DÜNYA QADINLARINA ÖRNƏK...
Bu gün ömrünü xalqının tərəqqisinə və sosial rifahının yüksəlməsinə həsr edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 60 illik yubileyi qeyd olunur. Bu münasibətlə saytımıza çoxsaylı təbriklər və görkəmli dövlət xadiminin həyat və fəaliyyətindən bəhs edən məqalələr daxil olmuşdur. Həmin yazılardan birini oxucularımıza təqdim edirik.
Əsrlər boyu Azərbaycan qadını dərin zəkası və müdrikliyi, zərifliyi və sadəliyi, eyni zamanda dözümlülüyü, mübarizliyi və dönməzliyi ilə seçilmişdir. Tarixən ağır sınaqlardan çıxmış ulu nənələrimiz və analarımız yaşadıqları müxtəlif dövrlərin qaranlıq mühit və sıxıntılarına baxmayaraq, milli və dini adət və ənənələrimizi yaşatmış, nəsildən nəslə ötürmüşlər. Öz qadın mənliyini və ləyaqətini, ailəsinin, mənsub olduğu şəcərənin ismətini və nüfuzunu hər şeydən üstün tutaraq, ən çətin anlarda əzab və əziyyətlərə dözmüş, lakin tutduğu ədalətli mövqedən və saf əqidəsindən dönməmişlər.
Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının 1998-ci ildə keçirilən birinci qurultayında çıxışı zamanı demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir.”
Azərbaycanın hökmdar qadınları sırasında yer alan Bərdə hökmdarı Nüşabə öz dərin ağlı və müdrik siyasəti ilə “hər kəs üçün sonu puç olan dünyada ömrünü insanların qanını tökməyə sərf etmək mənasız bir həyatdır” ifadəsini izhar etməklə dünya tarixinin ən güclü sərkərdələrindən olan Makedoniyalı İskəndəri qədim Bərdə şəhərini işğal etmək fikrindən döndərməyə nail olmuşdur.
Vətənə, doğulduğu torpağa bağlı, mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri olan Xan qızı Xurşidbanu Natavan da parlaq istedada və qabaqçıl ideallara malik olan xanımlardan olub. Fransız ziyalısı Aleksandr Dümanı şahmat taxtında mat qoyması isə yaddaşlara əbədi həkk olub.
Məzlum kütlənin maddi güzəranı və azadlığı uğrunda Qaçaq Nəbi ilə çiyin-çiyinə at belində mübarizə aparan Həcərin igidliyi və qəhrəmanlığı barədə dastanlar, mahnılar dillər əzbəridir.
İkinci dünya müharibəsinin iştirakçıları Şərqdə ilk qadın təyyarəçi Leyla Məmmədbəyova, Qırıcı aviasiya polkunun komandir müavini Züleyxa Seyidməmmədova, Gəmi kapitanı Şövkət Səlimova azərbaycan qadınlarının qürur yeri və fəxridirlər.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti, dərin biliyi və intellekti, yüksək mədəniyyəti, humanizmi, tolerantlığı ilə təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda Azərbaycan qadınının nüfuzunu daha yüksəklərə qaldırır. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu amala xidmət edən genişmiqyaslı layihələrin təşkili və reallaşmasını, Ulu Öndərin ideyalarının daha dərindən və hərtərəfli öyrənilməsini, onun qurduğu milli dövlətçilik və Azərbaycançılıq məfkurəsinin geniş təbliğini təmin edir.
Dünya miqyaslı ictimai-siyasi xadim, xalqına, dövlətinə, doğma məmləkətinin milli-mədəni dəyərlərinə qırılmaz tellərlə bağlı, sadəliyi və təvazökarlığı ilə onu tanıyan bütün insanların hörmətini və sevgisini qazanmış, yüksək mədəniyyətə, milli-mənəvi, əxlaqi dəyərlərə sadiqliyi, eyni zamanda müasirliyi və özünəməxsus ləyaqəti ilə dünya qadınlarına nümunə ola bilən Birinci Xanım Mehriban Əliyeva haqqında danışmaq, fikir söyləmək hər kəsdən böyük məsuliyyət tələb edir. Bu məsuliyyəti dərk edərək, nəcib və fədakar xanımın ictimai-siyasi fəaliyyəti barədə müşahidələrimə əsasən düşüncələrimi bölüşmək istərdim.
Torpaqlarımızın işğal altında olduğu və öz doğma ata-baba yurdlarından qaçqın düşmüş yüz minlərlə həmvətənlərimizin yaşayış şəraiti ilə hələ də tam təmin olunmadığı illərdə müstəqil dövlətçiliyimizin hərtərəfli möhkəmlənməsinə, torpaqlarımızın bütövlüyünün təmin olunmasına, xalqımızın həyat şəraitinin yaxşılaşmasına hesablanan Ümummilli Lider Heydər Əliyev ideyalarından irəli gələn mühüm vəzifələrin yerinə yetirilməsi böyük layihələrin həyata keçirilməsinə zərurət yaradırdı.
2004-cü ildən Fondun rəhbəri olaraq, Mehriban xanım öz həyat və fəaliyyətində Heydər Əliyev ideyalarına sadiq olmaqla, milli-mənəvi dəyərlərimizi hər şeydən üstün tutaraq Ulu Öndərin yolunu ləyaqətlə davam etdirir və bu ideyaların yeni nəslə təbliğ edilməsi istiqamətində mümkün olan bütün vasitələrindən istifadə edir. Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. O, Azərbaycanın mədəniyyətini, multikultural dəyərlərini, tolerantlığını əməli fəaliyyəti ilə təbliğ edir.
Fondun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti dövründə bilavasitə onun təşəbbüsü və diqqəti sayəsində ölkəmizdə əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönələn çoxşaxəli islahatlar çərçivəsində məktəblərin, uşaq evlərinin, idman mərkəzlərinin, parkların, xəstəxanaların, mədəni-maarif müəssisələrinin, tibbi-səhiyyə ocaqlarının, dini məbədlərin, istirahət zonalarının açılması və təmiri, qədim memarlıq nümunələrinin əsaslı bərpası və s. görülən çoxsaylı işlər davamlı xarakter daşıyır. Fondun fəaliyyət proqramında nəzərdə tutulan milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində işlər görülür.
İşğal altında olan torpaqlarımızın azad olunması kimi müqəddəs və ali bir vəzifənin yerinə yetirilməsi məqsədilə hərbi gücümüzün möhkəmləndirilməsi istiqamətində Ali Baş Komandanın illərlə gördüyü tədbirlər, hazırlıq işləri, göstərdiyi səylər öz müsbət nəticələrini verdi. Vətən müharibəsinin başladığı ilk günlərdən, artıq səbri tükənmiş Ali Baş Komandan yenilməz şücaət və cəsarət göstərərək cəbhə zonasının qaynar nöqtələrinə yaxın ərazilərdə düşmənə qarşı döyüşləri istiqamətləndirmək və nizamlamaq vəzifəsini öz üzərinə götürmüşdü. Müasir hərb sənətinin müstəsna incəliklərini bütün dünyaya nümayiş etdirən Azərbaycan ordusunun müdafiə və hücum taktikası Vətən müharibəsinin başladığı ilk anlardan özünü göstərdi. Yüksək əzmkarlıq hissi ilə xain düşməni torpaqlarımızdan qovub çıxarmaq barədə Ali Baş Komandanın əmrini gözləyən şanlı ordumuz yenilməz igidlik və qəhrəmanlıqlar göstərərək düşməni qovaraq torpaqlarımızdan çıxardı, hərbi komandanlığına diz çökdürərək kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Düşmən üzərində 44 günlük tarixi qələbədən sonra erməni separatçıları ayrı-ayrı xarici qüvvələrin təhriki ilə və öz şəxsi maraqları naminə kapitulyasiya aktının şərtlərinə riayət etməyərək Azərbaycana qarşı yenidən təxribatlar törətməyə, böhtanlar yaymağa, müharibəyə hazırlıq istiqamətində tədbirlər görməyə başlamışdılar. Ermənistandan müxtəlif yollarla Qarabağın ərazisinə daxil olan terror qruplaşmaları, silah dolu maşınların nəzarətdən kənar yollarla İrəvandan Xankəndinə və ətraf məntəqələrə irəliləməsi hər bir azərbaycanlının daxilində gərginlik və həyəcanlı anlar yaşatmaya bilməzdi. Sülhməramlı qüvvələr erməni hərbiçilərinin və qanunsuz yaradılmış qrupların silahlanmasını təşkil edən, onları maliyyələşdirən və müharibəyə təhrik edən separatçı qüvvələrin fəaliyyətinə göz yumurdular və susurdular. Şuşaya, Laçına, Ağdama və Qarabağımızın digər bölgələrinə mütəmadi səfərlər edən, torpaqlarımızın bütövlüyünün təminatçısı və bundan sonra da qarantı olan Ali Baş Komandanın təhlükəsizliyi narahatlıq doğururdu. Şübhə yox ki, idarəolunmaz və qarışıqlıq hökm sürən şəraitdə xarici kəşfiyyat, eləcə də, təxribat və terror qruplarının fəaliyyəti üçün münbit şərait mövcud olur. Məhz belə bir şəraitdə Ali Baş Komandanın Qarabağ və ətraf ərazilərə fasiləsiz səfərlər etməsi, işğaldan azad olunmuş şəhərlərimizdə, kəndlərimizdə şəxsən özünün fəxarətlə Azərbaycan Bayrağını ucaltması, dağıdılmış məscidlərə, qədim alban kilsələrinin qalıqlarına baxışlar keçirilməsi, yeni-yeni müəssisələrin, hava limanı, nəqliyyat, məktəb, təhsil, səhiyyə və s. infrastruktur obyektlərin təməllərinin qoyulması anlarında təhlükəsizliyin tam mövcudluğuna təminat olsa belə, bu anlar hər bir azərbaycanlının qəlbində sevincli duyğularla yanaşı, narahatlıqlar da yaşadırdı.
Nəhayət, gözlənilməz ildırımsürətli antiterror tədbirləri nəticəsində düşmənin terrorçu qüvvələri, silah anbarları darmadağın edildi və cinayətin təşkilatçıları həbs olunaraq istintaq orqanlarımıza təhvil verildi.
Bütün bu mürəkkəb və fövqəladə şəraitlərdə Ali Baş Komandana yenilməz güc, mənəvi ruh, dəstək verən yeganə insan, səfərlərdə onu müşaiyət edən ən yaxın dostu, silahdaşı və sirdaşı, ömür-gün yoldaşı, xalqımızın sevimlisi Mehriban xanım oldu.
Dünyada böyük nüfuza malik Ümummilli Lider Heydər Əliyev onun uğurlarının əsasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında güclü qadınlar dayanır. O, qeyd edirdi ki, gənc yaşlarından həyatı dövlət işi ilə bağlı olubdur: “Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, çox böyük məharətlə yerinə yetirib”.
Ulu öndərin ailə həyatı, onun ömür-gün yoldaşı ilə bir-birinə, eləcə də övladlarına olan münasibətlərinin hər zaman örnək kimi qəbul edilməsi azərbaycan ailəsinin mükəmməl və möhkəm dayaqlar üzərində qurulmasına öz töhfəsini verir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva ali dövlət hakimiyyəti orqanlarında, eləcə də mötəbər beynəlxalq təşkilatlarda həyata keçirdiyi çoxşaxəli fəaliyyəti ilə yanaşı, sədaqətli həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə olaraq mənsub olduğu ailələrin irsini və ənənələrini yüksək fədakarlıqla davam etdirir və gələcək nəsillərə örnək olaraq təlqin edir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin xalqımıza arxalanaraq həyata keçirdiyi uğurlu siyasətin və nail olduğu yenilməz qələbələrin əldə olunmasında Birinci vitse-prezident, ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətləri və dəstəyi danılmazdır.
Bu gün ölkəmizin iqtisadi potensialının artması, Heydər Əliyev Fondunun da fəaliyyət istiqamətlərini genişləndirir. Şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə, ağır xəstəliyə düçar olan şəxslərin müalicəsinə, aztəminatlı ailələrə maddi, tibbi yardımlar göstərilməsi, bu kateqoriyadan olan şəxslərin, yaxud ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönələn çoxsaylı işlər Mehriban xanımın fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Ümumdünya mədəniyyət və memarlıq abidələrinin qorunub saxlanması və bərpasına, fövqəladə hadisələr nəticəsində maddi ziyan dəymiş dost və qardaş ölkələrə yardımlar ayrılması da Mehriban xanımın diqqətindən yayınmır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev haqsızlığa, xalqımızın düşmənlərinə qarşı dərin diplomatiyası və Dəmir Yumruğu ilə mübarizə aparırsa, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, ISESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın fəaliyyət istiqamətlərini isə humanizm, mərhəmətlilik, xeyirxahlıq, multikulturalizm, tolerantlıq kimi mənəvi dəyərlərə və prinsiplərə əsaslanan layihələrin həyata keçirilməsi təşkil edir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilir.
Fidan Əlixanova.