lider-media.az

Azərbaycan xalqının və dövlətçiliyinin nicat yolu

Tarix: 9-06-2024, 20:26

     9 İyun 1993-cü il... Həqiqi müstəqilliyimizin, xilas və nicatımızın təvəllüdü. Həmin gün ölkəmizin taleyində dönüş anı oldu, xalqın qətiyyətli tələbi ilə ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı ilə böyük qurtuluşa doğru mühüm addım atıldı. Müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi.

     1993-cü ilin iyununda Gəncədə baş verən hadisələrin üzərindən xeyli müddət keçməsinə baxmayaraq, hələ də onun təhlilinə ehtiyac duyulur. Bu hadisələr, ilk növbədə, ciddi təəssüf hissi ilə xatırlanır. Çünki ötən əsrdə ikinci dəfə öz müstəqilliyini qazanmış Azərbaycan Gəncə hadisələri fonunda yenidən suverenliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Bunun da başlıca səbəbi ovaxtkı hakimiyyətin səriştəsizliyi, idarəçilik təcrübəsinin olmaması idi. AXC-Müsavat hakimiyyətinin yaratdığı anarxiya, xaos, özbaşınalıq, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqlar Gəncə hadisələrini şərtləndirən başlıca faktorlar sırasında yer alırdı. Hadisələrin xronoloji ardıcıllığı belə idi.

     4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz oldu, silahlı toqquşmada 35 nəfər həyatını itirdi. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldülər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı, ölkə vətəndaş müharibəsi astanasına gəldi. 8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşdi. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladılar.

     Ölkədə vəziyyət son dərəcə ağırlaşmışdı. Hətta bir sıra ərazilərdə, Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edir, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Azərbaycan ikinci dəfə qazandığı müstəqilliyini əldən vermək üzrə idi. 1992-ci ildə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni bərbad vəziyyətə salmışdı. Ölkədə qanunsuz silahlı quldur dəstələri meydan sulayır, iqtidarın səriştəsizliyi nəticəsində xalq iqtisadi böhranın məngənəsində boğulurdu.1993-cü il iyunun 4-də Gəncədə başlayan qanlı hadisələr Azərbaycan xalqını milli istiqlalını itirmək təhlükəsilə üz-üzə qoymuşdu. AXC-Müsavat iqtidarı bu təhlükənin qarşısını almaq gücündə deyildi.

      7 iyun 1993-cü ildə Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti Rəyasət heyətlərinin birgə iclası oldu. Ali Məclisin Sədri Heydər Əliyev iclasda çıxış edərək bildirdi ki, Gəncədə baş vermiş hadisələrə Naxçıvan MR Ali Məclisi münasibət bildirməli və bəyanat qəbul olunmalıdır. Bizim bəyanatımız xalq birliyinə, sülhə və barışığa yönəlməlidir. Bu cinayətkarlığın təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır. Biz bu bəyanatda hadisələrə siyasi qiymət verməliyik. Xalq faciə - vətəndaş müharibəsi qarşısındadır. Buna heç cür yol vermək olmaz.

     Gəncə hadisələrindən sonra ölkədə hər kəs ulu öndərin Bakıya qayıtmasını israrla tələb edir, itirilmiş dövlətçiliyin xilasını Heydər Əliyevdə görürdü. Təkcə Bakıdan deyil, ölkənin hər yerindən Heydər Əliyevə göndərilən minlərlə məktubun məzmunu belə idi: "Sizin Bakıya qayıtmağınız bizlərdən çox Anamız Azərbaycana lazımdır". Həmin vaxt deputatlar, hökumət üzvləri, hətta o zamankı prezident başda olmaqla, bütün dövlət mənsubları ümummilli liderə müraciət göndərib onu paytaxta dəvət edirdilər. Ulu öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

     Belə bir ağır vəziyyətdə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıdışı ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. İyunun 13-də Heydər Əliyev vəziyyətlə yerində tanış olmaq üçün Gəncə şəhərinə gəldi, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Bu müdrik siyasətçinin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaratdı. O, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb, söhbət etdi. Hər şeyi ətraflı öyrənəndən sonra, iyunun 15-də Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi: "Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır".

     O dövrün təhlili belə bir fikri təsdiq edir ki, xalqımızı nicata aparan yol bilavasitə iyunun 9-da başlandı. Həmin gün ulu öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atdı. Bütün siyasətçilər haqlı olaraq bu addımların qurtuluş məfkurəsinə istinad edərək atıldığını söyləyirlər. İyunun 13-də çağırılan Azərbaycan Respublikasının Milli Məclisinin fövqəladə sessiyası iyunun 15-də öz işini davam etdirdi. Gündəlikdə bir məsələ dururdu: Respublika Ali Soveti sədrinin seçilməsi. Bəzi təkliflərin olmasına baxmayaraq, deputatlar bir səslə Ali Sovet sədrinin seçilməsi məsələsini gündəliyə daxil etməyi qərara aldılar. Gizli səsvermə yolu ilə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 15 iyun günü xalqı məşəqqətlərdən qurtaran Heydər Əliyevin Bakıya dönüşü milli-mənəvi dəyərlərimizə, məfkurəmizə, varlığımıza, tarixi qəhrəmanlığımıza qayıdış günü oldu. 1993-cü ilin 15 iyunu tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. O zaman Heydər Əliyev hakimiyyətə qayıdışı ilə yaranan vətəndaş müharibəsinin qarşısını almaqla Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən bir daha qorudu.

     Dövlət başçımız bildirib ki, "1993-cü ildə ölkəmizin düşdüyü ağır vəziyyət ölkə həyatının bütün sahələrinə mənfi təsir göstərirdi. Tənəzzülün nəticələrini aradan qaldırmaq, sabitliyə nail olmaq, əlbəttə ki, böyük siyasi təcrübə, bacarıq, cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti, onun siyasi müdrikliyi, dünyadakı nüfuzu, cəsarəti və təcrübəsi, Azərbaycan xalqının Heydər Əliyev siyasətinə öz dəstəyini verməsi bu gün Azərbaycanı nəinki bölgədə, dünyada ən dinamik və sürətlə inkişaf edən ölkələrdən birinə çeviribdir". Əminliklə demək lazımdır ki, əgər Ümummilli Lider həmin vaxt Bakıya qayıtmasaydı, hakimiyyət daxilində gedən didişmələrin nəticəsi çox ağır olacaqdı. Heydər Əliyev güclü Lider kimi Azərbaycanı fəlakətdən qurtarıb inkişaf yoluna yönəltdi, müstəqilliyimizi əbədi etdi. İlham Əliyev isə güclü Lider olaraq Azərbaycanı qüdrətli dövlətə çevirdi, ərazi bütövlüyümüz bərpa olundu.

Bu gün xalqımız Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırır. 
Nurəngiz Adilqızı.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi