Abadlıq-quruculuq işləri xoş əhval-ruhiyyə yaradır
Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən biri olaraq daim diqqət mərkəzindədir. Ətraf qəsəbələrdə həyata keçirilən abadlıq-quruculuq işləri, yeni çəkilən yollar, inşa edilən müasir tipli məktəblər, idman və səhiyyə obyektləri qəsəbələrimizin görünüşünü əsaslı şəkildə dəyişdirmişdir. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin Bakıətrafı qəsəbələrin davamlı inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Prezident İlham Əliyevin 27 fevral 2006-cı il tarixli Sərəncamı ilə "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı", 4 may 2011-ci il tarixli Sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı", 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı" təsdiq edilmişdir. Görülmüş işlərin davam etdirilməsi və ilk növbədə şəhərətrafı qəsəbələrin sakinlərinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədilə dövlət başçısının 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" həyata vəsiqə almışdır. Bu proqramlar Bakı şəhəri və onun qəsəbələrinin inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması sahəsində mühüm rol oynamış, sürətli inkişafa böyük təkan vermişdir. Prezident İlham Əliyevin sədrliyi ilə 2011-ci il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilərək sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar verilmişdi. Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev 2011-ci il aprelin 1-də Nizami rayonunun Keşlə qəsəbəsində olmuşdur. Keşlədə sakinlərnən görüşü zamanı Prezident İlham Əliyev demişdir: “ Əgər hər bir qəsəbənin məsələləri həll olunarsa, onda ölkədə problem qalmaz. Biz iqtisadi və sosial problemləri mütləq həll edəcəyik. Sosial ədalətlə bağlı məsələlərdə hər bir dövlət məmuru vicdanlı olmalıdır, yenə də deyirəm, insanlara qulluq etməlidir. Dövlət məmurunun vəzifəsi ondan ibarətdir. Xalq da nəzarət etməlidir. ...Mən Keşlə qəsəbəsinin də gələcək inkişafını çox gözəl görürəm. Burada, bütövlükdə rayonda işlər yaxşı gedir. ”
30 ilə yaxındır ki, paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yaşayıram. Hər il neçə-neçə yeniliyin şahidi olmuşam. Rayonun yeganə qəsəbəsi olduğundan RİH başçısı tərəfindən daim diqqətdə saxlanılmışdır. Qədim yaşayış massivlərindən biri olan Keşlə rəsmi olaraq 1936-cı ildə yaranmışdır. 1939-cu ildən əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir.
Qəsəbədə mövcud problemlərə rayon rəhbərliyi dərhal reaksiya verir və tez bir zamanda həllini tapır. Elə mütəmadi keçirilən görüşlər də problemlərin həllində, arzu-sakinlərin istəklərinin reallaşmasında mühüm rol oynayır.Qəsəbə sakinləri Şah Abbas məscidinin uzun müddət təmirsiz qalması və minarənin olmaması ilə bağlı Prezident cənab İlham Əliyevə müraciəti müsbət qarşılanmışdır. Müraciətlə əlaqədar dövlət başçısının tapşırığına əsasən qısa müddət ərzində məscidin əsaslı təmiri və bərpası, yeni minarənin tikintisi layihəyə uyğun olaraq Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müayinəsi aparılaraq, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilmişdir.
Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldırılması məqsədilə ineksiya işləri aparılıb. Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilib, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları bərpa olunub və yenilənib. Tikinti zamanı istifadə olunmuş daxili üzlük daşları bərpa olunaraq tarixi görünüşünə qaytarılıb. Günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəzlənib, binanın memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minarə inşa edilib.
Eyni zamanda, məscidinin ətraf ərazilərində, Kamran Əfkari və Məşədi Hilal Kazımov küçələrində abadlıq-quruculuq və təmir işləri aparılıb, küçələr boyunca səkilər, hasarlar, iaşə və xidmət obyektlərinin və yaşayış evlərinin fasadları, bəzi evlərin yararsız dam örtükləri yenilənib, yaxın məhəllələrə asfalt örtüyü vurulub, kommunikasiya xətləri təmir təmir edilib, küçə işıqları sistemi yenidən qurulub, yaşıllıqlar salınıb, çoxlu sayda yeni ağaclar, bəzək kolu və güllər əkilib.
Həmçinin, Keşlə Şəhidlər xiyabanında təmir işləri görülüb, yeni Bulaq Kompleksi inşa edilərək istirahət guşəsi yaradılıb. İşlər rayon icra hakimiyyəti tərəfindən həyata keçirilib.
Rayonda həyata keçirilən tədbirlər çərçivəsində növbəti dəfə Keşlə qəsəbəsi Yenikənd küçəsində yerləşən parkda aparılan əsaslı təmir işləri yekunlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün parkda hər bir şərait yaradılıb, azyaşlıların əylənməsinə müxtəlif növ uşaq oyun elementlərindən ibarət 2 geniş, yeniyetmə və gənclərə isə idman qurğusu və turnik trenajorları kompleksinin quraşdırıldığı idman meydançası düzəldilib. Sözsüz ki, yaz-yay aylarında park sakinlərin sevimli yerinə çevriləcək.
Bu gün qəsəbə ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri xoş əhval-ruhiyyə yaradır, sakinlərin böyük razılığı ilə qarşılanır, göstərilən diqqətə və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə, hər bir rayonun, qəsəbənin, bölgənin, həmçinin, insanların gündəlik həyatında özünü büruzə verir. İqtisadiyyatın güzgüsü isə dövlət büdəcsidir. Dövlət büdcəmizin ildən-ilə artması sosial-iqtisadi islahatların uğurlu icrasından xəbər verir.
M.Cəfərov.
Keşlə qəsəbə sakini