Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb
İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Rusiya ilə sənaye və ticarət sahələrində ikitərəfli əməkdaşlıq imkanları nəzərdən keçirilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Roman Çekuşov və Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında birgə Hökumətlərarası Komissiyanın həmsədri Oleq Korobçenko ilə görüşüb.
Görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. Tərəflər qarşılıqlı ticarətin artırılması və iki ölkənin işgüzar dairələri arasında tərəfdaşlığın inkişaf etdirilməsi perspektivlərini dəyərləndiriblər.
Ölkələrimiz arasında sənaye, o cümlədən maşınqayırma, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə işbirliyinin genişləndirilməsi imkanları müzakirə edilib, birgə sənaye zonası üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.