lider-media.az

Mahnıları elləri dolaşanda, qanadlanıb zirvələri aşanda...

Baxış: 346 Tarix: Сегодня, 13:00

Hüsaməddin Əmirov Kəlbəcərin zirvələşən səsi idi...

   

             Sözün özü -  düzü, dadı-duzu


          Ruhoxşayan mahnıları ilə xatirələrə çevrilənlərimiz az deyil. Onların haqqında vaxtında ikicə kəlmə yazmayanlara Allah insaf versin! Bilmirəm ki, niyə belə laqeyd oluruq xalqımızın milli sərvətinə. Bəlkə elə buna da sovetlər mane olub? Ola bilər. Çünki bütün sahələrin istedadlı milli sərvətlərini çarizmdən sonra da sovetlər “özününküləşdirmişdi”. Yəni milli hisslərdən uzaqlaşdıraraq,  saxta beynəlmiləlçilik “maskası” altında təqdim etmişdilər. Tarixin arxivinə atılan illərdə dəətlərimiz az olmadı. Dünyaya  “qara qızıl” sərvətini verən, min kilometrlərlə yerin təkindəki  sərvət yataqlarını kəşf edən Fərman Salmanovuxalqımızın o vaxtkı nəsli tanıdımı? Yox! Onun milli kimliyi az qala, tamamilə unutdurulmuşdu.

Orta Asiyada Kosmodromda Yerin ilk peykini Aya buraxan mühəndis azərbaycanlı Kərim Kərimovu necə?! Tanıtdıqmı dünya xalqlarına?! Təəssüf ki, olduğu kimi yox. Onun da bizim millətin nümayəndəsi olması pərdə arxasında saxlanıldı.

Bu gün dünyanı (bütün qitələri, materikləri, okeanları ) “qovuşduran” kompyuterin tədiqatçısı, qeyri-səlist nəzəriyyənin banisi Lütfü-Zadə ilə fəxr etsək də, onun həyat və fəaliyyəti ilə yaxından tanış ola bilirikmi?! Ölümündən az əvvəl Vətən torpağında dəfn olunmasını arzulayan Lütfü-Zadənin Bakıda torpağa tapşırıldığı gün çoxlarımız bilmədik: ziyarət etmədik və bu gün də getmirik onun  başdaşı qarşısında sual dolu baxışlarımızla susmağa. Çünki  belə bir şəxsiyyəti bizdən uzaqlaşdırıb, milliliyinə balta çalmışdılar. Azərbaycana Amerikadan baxışlarında milli duyğular daşa dönmüş Lütfü-Zadəmizi tanımadığımız halda, burada  çılpaq  “toy toxluları”na çapan çala-çala eləmişdik xalq artisti, xalq yazıçısı...

Nə  yaman uzaqlaşdım yenə dəəsas məqsəddən? Xalqın sevimli sənətkarlarından biri haqqında yazmaq istədiyim üçün yenə də qələmlə baş-başayam. İllərdir ki, peşəkar sənətkarlarımızdan biri kimi tanıdığımız və təəssüf ki, unutduğumuz Hüsaməddin Əli oğlu Əmirov barəsində ürək  sözlərimi qələmə almaq üçün fikir və duyğularımlayam.

Hüsaməddin Əlioğlunu Kəlbəcərdə təkcə şeir-sənət vurğunları yox, sıradan hər kəs tanıyırdı.

            Vaxt var idi ki...

           Hər kəsin öz dövranı. Deyir ki, tüfəng icad edildikdən sonra Koroğlu qılınc-qalxanını yerə qoyub deyir: “Daha mənim dövranım bitdi. İndi adamın qolunun gücünə baxmayan od-alov çıxdı-tüfəng adlı! Bundan sonra hansı silahlar çıxacaq, bilmirəm...”

Doğrudan da zaman çox şeyi dəyişir. Elə sənət aləmində də şoumenlər  meydanda “dayça oynadandan” əsl peşə sahibləri görünmür.

Vaxt var idi ki, Kəlbəcərdə Hüsaməddin Əlioğlunu toylara aparmaq üçün 2-3 ay öncədən qapısı döyülürdü. Sənətinə ürəkdən bağlı olan Hüsaməddin Əlioğlu bu dəvəti baş-göz üstə qəbul edər və toy şənliklərinə bir başqa ovqat qatardı.

Nəğmələri dillərdə dolaşanlardan biri kimi, Hüsaməddin Əlioğlunun nəfəsindəki incəlik  şirin boğazları ilə qovuşanda ifaları qanad açar, zirvələr aşardı. İlk dəfə Kəlbəcər toylarında zilli-bəmli boğazlarla ifa edənlər az deyildi, onlardan bir neçəsini xatırlamasaq, günah olardı: Məmmədsəfi kəndindən Şiraslan, Başlıbeldən muğam ustası Bünyamin Cəfərov (təəssüf ki, Kəlbəcərin işğalından sonra o da “mənim dövranım bitdi”,-deyib, qardaşı Natiqin səsinə heyran-heyran qulaq asmaqla özünə təsəlli verir), Nazim Məmmədov (Nuru oğlu), “Qəşəng Məhəmməd” kimi tanınan, səsinin zilini heç bir musiqi alətində “tutmaq mümkün olmayan” Hacı Məhəmməd Hüseynov,  tar müəllimi, Sücaətlə Bəhmənin poeziyasını əzbər bilən, arada pəsdən sazda  oxuyan, “gitaranın anasını ağladan” Ziyadxan Süleymanov,  “Rəmiş” dediyimiz Çingiz Məhər oğlu gitaristlər, muğam, segah, xalq mahnılarının mahir ifaçılarından  olan, İstisudan Südabə Etibar qızı kəlbəcərlilərin sevimliləri kimi konsert salonlarında, toy şənliklərində alqışlanan el sənətkarları idilər.

Hüsaməddin Əlioğlunun sənəti haqqında söz açmaq o qədər də asan deyil. Bir qədər tarixə baxsaq, onun nəsil şəcərəsinin lap uzaqlara gedib çıxdığını deyə bilərik. Aşıq Alı şəcərəsindən qol-budaqlanan Əli Əmirovun balalarından biri kimi, Hüsaməddinə də Yaradanın töhfəsi səs -  verilib. Səsinin sehrinə düşənlər yaxşı bilir ki, Hüsaməddin Əlioğlunun sənəti Tanrının vergisidir.

Musiqi insan ömrünün iksiridir! Musiqi həyatı gözəlləşdirən, insana müsbət enerji verən əvəzsiz nemətdir. Musiqi terapiyası ilə insan depressiyadan uzaqlaşır. Buna görə də musiqiçiləri həm də  ruhun loğmanı kimi də sevirik.

           

            Allahın vergili bəndələri-kəlbəcərlilər

sözün  də, dağın da daima zirvəsində

           Klassik musiqi  nə qədər  yaddaşa yaılırsa, bir o qədər  dəinsan ömrünü uzadır. Mahnıları bir-birindən al-əlvan, rəngarəng, muğamı da segah və xalq mahnıları qədər ürəyəyatımlı olan Hüsaməddin Əlioğlunun səsi-nəfəsi üçün darıxanların  yəqin ki, sayı  azalıb. Ona görə də bu gün Əməkdar artist Babək Nifəliyevin pərəstişkarları daha çoxdur. Babəkimizin nəfəsi, səsi elə dağ çayları kimi şaqraq, nəğməlidir axı. Ona görə babəkimizin adını çəkdim.

Məni düşündürən başqa məqamlar var. Məqsədim də elə onlara burada toxunmaqdır. “Kəlbəcərin təkcə təbiəti sərvət deyil. Onun insanları da sərvətdir.”

Bu fikirlər Ulu öndərimiz Heydər Əliyevə məxsusdur. Bu, heç də təsadüfi yerə ifadə edilməyib. Kəlbəcərin insanları arasında istedadlılar barmaqla sayılmır. Bu gün də belədir. Dünənə qədər yalnız beş-altı ədəbi simamızın adı çəkilrdisə, Kəlbəcərin işğalından sonra respublikanın hər yerinə səpələnən doğmalarım təsdiqlədilər ki, onlar  “Allahın vergili bəndəsi”dirlər. Sazın-sözün beşiyi olan Kəlbəcərdə dünyaya göz açanlardan, yaxud onların övladlarından bu gün kimi dindirirsənsə, sənə qafiyəli, şeirlə, yumorla cavab verir ki, bu da müdriklik əlamətidir.

Adamı düşündürən əsas məqam odur ki,  niyəəyalətlərdəki istedadlılarımızın üzə çıxarılması istiqamətindəəməlli-başlı layihələr gerçəkləşdirilmir?! O qədər milli-mənəvi tərbiyənin təbliği ilə məşğul olmaq üçün QHT-lərə Dövlət Dəstəyi Şurasından qrantlar alan qurumlar  var ki. Niyə Hüsaməddin Əlioğlu kimi unudulmuş musiqiçilərimiz (nəinki Hüsaməddin  əllim, o qədər belə bu sənətdə can qoyan musiqiçilərimiz var ki, yada düşməyən) barəsində düşünmürlər? Niyə Xalq,  Əməkdar adlarına layiqlilərimizi tanıtmırıq cəmiyyətə? Günah kimdədir? Səndə, məndə, onda, ay əlində qələm olub, 50 ildir ki, Bakıda-həyatın qaynar yerində ancaq “öz başının milçəyini qovanlar”?!  Yalnız onlar yox, məgər Yusif Hüseyn kimi şairlərimiz azdırmı rayonumuzun timsalında? Niyə Yusif Hüseyn  adı unudulmaqda olan, yaxud çağdaş Azərbaycan ədəbiyyatında imzasını sevdirən gənc şairlərimizdən  yaza bilir, digərləri bunu bacarmır?! Bu, ya biganəlikdir, ya da  başqa bəla-özünəvurğunluq!

Kəlbəcərdən  didərgin salındığımız 1993-cü ildən bu günə kimi, nə yaxşı ki, şair-publisisit Yusif Hüseyn var imiş!

            Sözümdü silahım - gülləm,

Kasıbam ki, qəm daşıyam?!

              Əli qələm tutan kəlbəcərlilərim, biriniz digəriniz haqqında ikicə kəlmə yazıb mətbuata çıxartmadınız! Səbəb onların istedadsız olmaları, yoxsa, sizin laqeydliyinizdir?! Yox, laqeydlik bəlası deyil Hüsaməddin Əlioğlu kimi  istedadlılarımızı unutmaq. Sadəcə, “dolanışığımızı” düşünürük. Maddiyyat mənəviyyatı üstələyəndə belə olur! Əlimə qələm yatandan, sözə sığınandan mən nəinki əslən kəlbəcərli, ümumiyyətlə, Tanrı vergili neçə-neçə istedadlının haqqında, necə bacarmışamsa, yazmışam.

Hüsaməddin Əlioğlu bağışlasın ki, mənim üçün Sözün qibləsi - publisistikanın bugünkü M. Ə. Sabiri olmuş Hidayət Elvüsaldan da  vaxtında yaza bilmədim. Buna fiziki imkanım olmadı. Özü də bunu bilirdi. Mənə həmişə yol göstərən Hidimizi  “unutmaq” mənə yaraşmazdı.

 Mən  belə nümunələri çox çəkərdim, ehtiyac duymuram. İki ildir ki, bax bu kimi məsələləri qabartdığım və problem olaraq baş redaktorun “müavini”nə bildirdikdən sonra iş yerimi itirdim. Lakin, qələmim susmadı, çünki Onlar Tanrının bizə göndərdiyi söz adamlarıdır.

Hüsaməddin Əlioğlu, təkcə siz deyilsiniz diqqətdən kənarda qalan, qardaş. Ömrünüzün elə çağındasınız ki, belə səmimiyyət sizə  Kəlbəcərin havası-suyu kimi lazımdır.

Yazımdan sizin  şaqraq nəğmələrinizin ritmini duymasanız da olar, əsas odur ki,  ürəyimdə qalanları yazmağa çalışdım. Buna fiziki baxımdan vaxt tapdığıma görə sevindim. Çünki Kəlbəcərin ədəbi simalarından biri olan Qara Ələsgərovun yaradıcılığından qələmə aldığım yazını yarımçıq qoyub, sizi düşündüm. 

Ömrünüz də sevdiyiniz peşə kimi, xalqımıza gərəkli olub, qardaş. Xəyalımda o illəri canlandırıram. Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evinin səhnəsindəsiniz. Bakıdan” məşhurlar” gəlib. Birdən tamaşaçı salonundan kimsə sizin adınızı çəkir: -Hardasınız, ay Hüsaməddin, Bünyamin, Nazim, Məhəmməd, Kürdoğlu, Şiraslan?! O səhnəyə siz yaraşırsız, həmdə “Təravət”, “Bahar” xalq çalğı alətləri ansablı ilə! Hanı ustad Qəmkeşin “Xalq Aşıqlar Ansanblı”!? Aşıq Əlişi çağırın ki, Sazçı qızlar ansanblındakı məktəbyaşlı qızlarımızın xoş avazlarını eşidək!..

Hüsaməddin müəllim, şükür, Kəlbəcərimiz azaddır! Sizi  əlbəttə, Bahadur Sadıqovun, Natiq Ələkbərovun, onun da  daysı İlham müəllimin, Ziyadxan Süleymanovun tar və gitarasında, Afət xanımla Şəfiqə Mirzəli qızının kamanında, Sadiq Əhmədovun skripkasında, İlqarla Nurəddin qardaşlarımızın qarmonunda, Vitali (şəhid balamıza Allah rəhmət eləsin) ilə Rövşən Vəlioğlunun qoşanağarasında, Salmanla Sədirin qara zurnasında, Nəcəfin yastı balabanında, Şakirin, Rəsulun nağarasının müşayiəti ilə yeni Kəlbəcərdə tikiləcək mədəniyyət  sarayında dinləmək istərdik. Bunu istəyənlərin sayı gündən-günə azalır, Kəlbəcərsizlik  bizləri də yurda həsrət qoyur.

Sonda sizə bir qoşma ilə özümü  təqdim edim ki, Kəlbəcərdə bir-birimizi yaxından tanımamışıq:

Üzü Haqqa bir sarvanam,

Çoxuna yol yoldaşıyam!

Ağırlığım o qədərdi,

Elə bil ki, sal daşıyam!


           Ağlım idarə edir özümü,

Dikmədim yala gözümü.

Bilirəm söhbət-sözümü,

Elə bilmən mən naşıyam!


           Fərasətim yoxdu, billəm,-

Tikəmi tək yeməm, bölləm.

Sözümdü silahım - gülləm,

Kasıbam ki, qəm daşıyam?!


           İtməyib əməyim, zəhmətim,

Gəlməyib başa töhmətim!

Bir kəsə yoxdu minnətim,

Varlıların lap başıyam!


           Nə xainəm, nə də xəbis,

Nə şeytanam, nə də iblis!

Kimsə tanımadı xəsis,

Ömrümün başdaşıyam!


 

            Məhəmməd NƏRİMANOĞLU,

“Tərəqqi” medallı tədqiqatçı-jurnalist,

“Yenilik-press” qəzetinin baş redaktoru.


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi