Dünyanın 80-dən çox QHT-sinin iştirakı ilə COP29-la bağlı Qlobal Məsləhətləşmə görüşü keçirilib
“Sağlamlığa Xidmət” İctimai Birliyi tərəfindən “Vətəndaş cəmiyyəti təşkilatları COP29-da necə iştirak edə bilər” adlı qlobal məsləhətləşmə görüşü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, onlayn formatda keçirilən görüşdə dünyanın müxtəlif ölkələrindən - ABŞ, Kanada, Böyük Britaniya, Moldova, Rusiya, Albaniya, Pakistan, Hindistan, Banqladeş, Nigeriya, Keniya, Zimbabve, Botsvana, İndoneziya, Çad və s., o cümlədən, Azərbaycandan, ümumilikdə 80-ə yaxın ekoloji və səhiyyəyönümlü QHT nümayəndəsi, iqlim mütəxəssisləri, universitetlər, beyin mərkəzlərinin nümayəndələri qatılaraq Azərbaycanda keçiriləcək BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı gözləntiləri barədə öz fikirlərini bölüşüblər.
Görüş zamanı “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva QHT-lərin COP tədbirlərində iştirakı üçün zəruri olan qeydiyyat məsələlərinə aydınlıq gətirərək, təşkilatların tədbir çərçivəsində aparılan iqlim dəyişikliyi üzrə danışıqlara verə biləcəyi töhfədən və iştirak üçün vacib olan müşahidəçi statusu almaq prosedurlarından danışıb.
Görüşdə, həmçinin Böyük Britaniyada fəaliyyət göstərən su, enerji və icmalar sahəsində dünyanın ən böyük problemlərini həll etmək üçün həll yolları təklif edən qlobal, multidisiplinar peşəkar xidmətlər şəbəkəsi GHD-in baş mütəxəssisi xanım Kripa Dwarakanath iştirak edərək COP28 və gələcək perspektivlər barədə təqdimatla çıxış edib, ölkələrin dayanıqlılıq üzrə maliyyə yatırımlarının artırılmasının milli müəyyən olunmuş töhfələrin (MMT) yerinə yetirilməsində böyük rol oynadığını bildirib.
Səhiyyə və ətraf mühit məsələləri üzrə ixtisaslaşmış Qlobal beyin mərkəzi AHOA- Afrihealth Optonet Assosiasiyanın rəhbəri Uzodinma Adirieje görüşdə çıxış edərək bildirib ki, COP29-a gedən yolda QHT-lərin bir platforma altında birləşərək ümumi prosesə dəstək verməsi məqsədəuyğun olardı. İqlim dəyişikliyindən ən çox əziyyət çəkən (loss and damage suffered countries) ölkələrin nümayəndələrinin tədbirdə və danışıqlarda iştirakı üçün imkanlar yaradılmalıdır.
COP29-da iştirak edəcək nümayəndə heyətinin tərkibində inklüzivlik nəzərə alınmalıdır, burada gənclərin, qadınların, həmçinin əlilliyi olan şəxslərin, yerlilərin (indigenous people) iştirakı təmin edilməlidir.
QHT-lərin növbəti COP-la bağlı Qlobal Məsləhətləşmələrin hər ay keçirilməsinə və tədbir hesabatının hazırlanaraq COP29 prezidentinə təqdim olunmasına qərar verilib. Tədbirdə yayımlanan Azərbaycan barədə tanıtım videoçarxı iştirakçıların rəğbətinə səbəb olub.
Tədbir iqlim dəyişikliyi üzrə ekspertlərin, vətəndaş cəmiyyəti təşkilatı nümayəndələrinin COP29-dan gözləntiləri barədə çıxışlarla davam edib.