Tezliklə Xocalıda 50 evin çırağı yanacaq – FOTO
Xocalıda tikinti-quruculuq işləri davam edir.
“Bakı Abadlı Xidməti”ndən AZƏRTAC-a verilən məlumata görə, tezliklə Xocalıda 50 evin çırağının yanması gözlənilir. Hazırda əsas işlər Xocalının mərkəzindən keçən magistral yolun ətrafında gedir. Əsas yol ətrafında salınmış yaşıllıqlarla birgə 14 metrədək genişlənəcək.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 167 hektar ərazidə 113 ev yenidən qurulur. Biri 5 mərtəbəli, digərləri 2-3 mərtəbəli olan binalar (ümumilikdə 110 mənzil) da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə 92 kottecin təmiri bitmək üzrədir.
Tikinti ilə paralel, müasir şəhər kimi dirçələcək Xocalıda böyük abadlıq işləri də görülür - ağaclar budanır, yaşıllıqlar salınır.
“Bakı Abadlıq Xidməti”nin landşaft memarı Ahmet Eren AZƏRTAC-a bildirib ki, Xocalıda çayın kənarı Laçında, Həkəri çayı ətrafında salınmış bulvar kimi gəzinti və istirahət yerinə çevriləcək. İlk sakinlərin köçməsi ilə şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Artıq indidən yerli sakinlər quruculuq prosesinə cəlb ediliblər. “Bakı Abadlıq Xidməti”nin əməkdaşlıq etdiyi 9 tikinti və 5 kommunikasiya şirkətinin işçiləri arasında Xocalı sakinlərinə üstünlük verilir.
Bu günə qədər Xocalıda 11937 metr kanalizasiya, 4712 metr su, 8844 metr rabitə, 19500 metr qaz xətləri çəkilib. Elektrik xətlərinin uzunluğu, ümumilikdə, 6600 metr, 35 kilovatlıq elektrik kabelinin uzunluğu isə 6500 metr təşkil edir.
Xocalıda rabitə-kommunikasiya sisteminin qurulması işlərinin təxminən 70 faizi başa çatıb.