lider-media.az

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Baxış: 138 Tarix: Сегодня, 15:54

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunması, həmin ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı, müasir texnologiyaların tətbiqi əsasında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı infrastrukturunun yaradılması, aqrar-sənaye sahəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın və məşğulluğun artırılması məqsədilə qərara alıram:

1. Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Zəngilan Aqroparkı müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün istifadə olunan, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir;

2.2. Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanması və icrası, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirakın təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

3. Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500,0 (beş yüz) min manat vəsait ayrılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Zəngilan şəhərinin yaxınlığında 1424,55 (min dörd yüz iyirmi dörd tam yüzdə əlli beş) hektar və Qubadlı rayonunun Tatar kəndi yaxınlığında 164,15 (yüz altmış dörd tam yüzdə on beş) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təklifləri nəzərə alınmaqla, Zəngilan Aqroparkında istehsal və emal olunan aqrar-sənaye məhsulları üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.2. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə Zəngilan Aqroparkının xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və orada sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə zəruri kömək göstərsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

7. “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822 (Cild I); 2024, № 6 (I kitab), maddə 661; 2025, № 4 (I kitab), maddə 330, № 11, maddə 1018) 2.1-1-ci bəndində “və sənaye məhəllələrinə” sözləri “, sənaye məhəllələrinə və Zəngilan Aqroparkına” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; 2025, № 3, maddə 224, № 4 (I kitab), maddə 330, № 5, maddə 459, № 6, maddə 541, № 8, maddə 771, № 11, maddələr 1018, 1025, № 12 (I kitab), maddə 1152; 2026, № 8, maddələr 804, 807, 815) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 4-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndinin üçüncü abzasına “məhəlləsinin” sözündən sonra “, Zəngilan Aqroparkının” sözləri əlavə edilsin;

8.2. 9-cu hissənin “Göstərdiyi xidmətlər” sütununun 4-cü bəndinə “Azərbaycan” sözündən əvvəl “Zəngilan Aqroparkı və” sözləri əlavə edilsin.

9. “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 27 (Cild I); 2025, № 4 (I kitab), maddə 330, № 6, maddə 541; 2026, № 5 (I kitab), maddə 421) 2.1-ci bəndinə birinci halda “və” sözündən əvvəl “, Zəngilan Aqroparkının” sözləri əlavə edilsin.

10. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1370 (Cild I); 2025, № 2, maddə 109, № 4 (I kitab), maddə 330; 2026, № 8, maddə 804) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

10.1. 2.1-ci bəndə birinci halda “dedikdə” sözündən sonra “, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri, ikinci halda “Azərbaycan” sözündən əvvəl isə “Zəngilan Aqroparkı və” sözləri əlavə edilsin;

10.2. 2.2-ci bəndə “hüquqlarını” sözündən sonra “Zəngilan Aqroparkına və” sözləri əlavə edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1506 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi”ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1371 (Cild I); 2024, № 6 (I kitab), maddə 665; 2025, № 4 (I kitab), maddə 330, № 6, maddə 541; 2026, № 5 (I kitab), maddə 421) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 1.1-ci bəndə birinci halda “və” sözündən əvvəl “, Zəngilan Aqroparkının” sözləri əlavə edilsin;

11.2. 3-cü hissə üzrə:

11.2.1. 3.1.7-ci yarımbəndə “parklarının” sözündən sonra “, Zəngilan Aqroparkının” sözləri əlavə edilsin;

11.2.2. 3.2.6-cı yarımbəndə birinci halda “parklarında” sözündən sonra “, Zəngilan Aqroparkında” sözləri, “qeyri-rezidentlərinə,” sözündən sonra “Zəngilan Aqroparkının və” sözləri əlavə edilsin;

11.2.3. 3.2.8-ci və 3.2.14-cü yarımbəndlərə “Azərbaycan” sözündən əvvəl “Zəngilan Aqroparkında və” sözləri əlavə edilsin;

11.2.4. 3.2.15-ci yarımbəndə “Azərbaycan” sözündən əvvəl “Zəngilan Aqroparkına və” sözləri əlavə edilsin.

12. “Aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 363 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (I kitab), maddə 330) 1-ci hissəsinə “səlahiyyəti” sözündən sonra “, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi