, beynəlxalq aləmdəki prestijinə müsbət töhfələr verməkdədir. Yarışı izləmək üçün Bakıya üz tutan xarici vətəndaşlar paytaxtın müxtəlif tarixi, əyləncəli və maraqlı məkanlarını gəzmək fürsətini də əldə edirlər. Bu isə özlüyündə yarışın keçirilməsinin həm də turistik baxımdan əhəmiyyətini ehtiva edir. Bakının Formula 1 kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir.
Formula 1 yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır.
Lider-media.az