Kəlbəcər – tarixi yaddaşdan Böyük Qayıdışa uzanan yol

30 min ildən artıq tarixə malik qədim yaşayış məskənləri, 6 minillik qayaüstü təsvirləri, ərazisində aşkar edilmiş qədim türk əlifbası nümunələri ilə seçilən Kəlbəcər Azərbaycanın deyil, bütövlükdə Qafqazın ən zəngin tarixi-mədəni irsə və əsrarəngiz təbiətə malik bölgələrindən biridir.
1930-cu ildə rayon statusu alan Kəlbəcərin ərazisi 3054 kvadratkilometr, işğaldan əvvəl əhalisinin sayı isə 53 478 nəfər təşkil edirdi. Ərazisinə görə Azərbaycanın ən böyük rayonlarından biri olan Kəlbəcər bir şəhər, bir qəsəbə və 145 kənddən ibarət idi.
1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir götürüldü və ya itkin düşdü.
İşğalın davam etdiyi 27 il ərzində Kəlbəcərin yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni abidələri talan edildi, meşə və təbii sərvətlərinə ciddi ziyan vuruldu. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, 1999-cu ildən etibarən rayonun bəzi ərazilərində qanunsuz məskunlaşma siyasəti həyata keçirildi.
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı qətnamə qəbul edərək Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb etdi.
Lakin Ermənistan bu qətnamənin tələblərinə əməl etmədi. Təəssüf ki, beynəlxalq ictimaiyyətin və təşkilatların qəbul edilmiş qərarların icrasını təmin etmək istiqamətində təsirli addımlar atmaması işğalın uzun illər davam etməsinə şərait yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələnin əsasını qoydu.
Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar Ermənistanı hərbi-siyasi baxımdan çıxılmaz vəziyyətə saldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və həyata keçirdiyi uğurlu diplomatik siyasət nəticəsində Ermənistan kapitulyasiyaya məcbur oldu.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, rayon bir güllə atılmadan, hərbi itki verilmədən işğaldan azad edildi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi və diplomatik qələbə kimi yadda qaldı.
2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu bu medalla təltif olundu.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Sərəncama əsasən, noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi müəyyənləşdirildi. Bu tarix xalqımızın yaddaşında həm tarixi ədalətin bərpası, həm də Kəlbəcərə qayıdışın rəmzi kimi xüsusi yer tutur.
Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq və bərpa işləri sürətlə davam etdirilir. Rayonun nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində müasir standartlara cavab verən avtomobil yolları çəkilir, yeni tunellər inşa olunur. Ərazinin elektrik enerjisi ilə etibarlı təminatı üçün mühüm layihələr həyata keçirilir, su elektrik stansiyalarının tikintisi davam etdirilir.

Kəlbəcər yarımstansiyasının istifadəyə verilməsi isə rayonun enerji təminatında mühüm addımlardan biridir.
Rayonun Baş planına uyğun olaraq, gələcəkdə burada müasir məktəblərin, səhiyyə müəssisələrinin, yaşayış binalarının və digər sosial infrastruktur obyektlərinin inşası nəzərdə tutulur.
Kəlbəcərin Yanşaq, Zallar və Zar kəndlərində də geniş məskunlaşma planları hazırlanıb. Belə ki, Yanşaq kəndində 421, Zallar kəndində 487, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması planlaşdırılır.
İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev Kəlbəcərə dəfələrlə səfər edərək burada həyata keçirilən bərpa və quruculuq işləri ilə yaxından tanış olub, mühüm infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Dövlət başçısı səfərləri zamanı Kəlbəcərdə Azərbaycan bayrağını ucaldıb, rayonun gələcək inkişafı ilə bağlı mühüm tapşırıqlar verib.
Xüsusilə, Azərbaycanın məşhur müalicəvi turizm məkanlarından biri olan "İstisu" sanatoriyasının yenidən qurulması istiqamətində görülən işlər bölgənin turizm potensialının bərpası baxımından böyük əhəmiyyət daşıyır.
2025-ci il avqustun 21-də Kəlbəcərə növbəti səfəri zamanı Prezident İlham Əliyev buraya köçürülmüş 20 ailəyə yeni mənzillərin açarlarını təqdim edib.
Kəlbəcərdə aparılan quruculuq işləri təkcə dağıdılmış infrastrukturun bərpası deyil, həm də doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıdışının, bölgənin iqtisadi və sosial həyatının yenidən canlandırılmasının təzahürüdür.
Bu gün Kəlbəcər özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Tarixi torpaqlarımızda dalğalanan üçrəngli Azərbaycan bayrağı, yenidən qurulan kəndlər, salınan yollar və doğma yurduna qayıdan sakinlər Böyük Qayıdışın real mənzərəsini yaradır.
Kamilə Əliyeva,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor