“Amuldağ” yatağının istismarı region əhalisi üçün ciddi təhlükə yaradır – ŞƏRH
“Amuldağ” (“Amulsar”) qızıl-gümüş yatağı 2006-cı ildə kəşf edilib. Arpa və Bərgüşad çaylarının vadisində yerləşir. Yatağın istismarı zamanı natrium sianiddən istifadə ediləcək. Bu da həmin çayların, kurort şəhəri olan Cermukun mineral sularının və hətta Göyçə gölünün zəhərlənməsi risklərini yaradacaq. Məhz bu səbəblərdən yatağın istismarına həm Ermənistan ekoloqları, həm də yerli sakinlər etiraz edir. Həmin etirazlar yeni deyil, 2014-cü ildən başlayaraq ictimai fəallar müxtəlif aksiyalar keçirirlər. Hətta, 2019-cu ildə İrəvanın mərkəzində keçirilən aksiyalar nəqliyyatın dayandırılmasına səbəb olmuşdu. Etiraz aksiyaları yataqda aparılan hazırlıq işlərinin dayandırılmasına, xüsusi təhqiqat komissiyasının yaradılmasına gətirib çıxarıb. Lakin son nəticədə müxtəlif qüvvələrin təzyiqi ilə işlər davam etdirilib və bu il ilk qızılın hasilatı gözlənilir.
Bunu AZƏRTAC-a açıqlamasında “Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu”nun rəhbəri, “Environmental Protection First” Koalisiyasının üzvü Sabit Bağırov deyib.
S.Bağırovun sözlərinə görə, natrium sianidin yeraltı sulara, Arpa və Bərgüşad çaylarına sızdırılması Qarabağa - öz doğma ocaqlarına dönən və dönəcək on minlərlə vətəndaşımız üçün çox ciddi təhlükə yarada bilər. Zəhərlənmiş sulardan nə içməli su kimi, nə də suvarma üçün istifadə etmək mümkün olmayacaq. Susuz isə yaşam yoxdur.
“Arazdəyəndə müəssisənin fəaliyyətinin dayandırılmasına nail olduq, lakin “Amuldağ”da eyni nəticəni əldə etmək üçün müəyyən maneələr var. Həmin yataqda marağı olan bir sıra qüvvələr “Amuldağ”da işlərin davam etməsi üçün əllərindən gələni edəcəklər. Hansı qüvvələrin nəzərdə tutulduğunu desək, ilk növbədə yatağın işlənməsi lisenziyasına malik olan şirkəti qeyd edə bilərik. Bu, “Lydian Armeni”a şirkətidir, hansı ki, “Lydian Canada Ventures” şirkətinə məxsusdur. Həmin şirkətin sahibləri arasında isə “Orion Mine Finance” ABŞ investisiya şirkəti və Kanadanın “Osisko Gold Royalties” var. Bu şirkətlərin ABŞ və Kanada hökumətlərinin dəstəyinə arxalanması gözləniləndir. Bunlardan başqa, Avrasiya İnkişaf Bankı qeyd edilə bilər. Çünki həmin şirkətlərə yatağın işlənməsi üçün müvafiq kreditlər ayırıb. Səhv etmirəmsə, məbləğ 150 milyon dollar həcmindədir. Bu barədə keçən il müvafiq Anlaşma Memorandumu da imzalanıb. Birbaşa hasilat işlərini həyata keçirən şirkət də maraqlı tərəflər qrupuna daxildir. Bu da Avstraliyanın nəhəng şirkəti olan “Allied Gold”dur. Ermənistan hökuməti də, təbii ki, həmin yatağın istismarında maraqlıdır. Çünki nəticədə ölkə qarşıdakı 20-30 ildə bir neçə milyard dollar qazanc əldə edəcək. “Amuldağ” yatağında region əhalisi üçün ciddi təhlükə törədən istismarın həyata keçirildiyini nəzərə alsaq, bu sahədə Azərbaycan və Ermənistan ekoloqlarının əməkdaşlığı çox səmərəli olar. Zənnimcə, Azərbaycan ekoloqları belə əməkdaşlıqdan qaçmazlar. Ermənistan ekoloqları da gərək əməkdaşlıqdan çəkinməsinlər. Əlbəttə, onlar üçün bu daha çətindir. Burada belə bir sual yaranır - Ermənistan cəmiyyəti həmin əməkdaşlığı necə qarşılayacaq? Elə qüvvələr tapılacaq ki, Ermənistan ekoloqlarını Azərbaycanın maraqlarına xidmət etməkdə günahlandıracaq. Bu cür ittihamları Ermənistan mediasından izləmək də olar. Aradakı münasibətləri qızışdıranlar yatağın istismarında maraqlı olan şirkətlər və banklar, siyasətçilərdir. Lakin hər kəs bilməlidir ki, ekoloji məsələlərin həlli üçün tək bir ölkənin mübarizəsi yetərli deyil. Ümumi region üçün, planetimiz üçün həmrəylik nümayiş etdirilməlidir. “Environmental Protection First” Koalisiyası olaraq biz Ermənistan hökumətini və bu yataqda qızıl hasilatına cəlb edilmiş şirkətləri “Amuldağ” qızıl yatağındakı işləri dərhal dayandırmağa çağırır, Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə “Amuldağ” qızıl yatağında monitorinqə başlamağa hazır olduğumuzu bəyan edirik. Həmçinin Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının “Amuldağ” qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyirik. Ermənistandan olan ekolojiyönümlü QHT-lər də səsimizə səs versələr, necə ki, bunu Arazdəyəndə etdilər, bu, Cənubi Qafqazda ekoloji sabitliyi qorumağa xeyli töhfə verə bilər”, - deyə S.Bağırov bildirib.