lider-media.az

İran-İsrail gərginliyi artır – Azərbaycan hansı addımı atacaq? TƏHLİL

Tarix: 6-08-2024, 16:16

 

"İranla İsrail arasında gərginlik getdikcə artır. Tərəflər müharibə ərəfəsindədirlər. İran Hərbi Hava Qüvvələri zərbə aviasiyasını, İsrail tərəfi isə hava hücumundan müdafiə sistemlərini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib".

Bunu Lider-media.az-a danışan politoloq Turan Rzayev deyib. 

O, əlavə edib ki, İran-İsrail gərginliyinin artan templə davam etdiyi bir zamanda region ölkələri məsələyə mövqelərini bildirirlər. Belə ki, Misir bu gərginlik fonunda tərəfsiz olduğunu açıqlayıb, həm Tehrana, həm də Təl-Əvivə xəbərdarlıq edib. Mümkündür ki, bənzər yanaşmanı Səudiyyə Ərəbistanı və İordaniya da açıqlayacaq. İndiki məqamda əsas sual budur: Azərbaycanın mövqeyi necə olacaq?

"Rəsmi Bakı ehtimal İran-İsrail müharibəsi və ya toqquşması halında bitərəf qalacaq. Hava və quru sərhədini hər iki ölkəyə bağlaması da istisna deyil.

İsrail Azərbaycanın strateji, hərbi-iqtisadi tərəfdaşıdır. İki ölkə arasında yüksək səviyyədə əlaqələr var. Amma bu əlaqələr təmənnasız deyil, tərəflərin qarşılıqlı maraqları çərçivəsindədir. Azərbaycanın İsrail-İran gərginliyində tərəfsiz qalması İsrailin də maraqlarına uyğundur. Rəsmi Təl-Əviv Cənubi Qafqazdakı tərəfdaşının İranla gərginlik içərisində olmasını istəmir. Çünki güclü bir Azərbaycan onsuz da İran üçün regionda kifayət qədər ciddi problemdir", - deyə politoloq əlavə edib.

Turan Rzayev bildirib ki, İrana gəldikdə isə Tehran ənənəvi olaraq Bakının Təl-Əvivə dəstək verəcəyini düşünəcək. Hətta bu məqsədlə sərhədə əlavə qüvvələr də cəmləyə bilər. Lakin bunu tədbir üçün edəcək. Yəni o da yaxşı bilir ki, Bakı Tehrana qarşı hər hansı neqativ addım atmaz. 

Politoloqun fikrincə, Azərbaycan münaqişələrin dinc və beynəlxalq hüquq çərçivəsində həllindən yanadır. Rəsmi Bakı indiki məqamda tərəfləri uzlaşdırmaq, gərginliyi azaltmaq üçün vasitəçilik missiyasını təqdim edə bilər. Bunun xaricində hər hansı bir tərəfdə dayanması mümkün deyil.

  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi