lider-media.az

MONEYVAL-ın hesabatı Azərbaycanın müvafiq sahədə gördüyü işlərə beynəlxalq səviyyədə verilən yüksək qiymətdir

Tarix: 15-02-2024, 19:02


Bir neçə gün əvvəl Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə qiymətləndirmə nəticələrinə görə hesabatı açıqlandı. MONEYVAL-ın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən müəyyən edilmiş standartalara əsasən hazırlanan Azərbaycan üzrə 5-ci raund qiymətləndirmə hesabatında ölkəmiz bir sıra nailiyyətlərə imza atıb ki, bu da dövlətimizin müvafiq sahədə həyata keçirdiyi işlərin beynəlxalq səviyyədə də təqdir olunduğunu göstərir.

Belə ki, MONEYVAL Azərbaycan üzrə 2014-cü ildə keçirilmiş 4-cü raund qiymətləndirmə prosesindən sonra ölkəmizin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üçün hüquqi və institusional bazanı gücləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirdiyini və effektiv mübarizə sistemi tətbiq etdiyini vurğulayıb.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycanın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyəti effektiv qiymətləndirilib və ölkəmizin dövlət qurumları terrorçuluğun maliyyələşdirilməsi cinayətlərini uğurla araşdırıb. İstinad dövründə yeddi nəfər məhkum edilib.

Diqqətə çatdırılıb ki, ölkəmiz beynəlxalq əməkdaşlıqda əhəmiyyətli dərəcədə effektivliyə nail olub. Həmçinin digər ölkələrin maliyyə monitorinqi orqanlarına effektiv yardım və operativ məlumat mübadiləsi üçün dövlət orqanlarının imkanları yüksək qiymətləndirilib.

Hesabatda Azərbaycanda hüquq-mühafizə orqanlarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə istifadə edilən maliyyə kəşfiyyatı məlumatlarına çıxışının olması da müsbət qiymət alıb.

Habelə qeyd edilib ki, ölkəmizdə terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi üçün hədəfli maliyyə sanksiyalarının təxirə salınmadan həyata keçirilməsi üçün sağlam hüquqi baza mövcuddur.

Qeyri-kommersiya təşkilatlarının terrorçuluğun maliyyələşdirilməsi riskləri üzrə qiymətləndirilməsinin aparılması MONEYVAL tərəfindən müsbət dəyərləndirilib.

Hesabatda vurğulanır ki, Azərbaycan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərini düzgün anlayır.

Maliyyə institutlarının qərar qəbuletmə prosesinə təsir edə biləcək şəxslər üzərində qanuni nəzarət tədbirləri mövcuddur.

Beşinci raund qarşılıqlı qiymətləndirmə hesabatına Azərbaycanla bağlı bir sıra tövsiyələr də əksini tapıb. Bunlar hüquq-mühafizə və sanksiya səlahiyyətlərinin, qurumlararası əməkdaşlığın, maliyyə araşdırmalarının, risklərin azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi kimi məsələləri əhatə edib.

Bu qiymətləndirmənin sonrakı prosedurlarına uyğun olaraq, Azərbaycan Respublikası görülmüş işlər barədə MONEYVAL-a hesabat verəcək.

Eyni zamanda, Azərbaycan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə mübarizə sahəsində düzgün əlaqələndirmə və aparılan islahatlar nəticəsində bu prosesdən uğurla keçərək beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab verən ölkələr sırasında yer alıb.

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən əlaqələndirilmiş və təşkil edilmiş bu qiymətləndirmə prosesində 10 dövlət qurumunun, eləcə də özəl sektorun bu sahədə 2015-2023-cü illəri əhatə edən fəaliyyəti nəzərdən keçirilib.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan dünyada işğaldan, terrorizmdən ən çox əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın Ermənistan tərəfindən 30 il davam edən işğalı nəticəsində Qarabağ və Şərqi Zəngəzurda çox sayda mina basdırılıb. Eyni zamanda, həmin ərazi nəzarətsiz qalan terror yuvasına çevrilmişdi. 2020-ci il Vətən müharibəsindən və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra həmin ərazilərdə terrorçuluğun kökü kəsilib, “boz zona” aradan qaldırılıb. Həmçinin separatçıların vaxtilə nəzarət etdikləri ərazilərdə xarici ölkə vətəndaşları tərəfindən terrorçuluğun maliyyələşdirilməsi üçün qeyri-leqal vəsaitlərin göndərilməsinin, təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısını alıb.

Buna baxmayaraq, Ermənistanın mina terroru hələ də can almaqda davam edir. Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüququn normalarının ciddi şəkildə pozulması ilə yanaşı, həm də insanlıq əleyhinə cinayətdir.

Uzun illər bu cür cinayətlərlə, mina terroru ilə üzləşmiş Azərbaycanın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək effektivliyə nail olması təqdirəlayiq hal olmaqla yanaşı, həm də dövlətimiz tərəfindən bu istiqamətdə aparılan fəaliyyətə verilən qiymətdir.

Həmçinin Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə aparan ölkələrdən biridir. Azərbaycan hərbçiləri beynəlxalq koalisiyaların tərkibində müxtəlif ölkələrdə sülhməramlı missiyalarda iştirak edib, həmin bölgələrdə yerli hökumətin terrorla mübarizəsində dəstək veriblər.

Bundan əlavə, 2023-cü ildə ölkəmizdə Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı təsdiqlənib. 2023-2025-ci illəri əhatə edən bu Milli Fəaliyyət Planı ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndirilməsinə, bu sahədə müxtəlif iştirakçılar – məhkəmə və cinayət təqibi orqanları, nəzarət orqanları, digər səlahiyyətli qurumlar, habelə özəl sektor arasında əməkdaşlıq imkanlarının artırılmasına və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılmasına istiqamətlənən tədbirlərin sistemli və əlaqəli şəkildə həyata keçirilməsinə əlverişli şərait yaradır. Planın əsas məqsədi ölkəmizdə cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması və yeni keyfiyyət meyarları əsasında davam etdirilməsidir.

Milli Fəaliyyət Planı aidiyyəti dövlət qurumları, nəzarət orqanları və özəl sektor tərəfindən risklərin başa düşülməsi, azaldılması və ya qarşısının alınması məqsədilə səmərəli tədbirlərin həyata keçirilməsinə, habelə qanunvericiliyin tətbiqi ilə bağlı fəaliyyətlərinin effektiv əlaqələndirilməsinə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi mexanizminin daha təkmil əsaslar üzərində formalaşdırılmasına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və nəhayət, müvafiq sahədə institusional potensialın gücləndirilməsinə xidmət edir.

MONEYVAL-ın hesabatı göstərir ki, mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində nail olunmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində son illər qətiyyətlə aparılan mübarizə Azərbaycana beynəlxalq aləmdə sərmayələr və turizm üçün cəlbedici ölkə, təhlükəsizlik və sabitlik adası, həmçinin etibarlı tərəfdaş imici qazandırıb.

Qeyd edək ki, MONEYVAL Avropa Şurasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə mübarizə orqanıdır. 1997-ci ildə yaradılmış MONEYVAL-ın əsas məqsədi üzv dövlətlərin cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə effektiv sistemlər hazırlamasını təmin etməkdən ibarətdir. Qurum bu istiqamətdə qiymətləndirmə hesabatları hazırlayır. Azərbaycan 2002-ci ildən MONEYVAL-da təmsil olunub.

Ölkələr üçün yüksək məsuliyyətli proses olan MONEYVAL 5-ci raund qiymətləndirilməsi çərçivəsində 2023-cü ildə bir sıra ölkələr beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab vermədiyi üçün FATF-ın xüsusi monitorinqi rejiminə cəlb edilib və bir il ərzində nöqsanları qaldıra bilmədikləri üçün problemli ölkələrin “boz siyahı”sına daxil edilib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi