“Caspian Energy Club” və Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının təşkilatçılığı ilə “CEO MeetUp Logistics&Trade” keçirilib
“Caspian Energy Club” və Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə logistika və ticarət mövzularının müzakirəsinə həsr olunmuş növbəti “CEO MeetUp Logistics&Trade” baş tutub.
Bu barədə “Caspian Energy Club”ın baş icraçı direktorun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov bildirib.
B2B formatında təşkil edilmiş “CEO MeetUp Logistics&Trade”də ümumi sayı 150-dən çox nümayəndə iştirak edib. İştirakçılar sırasında dövlət qurumlarının rəhbər və nümayəndələri, “Caspian Energy Club”a üzv olan və iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri, Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına üzv olan logistika şirkətlərinin idarə heyəti nümayəndələri, biznes sahibləri həmçinin, kluba və assosiasiyaya üzv olmayan sahibkarlar yer alıblar. “CEO MeetUp Logistics&Trade”in gümüş sponsorları “Axiom”, “Corn Processing Company” və "Envix Print" şirkətləri olub.
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətlərinin Assosiasiyasının sədri və “Hellmann Worldwide Logistics” şirkətinin direktoru Kamran Həbibov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, “Transporting-AZ” şirkətinin direktoru Sona Osmanova, “Chartered İnstitute of Logistics and Transport” tərəfindən akkreditə edilmiş “EDUCA Təlim və Konsultasiya” mərkəzinin direktoru Elmir Poladov, “Grand Logistics Center” şirkətinin direktoru Samir Rzayev “CEO MeetUp Logistics&Trade”in panel diskussiyasında spiker qismində, “ASE Group”un baş direktoru Rəşad Abasov isə moderator qismində iştirak ediblər.
Qonaqları salamlayan Kamran Həbibov “CEO MeetUp Logistics&Trade”in təşkilatçıları “Caspian Energy Club” və Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına təşəkkürünü bildirib.
“Doqquz il öncə fəaliyyətə “Caspian Energy Club”a üzvlüyə başladığımızda biz ilk dəstəyi məhz klubdan almışıq və fəaliyyətimiz dövründə bu dəstəyi heç zaman əsirgəməyiblər. Buna görə kluba öz dərin təşəkkürümü bildirirəm. Qeyd edim ki, qarşımızda bir neçə böyük hədəf var; ölkəmizdə logistikanın inkişafı, bundan irəli gələn qonşu, regional və beynəlxalq assosiasiya və konfederasiya ilə müqavilə bağlamaq, onların arasında Azərbaycanı təbliğ etmək, dövlət orqanları ilə daimi ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq və əlbəttə ki kadrların yetişdirilməsi”, - deyə Kamran Həbibov bildirib.
Daha sonra “CEO MeetUp Logistics&Trade” əsnasında ticarət zəncirinin qurulma strategiyası, ölkədaxili logistika, 3pl logistika, logistikada təhsil, anbar idarəetməsi kimi mövzularda məruzələr edilib.
Azərbaycanda strateji sahələrə xüsusi kreditlərlə dəstək verilməsindən danışan Aydın Talıbov bildirib ki, ölkəmizin inkişafında logistikanın rolu böyükdür, ancaq onu inkişaf etdirmək üçün çox yol gedilməlidir və bu sahənin inkişafı ciddi maliyyə istəyir.
“Logistika sektoru ölkənin iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Bu sahədə olan bəzi problemlər var ki, bunlar nəqliyyat vasitələrinin böyük hissəsinin köhnə olması, şəffaf tarif sisteminin əskikliyi, yüklərin izlənmə sistemində olan problemlər və s. Bunların həlli üçün dövlət təşviq və investisiya proqramlarının tətbiqi, yeni anbarların tikilməsi zəruridir”, - deyə Sona Osmanova çıxışı zamanı bildirib.
Ölkədaxili avtomobil daşımalarında mövcud problemləri səsləndirən Sona Osmanova maşın parkının əsasən köhnə olması, izləmə və sair rəqəmsal həllərin olmaması, “boz” bazar, yetərsiz infrastrukturu vurğulayıb, məsələlərin həlli, dövlət tərəfindən təşviq proqramının zəruriliyi, müasir texnologiyalardan istifadə, ödənişlərdə şəffaflıq, regionlarda logistik mərkəzlərin inşası kimi təşəbbüslərlə çıxış edib.
“Anbar sahəsində üç əsas problem var. Bunlara müasir anbarların olmaması, kadr çatışmazlığı və texnologiyanın inteqrasiyasını misal göstərmək olar. Müasir anbarların tikilməsi üçün qiymətlər çox bahadır və işə təsir göstərir. Azərbaycanın beynəlxalq dəhlizlərin kəsişməsində yerləşdiyini nəzərə alsaq, müasir anbarların olması böyük əhəmiyyət kəsb edir”, - Samir Rzayev deyib.
Logistika biznesində dünyada gedən proseslərdən, inteqrə edilmiş logistik həllərdən bəhs edən Kamran Həbibov, bu həllərin Azərbaycanda tətbiq edilməsi, yerli yük sahiblərinin spot (birdəfəlik) biznesdən daha uzunmüddətli biznes sxeminə keçməsini tövsiyə edib: “Logistikanı hissə-hissəyə bölmək yerinə, bu zəncirin qurulması üçün üçüncü tərəf logistika təchizatçı cəlb edərək işi effektiv qurmaq olar. Belə yanaşma logistika zəncirində olan bütün riskləri nəzərə almaq, xərclərə qənaət etməyə imkanlar yaradacaq, biznesinizin inkişafına əlavə köməklik göstərəcək”.
“Kadrlar hər şeyi həll edir” - şüarını bir çoxumuz eşitmişik. Burada böyük həqiqət var. Biz logistika biznesinə başlayanda ölkəmizdə ali təhsil ocaqlarında bu sahədə ixtisaslaşmış təhsil proqramları yox idi, işi öz təcrübəmizlə öyrənmək məcburiyyətində idik. Bu, müəyyən çətinliklər yaradırdı. Lakin indi artıq bu bilikləri almaq olur”, - deyə Elmir Poladov deyib.
Sual-cavab sessiyası çərçivəsində logistika sahəsindən gözləntilər, nəqliyyatda olan problem və perspektivlər, logistikanın rentabelliyə təsiri, logistika sahəsində vergidən yayınma və s. kimi mövzular geniş işıqlandırılıb.
Daha sonra tədbir bütün spiker və sponsorlara təşəkkür sertifikatının, “Caspian Energy Club”a yeni üzv olan şirkətlərə üzvlük sertifikatının təqdimetmə hissəsi ilə davam edib. “Chartered İnstitute of Logistics and Transport”dan təqdim edilən “Freight Management” modulunun təlim iştirakçıları arasında endirim kuponları oynanılıb.
“CEO MeetUp Logistics&Trade” tədbiri şirkət nümayəndələrinin ünsiyyəti üçün təşkil edilmiş netvörkinq hissəsi ilə yekunlaşıb.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası 2021-ci ildə yaradılıb. Bu gün ölkəmizin logistika biznesində müxtəlif sahələrdə ixtisaslaşmış Nəqliyyat Ekspeditor (Logistika) 32 şirkət assosiasiyanın üzvüdür.