Dövlətə, xalqa layiqincə xidmət böyük məsuliyyətdir
23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür
23 İyun Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dövlət Qulluğu Günü kimi elan edilib. Bu və dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu nəzərə alınaraq Azərbaycanda da dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Xatırladaq ki, ölkəmizdə dövlət qulluğunun tarixi ilk dövlətlərin yarandığı dövrdən başlayır. Millətimizin zaman-zaman bu torpaqlarda yaratdığı hər bir dövlətin özünəxas dövlət idarəçilik sistemi qurulmuş və dövlət qulluğunda çalışan kadr potensialı formalaşmışdır. Kadrların sistemli şəkildə hazırlanması və dövlət qulluğuna cəlb olunmasına ilk cəhd Azərbaycan Xalq Cümhuriyyəti dönəmində olub. İlk dəfə olaraq dövlət idarəetmə sisteminə qəbulda önəmli rolu şəxsin sosial statusu deyil, dünyagörüşü, təhsil və dövlət qulluğunda çalışmağa əsas verən digər şəxsi keyfiyyətləri oynadı. Təəssüf ki, 28 aprel 1920-ci ildə Xalq Cümhuriyyətinin süqut etməsi bu prosesi dayandırdı.
Sovet hakimiyyəti illərində dövlət qulluğu sistemində müəyyən mərhələlər yaşanıb. Ən uğurlu mərhələ isə məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə başlayıb. Belə ki, ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının sistemli şəkildə hazırlanması həyata keçirilib. Ümummilli lider çox böyük məharətlə dövlət qulluğunun milliləşməsi, strategiya və taktikasını SSRİ-də gedən siyasi proseslərə uyğunlaşdırırdı. Ulu öndər təkcə milli kadrları önə çəkmir, eyni zamanda milli kadr potensialı da yaradırdı. Ölkəyə lazım olan mütəxəssis kadrları yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, azərbaycanlı gənclər Sovet İttifaqının qabaqcıl ali məktəblərinə oxumağa göndərilirdi. Təəssüflər olsun ki, Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra onun yetişdirdiyi milli kadrlar müxtəlif bəhanələrlə dövlət qulluğundan uzaqlaşdırıldı. Bununla da ölkədə dövlət idarəetmə sistemi iflic vəziyyətə düşdü. Müstəqilliyimizin ilk illərində isə ölkədə hökm sürən hərc-mərclik də dövlət idarəetmə sisteminə təsirsiz qalmadı, nəticədə gənc dövlətimiz parçalanma və vətəndaş müharibəsi təhlükəsilə üz-üzə qaldı. Ölkəni yalnız ulu öndər Heydər Əliyev bu bəlalardan xilas edə bildi. Ümummilli lider təkrar ölkəyə rəhbərliyə qayıtdıqdan sonra həyatın bütün sahələrində islahatlara başlanıldı. Respublikamızda müstəqil və müasir dövlət qulluğu sisteminin yaradılması zərurətə çevrildi. Bu isə düşünülmüş, əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlükləri ilə yanaşı, milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasını tələb edirdi. Ulu öndər dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa edilməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə bir sıra istiqamətlər müəyyənləşdirdi: səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması; dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi; vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi; dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması.
Azərbaycanda dövlət qulluğu Ulu Öndər Heydər Əliyevin 2000-ci ildə təsdiq etdiyi və 2001-ci ilin sentyabrında qüvvəyə minmiş "Dövlət qulluğu haqqında" Qanunla tənzimlənir. Qanun qəbul edildikdən sonra ölkəmizdə müasir dövlət qulluğu ənənələri təşəkkül tapmışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Dövlət qulluqçularının fəaliyyətinin ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas prinsipləri və bu günün tələbləri baxımından onların qarşısında duran vəzifələri Prezident İlham Əliyev daha da genişləndirmiş və konkretləşdirmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır. Ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olmuşdur ki, onlardan da 29,7 faizini qadınlar təşkil edir. Hazırda ölkədə fəaliyyət göstərən müxtəlif nazirlik, komitə və digər qurumlarda 28 mindən çox dövlət qulluqçusu çalışır, 10 min nəfərdən çox isə dövlət qulluqçusu kimi təqaüd alır.
"...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir". Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirləri məlum bir həqiqətin ifadəsidir.
Yəni dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü iş ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən insanı zənginləşdirir. Hər bir dövlət qulluqçusunun uğuru isə ümumilikdə dövlətin uğurudur.
Nurəngiz Adilqızı.