lider-media.az

Azərbaycan basketbol millisinin üzvü: ABŞ-a qalib gəlməklə nəyə qadir olduğumuzu göstərdik

Baxış: 256 Tarix: 1-08-2024, 13:30

Azərbaycan basketbol millisinin üzvü: ABŞ-a qalib gəlməklə nəyə qadir olduğumuzu göstərdik

Bizim üçün bütün rəqiblər eynidir. Rəqibin kimliyindən asılı olmayaraq mübarizə aparırıq. Bundan sonra da gücümüzü qoruyub saxlamağa davam edəcəyik.

Lider-media.az xəbər verir ki, bu sözləri Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova “Paris-2024” Yay Olimpiya Oyunlarında ABŞ yığmasına qalib gəldikləri oyunla bağlı danışarkən deyib.

O, basketbolun vətəni sayılan ABŞ seçməsini məğlub etdikləri üçün xoşbəxt olduğunu bildirib: “Bu matça özümüzə inanaraq çıxdıq. İspaniyaya məğlub olduğumuz ilk qarşılaşmada yetərincə yaxşı oynamadıq. ABŞ-la görüşdə nəyə qadir olduğumuzu göstərmək istədik və bunu bacardıq. Nə qədər sevincli olsaq da, bu günü unutmalı və yolumuza davam etməliyik. Sabah bizi Fransa və Almaniya kimi iddialı komandalarla çətin oyun gözləyir. Çalışmaq lazımdır. Hər şeyə yenidən başlayacaq, qələbə üçün meydana çıxacağıq”.

Otuz beş yaşlı oyunçu bildirib ki, bu qələbə Azərbaycanda basketbolla məşğul olanların sayının artmasına töhfə verəcək: “Təbii ki, əsas məqsədimiz basketbolu inkişaf etdirməkdir. İlk növbədə, valideynləri uşaqlarını bu idman növünə yönləndirməyə çağırırıq. Onlara demək istəyirəm ki, bizə inanın! Uşaqlarınızı bizə etibar edin. Artıq olimpiadadayıq və bacarığımızı sübut etdik. Bu, idmanımızın inkişafına kömək edəcək. Ümumiyyətlə, komanda şəklində oynanılan idman növləri uşaqlar arasında ünsiyyətin inkişafı baxımından əhəmiyyətlidir. Uşaqlarınıza şans verin ki, sevərək başladıqları işə davam etsinlər”.

Qeyd edək ki, Azərbaycan millisi növbəti turlarda müvafiq olaraq Fransa və Almaniya kollektivləri ilə qarşılaşacaq. Hər iki görüş avqustun 2-də keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi