Əziz gənclər və idmançılar!
İlin geridə qalan ilk yarısında həm gənclər, həm də idman sahəsində tarixi anların, yadda qalacaq uğurların şahidi və iştirakçısı olduq. İyun ayı da əlamətdar hadisələr, uğurlar baxımından zəngin oldu.
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri bu il həm də islam dünyası gənclərinin paytaxtıdır. 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 10-cu “Gənclər Paytaxtı” seçilmiş Şuşamızda iyun ayında bir sıra tədbirlərimiz oldu. “Gənclər Paytaxtı”nın açılış mərasiminə müxtəlif ölkələrdən gələn gənclər bu qədim şəhərimizi, eləcə də ətraf şəhər və rayonları işğaldan qurtardıqdan sonra dövlətimizin yenidən necə qurduğunun şahidi oldular. İnanıram ki, İƏT-in sayca 10-cu “Gənclər Paytaxtı” olan Şuşamız islam dünyası gənclərinin həyatının və inkişafının bütün sahələrini əhatə edəcək.
Gənclərin Şuşada növbəti görüşü ICESCO və Heydər Əliyev Fondu ilə birlikdə təşkil etdiyimiz “By Youth For Youth" Beynəlxalq Forumunda oldu. ICESCO-ya daxil olan ölkələrdən 200-dək gəncin İslam dünyasının “Gənclər Paytaxtı”ndan dünyaya sülh mesajı verməsi və bir sıra məsələləri panel iclaslarda müzakirə etməsi, sonda isə Şuşa-Bakı bəyannaməsini qəbul etməsi qloballaşan dünyada ölkəmizin nüfuzunun daha bir nümunəsi oldu. Forum çərçivəsində ölkəmizdə səfərdə olan ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə, eləcə də Çad, Qambiya, Uqanda və Nigeriyadan olan nazir həmkarlarımla maraqlı və faydalı ikitərəfli görüşlərimiz oldu. Görüşlərdə qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etdik.
Daha bir şəhərimiz - Lənkəran isə Türk Dövlətləri Təşkilatının 2024-cü il üzrə "Gənclər Paytaxtı" çərçivəsində ilk qonaqlarını salamladı. Qeyd edim ki, Türk dünyasının ilk “Gənclər Paytaxtı” Özbəkistanın Buxara şəhəri, ikinci dəfə isə Türkiyənin İstanbul şəhəri olub. “Gənclər Paytaxtı” proqramı çərçivəsində “TDT Gənclər Platformasının II Baş Assambleyası”, “III Gənc Sahibkarlar Forumu”, “VI Gənc Liderlər Forumu” kimi müxtəlif tədbirlər cənub şəhərimizdə təşkil edildi. İnanıram ki, bu layihə TDT ölkələri gənclərinin dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.
2024-cü il üzrə "Gənclər Paytaxtı" Lənkəran şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri ilə görüşdüm. Görüşdə Lənkəran şəhərində gənclər üçün yaradılan imkanlar, həyata keçirilən layihələr barədə məsələləri müzakirə etdik.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə keçirilən “Şahin” hərbi-idman oyununun final mərhələsi də Lənkəranda keçirildi. Böyük marağa səbəb olan bu ənənəvi oyunların qaliblərini mükafatlandırdıq. “Gənclər Paytaxtı” daha bir maraqlı layihəyə - “Cəsur kadet” sınaq günlərinə də ev sahibliyi etdi. Fikrimcə, bu yarışlar gənclər arasında hərbi oyunlara marağın artırılması və özlərini sınamaları üçün yaxşı imkandır.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsinin açılış və bağlanış mərasimində iştirak etdim. Düşünürəm ki, müsabiqə gənclər arasında böyük maraqla qarşılanır və Bakıda keçiriləcək COP29 ərəfəsində əhəmiyyəti böyükdür. Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumu da bu istiqamətdə gənclərin növbəti alqışa layiq fəaliyyəti oldu. Ümumiyyətlə, COP29 yaxınlaşdıqca gənclərimizin də “Yaşıl dünya” və “İqlim dəyişiklikləri” mövzularına daha çox diqqət ayırması bizi sevindirir. “Regional İqlim Həftələri” adlı təşəbbüsün icrasına da “Gənclər Paytaxtı”mız Lənkəran şəhərində start verdik. İnanıram ki, ölkənin 10 rayonunu əhatə edən bu proqram gəncləri iqlimlə bağlı mühüm məsələlər barədə maarifləndirəcək və onları bu istiqamətdə müxtəlif fəaliyyətlərə cəlb edəcək.
Ənənəyə əsasən, nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə də görüşdüm. Gənclərin təəssüratlarını və beynəlxalq tədbirlərdə qazandıqları təcrübələrini dinlədim. Onlarla bir sıra maraqlı müzakirələrimiz oldu. Beynəlxalq miqyasda fəallığı günbəgün artan gənclərimizin uğurları hər birimizi sevindirir.
Ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə də görüşümüz maraqlı keçdi. İdmançılarımızın iştirak etdikləri yarışlar, qazandıqları qələbələrlə bağlı təəssüratlarını dinlədik və gələcək yarışlara hazırlıqları ilə əlaqədar yığma komandaların məşqçiləri ilə fikir mübadiləsi apardıq.
Bütün dünyanın 4 il hazırlaşdığı və səbrsizliklə gözlədiyi növbəti Olimpiada start ərəfəsindədir. Paris Olimpiadasına bir aydan da az vaxt qaldı. İdmançılarımız lisenziya mübarizəsini iyunda da davam etdirdilər. Kamandan oxatmada Yaylagül Ramazanova, üzgüçülükdə Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə, Parisə lisenziya qazanmış 9 cüdoçumuzun da adları məlum oldu. Beləliklə, ölkəmiz idman tarixində ilk dəfə olaraq 15 idman növündə təmsil olunacaq. 48 idmançıdan ibarət heyətdə təcrübəli olimpiyaçılarımız olsa da, Parisə yollanan idmançılarımızın əksəriyyəti ilk dəfə Olimpiada iştirakçısı olacaqlar. İyulun 26-dan avqustun 11-dək davam edəcək Oyunlara lisenziya qazanmış bütün idmançıları və onların məşqçilərini, təmsil etdikləri federasiyaları təbrik edir, uğurlar arzulayıram.
İdmanda kütləviliyin artırılması və əhalinin sağlam həyat tərzinə cəlb olunması məqsədilə fəaliyyətimiz davam edir. Bu dəfə daha bir kütləvi tədbirin miqyasını genişləndirməyə nail olduq. Sağlamlıq üçün ən faydalı idman növlərindən biri olan üzgüçülüyə əhalinin, xüsusən də uşaq və gənclərin marağını artırmaq istiqamətində görülən işlərin davamı olaraq Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında 2023-cü ilin dekabrında start verdiyimiz “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsini keçirdik. Bakıda 2 gün davam edən yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Turnirin təşkilində əməkdaşlığa görə Azərbaycan Üzgüçülük Federasiyasına təşəkkür edirəm.
2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçilmiş Bakı iyunda bir sıra mötəbər idman tədbirinə də ev sahibliyi etdi. Paytaxtımızda keçirilən çövkən üzrə dünya çempionatında çövkən yığmamızın dünya çempionu olması bu idman növünün azarkeşləri üçün ikiqat sevindirici oldu. “Baku Open 2024” Beynəlxalq Şahmat Festivalı da dünyanın müxtəlif ölkələrindən 300-dən çox şahmatçını paytaxtımızda görüşdürdü. Şahmat Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan FIDE prezidenti Arkadi Dvorkoviçlə də ikitərəfli görüşümüz oldu. Son illərdə Azərbaycanda şahmatın inkişafı istiqamətində görülən işlər, qazanılan və qarşılıqlı əməkdaşlıq perespektivlərini birgə müzakirə etdik.
Gələn il Azərbaycanda keçiriləcək III MDB Oyunlarına da hazırlıq işlərimiz davam edir. Artıq işçi qrup Oyunların yüksək səviyyədə təşkili üçün fəaliyyətə başlayıb. Ölkəmizin 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda təşkil olunacaq III MDB Oyunları coğrafiyasına və növlərin sayına görə ölkəmizdə keçiriləcək ən böyük yarış olacaq.
İyunda ölkəmiz bir sıra multi-idman yarışlarında da təmsil olunub. Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında 11 idman növündə, Saxa Respublikasının Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında isə 17 idman növündə ölkəmizi təmsil edən idmançılarımız uğurla çıxış ediblər.
İdman yarışlarını azarkeş və könüllülər olmadan təsəvvür etmək çətindir. Son illərdə bu iki sahəni özündə birləşdirən “İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin fəaliyyəti təqdirəlayiqdir. Bu günlərdə iki illik hesabatını verən təşkilat yenidən seçki konfransı keçirdi. Quruma bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram.
Zaman keçdikcə, tələblər və hədəflər də dəyişir. Həm gənclər siyasəti, həm də idman tədbirləri baxımından məsuliyyətli və əhəmiyyətli olan 2024-cü ilin ikinci yarısında bizi daha mühüm fəaliyyət gözləyir. Hələlik isə diqqət bu ay start götürəcək Paris Olimpiadasına yönəlir. Federasiyalarla birgə aparılan islahatlar, qurulan düzgün strategiya sayəsində lisenziyaların qazanılması mərhələsi uğurla başa çatdı. Uğurun davamı zirvəyə aparır. Bunun davamlı olması üçün isə dayanmadan çalışmalı, təcrübə ilə enerjini doğru istiqamətə yönəltməliyik.
Fərid Qayıbov,
Gənclər və idman naziri.