30 il işğal altında qalmış torpaqlarını düşməndən geri almaqla ərazi bütövlüyünü tam təmin edən, tarix boyu münaqişələr meydanı olan Cənubi Qafqazın lider dövlətinə çevrilən müstəqil Azərbaycanı bu gün bütün dünya daha yaxından tanıyır, gücünə, qüdrətinə bələd olur. Uzun illər ermənipərəst Qərb dövlətlərinin əlbir olub ölkəmizin əleyhinə siyasət yürütməsi səbəbindən Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırılmamış, işğala məruz qalan dövlətimiz haqqında dünya mediasında mütəmadi olaraq qərəzli, böhtan, yalan dolu məlumatlar yayılmışdı. İşğalçı Ermənistana dəstək verənlərin, onun arxasında dayananların sayəsində xalqımız ərazilərinin 20 faizdən çox hissəsini, minlərlə vətəndaşını itirmiş, mərhumiyyətlərə düçar olmuşdur. Erməni havadarlarının planı əsasında yaradılan Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi illər müasir tariximizə milli faciələrlə xarakterizə olunan, mürəkkəb, ziddiyətli dövr kimi daxil olub. Bu dövr həm də dövlətimizin sütunlarının möhkəmləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi, beynəlxalq əlaqələrin şaxələndirilməsi illəri kimi tarixə yazılıb. Belə ki, işğala, güc dövlətləri tərəfindən təzyiqlərə, ikili standartlara səbir, dözüm nümayiş etdirən müstəqil Azərbaycan ötən 30 il ərzində gələcək inkişaf strategiyasını, ərazi bütövlüyü və suverenliyinə aparan yolu müəyyənləşdirmiş, bügünkü qalibiyyətinə möhkəm, sarsılmaz zəmin yaratmışdır.
İllər boyu atılmış düzgün addımlar, düşünülmüş, məqsədyönlü siyasət, taktiki gedişlər öz möhtəşəm bəhrəsini verdi, ərazilərimiz bütövləşdi, suverenliyimiz bərpa olundu, qarşıya qoyulmuş bütün vəzifələr uğurla icra edildi. Heç bir ölkədən asılılığı olmayan dövlətimiz artıq yerləşdiyi regionun güclü, inkişaf etmiş, dünyanın isə inkişaf etməkdə olan ölkələri sırasına yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində əldə olunan Qarabağ zəfərindən sonra beynəlxalq arenada ölkəmizin nüfuzu daha da artıb, etibarlı tərəfdaş imici formalaşıb.
Bu gün qloballaşan dünya nizamında əməkdaşlıq formatları yenilənir, bəzən tarixən mövcud əlaqələrə son qoyulur, daha səmərəli, qarşılıqlı maraqlara xidmət edən, faydalı münasibətlər qurulur. Azərbaycanın dinamik iqtisadiyyatı, uğurlu diplomatiyası ona yeni tərəfdaşlar qazandırır, ölkəmizin zəngin təbii ehtiyatlarına, enerji potensialına ehtiyacı olan dövlətlər ikitərəfli əlaqələrə can atırlar. Neftlə bərabər, həm də təbii qaz ixracatçısına çevrilən Azərbaycan artıq Aİ ilə təbii qaz, həmçinin enerji bazarının digər seqmentləri-elektrik enerjisi, hidrogen və yaşıl hidrogen sahəsində fəal dialoq aparır. Avropa ölkələrinin enerji təhlükəsizliyində vacib aktor kimi çıxış edən ölkəmizin "yaşıl enerji"yə keçid, o cümlədən dənizdə külək enerjisi, günəş elektrik stansiyalarının qurulması, zəruri investisiyaların enerji sahələrinə, texnologiyalara yatırılması kimi təşəbbüsləri dünya birliyində yüksək qiymətləndirilir. Bir çox sahələrdə əhəmiyyətli ilklərə imza atan, neft sənayesində inqilab edən ölkəmiz bərpaolunan enerjinin tətbiqini mümkün yeganə effektiv həll kimi dəyərləndirməklə dünya üçün daha təhlükəsiz və daha faydalı "yaşıl dünya"nın qurulmasında həmrəylik nümayiş etdirir. "Yaşıl enerji" istehsalını siyasətin prioritet istiqaməti olaraq müəyyənləşdirən, "yaşıl dünya"ya doğru böyük addımlar atan ölkəmiz, həmçinin Xəzər dənizindən enerji ehtiyatlarının Avropa və Asiya bazarlarına nəqlində mühüm rol oynamaqla həm yük, həm də enerji daşınması üçün mühüm tranzit dəhlizi kimi mövqeyini möhkəmləndirir, multimodal əlaqələri inkişaf etdirir.
Hazırda nizamı pozulan dünyada sülhü təşviq etməsi, irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də fəal icraçısı kimi çıxış etməsi ölkəmizə etimadı daha da artırır. Təxminən 200 ölkənin yekdil dəstəyi ilə dünyanın ən mötəbər tədbirinə - COP29-a ev sahibi seçilməsi bunun bariz nümunəsidir. Bu, həm də qarşıya qoyulan hədəflərə çatan, siyasi, iqtisadi sahədə heç bir ölkədən asılılığı olmayan Azərbaycanın dünya birliyində layiqli yerə, dəyişməz mövqeyə sahib olduğunun təsdiqidir. Ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan, müharibə, münaqişə tərəfdarı olmayan Azərbaycan xalqların sülh, təhlükəsiz, azad yaşamasına mühüm töhfələr verir. Tarixi torpaqlarını Ermənistanın işğalından azad edərək 30 illik işğala son qoyan rəsmi Bakı dünyanın "demokratiya beşiyi" olan Parisin əsrlərdir ki, həyata keçirdiyi müstəmləkəçilik siyasətinə qarşı fəal mübarizə aparır, dünyada artan kolonializm meyillərindən narahatlığını bildirir, neokolonialist Fransanın çirkin əməllərini ifşa edir. Bütün bunlar isə dünya siyasətində öz imzasını təsdiq edən, fikirlərinə hörmətlə yanaşılan Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir.