2020-ci il noyabrın 5-i – Vətən müharibəsinin qırxıncı günü Azərbaycan xalqının sarsılmaz iradəsinin, ordumuzun döyüş əzminin və dövlətimizin qətiyyətli mövqeyinin növbəti təzahürü oldu. Artıq qırx gündür davam edən müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı qüvvələrə qarşı uğurlu əməliyyatlarını davam etdirir, düşmənin müdafiə sisteminə, hərbi idarəetmə və təminat infrastrukturuna ağır zərbələr endirirdi. Hərbi əməliyyatların gedişi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu, xalqımızın bu müqəddəs mübarizədən dönməyəcəyini bir daha nümayiş etdirirdi.
Günün ilk hadisələrindən biri Ermənistanın dövlət sərhədində növbəti təxribatı oldu. Ermənistan silahlı qüvvələri Berd, Çəmbərək və Vardenis istiqamətlərindən Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini minaatan və atıcı silahlardan atəşə tutdu. Bu hücumlar Ermənistanın cəbhə xəttindən kənarda da hərbi gərginliyi artırmaq cəhdlərinin davam etdiyini göstərirdi.
Müdafiə Nazirliyinin səhər yaydığı məlumatda bildirilirdi ki, noyabrın 4-ü ərzində və 5-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində döyüşlər davam edib. Əsas toqquşmalar Ağdərə və Xocavənd istiqamətlərində qeydə alınıb. Düşmən bəzi sahələrdə şəxsi heyət və hərbi texnika baxımından itkilər verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusu əməliyyat şəraitinə nəzarəti əlində saxlayıb.
Bununla yanaşı, Ermənistan silahlı qüvvələri Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələrini fasilələrlə atəşə tutub. Ağcabədi rayonunun Qiyaməddinli kəndinə dörd mərmi atılması isə dinc əhalinin təhlükəsizliyinə qarşı yönəlmiş növbəti hücum idi. Düşmənin yaşayış məntəqələrini hədəfə alması müharibənin humanitar mənzərəsini daha da ağırlaşdırırdı. Azərbaycan Ordusu isə öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəsini beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində davam etdirirdi.
Cəbhədə döyüşlər davam etdiyi bir vaxtda Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələri də Ermənistanın artilleriya hücumlarına məruz qaldı. Tərtər şəhəri, Səhləabad kəndi, Ağdam rayonunun Hacıturallı və Əfətli kəndləri düşmən tərəfindən atəşə tutuldu. Azərbaycan Ordusunun bölmələri düşmənin atəş nöqtələrinin susdurulması istiqamətində cavab tədbirləri gördü.
Həmin hücumlar Ermənistanın hərbi uğursuzluqlar fonunda mülki əhalini təzyiq altında saxlamaq siyasətindən əl çəkmədiyini göstərirdi. Yaşayış evlərinin, mülki obyektlərin təhlükə qarşısında qalması, insanların doğma yurdlarında hər an atəşə məruz qalması müharibənin ağır reallığı idi. Lakin bütün bu çətinliklər Azərbaycan xalqının mübarizə əzmini sarsıda bilmirdi.
Günün diqqətçəkən hərbi hadisələrindən biri düşmənin döyüş meydanında atıb qaçdığı texnikaların və silah-sursatın görüntülərinin Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə təqdim edilməsi oldu. Azərbaycan hərbçilərinin qənimət kimi ələ keçirdiyi hərbi vasitələr Ermənistan ordusunun döyüş meydanında üzləşdiyi itkiləri və geri çəkilməyə məcbur qaldığı vəziyyəti əks etdirirdi. Bu görüntülər həm də Azərbaycan Ordusunun əməliyyat üstünlüyünün mühüm göstəricilərindən biri idi.
Müdafiə Nazirliyi həmin gün Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilmiş kəndlərinin videogörüntülərini də yayımladı. Həmin görüntülər torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizənin nəticələrini, Azərbaycan əsgərinin ayaq basdığı doğma yurdlarımızın yenidən Vətənə qovuşmasını əks etdirirdi. Hər bir kəndin azadlığı yalnız hərbi uğur deyil, həm də illərlə yurd həsrəti çəkən insanların qayıdış ümidinin gerçəkləşməsinə doğru atılan addım idi.
Noyabrın 5-də Tərtər istiqamətində Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin mühüm hərbi infrastrukturu dağıdıldı. Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, artilleriya zərbələri nəticəsində Ermənistan ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobilləri və digər hərbi obyektləri məhv edildi.
Bu əməliyyat düşmənin bölgədəki hərbi idarəetmə və təminat imkanlarına ciddi zərbə idi. Çünki müharibənin gedişində yalnız ön xətdəki qüvvələrin deyil, onların fəaliyyətini təmin edən qərargahların, sursat və texnika ehtiyatlarının sıradan çıxarılması da mühüm strateji əhəmiyyət daşıyırdı.
Cəbhədəki hadisələrlə yanaşı, həmin gün Azərbaycanın beynəlxalq informasiya məkanında haqq mövqeyinin müdafiəsi də davam edirdi. Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi noyabrın 5-də ictimaiyyətə təqdim olundu. Qeyd edək ki, dövlət başçısı müsahibəni noyabrın 4-də vermişdi, onun mətni isə ertəsi gün Prezidentin rəsmi internet səhifəsində yayımlandı.
Müsahibədə Prezident cəbhədəki vəziyyəti dəyərləndirərək Azərbaycan Ordusunun üstünlüyünü, işğal altında olan ərazilərin böyük hissəsinin azad edildiyini və uğurlu hücum əməliyyatlarının davam etdiyini bildirdi. Dövlət başçısı Azərbaycanın öz torpaqlarında döyüşdüyünü, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini icra etdiyini vurğuladı.
Müsahibənin mühüm məqamlarından biri humanitar atəşkəs razılaşmalarının pozulması məsələsi idi. Prezident üç dəfə əldə edilmiş humanitar atəşkəs razılaşmalarına əməl olunmadığını diqqətə çatdırdı. Ermənistan rəhbərliyinin Azərbaycan ərazilərindən qoşunların çıxarılması ilə bağlı konkret mövqe ortaya qoymasının vacibliyini vurğuladı. Dövlət başçısı Azərbaycanın hərbi əməliyyatlarının məqsədinin işğala son qoymaq və beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü bərpa etmək olduğunu bir daha bəyan etdi.
Həmin gün Baş Prokurorluğun açıqladığı mülki itkilərlə bağlı rəqəmlər isə Ermənistanın hücumlarının ağır nəticələrini bir daha ortaya qoydu. Sentyabrın 27-dən noyabrın 5-dək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olmuş, 404 nəfər yaralanmışdı. Həmçinin 2 min 971 fərdi yaşayış evi, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşmüşdü. Bu rəqəmlər müharibənin yalnız cəbhədə aparılan döyüşlərdən ibarət olmadığını, dinc insanların həyatına, ailələrin taleyinə və mülki infrastruktura vurulan zərərin miqyasını göstərirdi.
Beləliklə, Vətən müharibəsinin qırxıncı günü cəbhədəki əməliyyatların davam etməsi, düşmənin Tərtər istiqamətindəki hərbi infrastrukturunun dağıdılması, mülki yaşayış məntəqələrinə hücumlar və Prezident İlham Əliyevin beynəlxalq mətbuata verdiyi müsahibənin dərc olunması ilə yadda qaldı. Hərbi əməliyyatlar Azərbaycanın qələbəyə doğru inamlı irəliləyişini nümayiş etdirir, dövlətimizin siyasi iradəsi isə beynəlxalq ictimaiyyətə ölkəmizin haqlı mövqeyini çatdırırdı.
Noyabrın 5-i Azərbaycan tarixində böyük Zəfərə aparan yolun mühüm səhifələrindən biri oldu. Bu günün hadisələri bir daha sübut etdi ki, xalqın birliyi, dövlətin qətiyyəti və ordunun qəhrəmanlığı bir məqsəd ətrafında birləşəndə ən ağır sınaqlar belə aşılır. Vətən uğrunda döyüşən hər bir əsgər və zabitin fədakarlığı, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi Azərbaycanın haqq mübarizəsinin əsas dayağı idi.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Böyük Zəfərə aparan yol
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Media nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Ərdoğandan Azərbaycana səfəri barədə
Noyabrın 6-da gözlənilən hava şəraiti
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü Azərbaycana gəlməsi gözlənilir
Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır
Bərdə rayonunda toxum sərgi satış yarmarkası və panel müzakirə
Müharibə ilə əlaqədar əlilliyi olan 500-dən çox şəxs 626 yüksək texnologiyalı protezlə təmin edilib
140 gündə 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Dövlət başçısı: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına
Tahir Budaqov ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verilib
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb