lider-media.az

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Baxış: 166 Tarix: Сегодня, 13:27

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365; 2025, № 2, maddə 106; 2026, № 2, maddə 106) 2.1-ci maddəsinin birinci cümləsinə birinci halda “təhlükəsizliyinə” sözündən sonra “, həmçinin balıqçılıq sahəsində” sözləri əlavə edilsin.

Maddə 2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1397 (Cild I) Əlavə – “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 27-ci maddə aşağıdakı redaksiyada verilsin:

“27. Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə aşağıdakı ixtisaslaşmış müəssisələrin (təsərrüfatların) layihələndirilməsi:

27.1. heyvandarlıq müəssisələri – yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün heyvanlar daxil olmaqla 5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzlu heyvana, digər dırnaqlı heyvanların (at, dəvə, donuz və s.) hər 1 başı isə 1 baş iribuynuzlu heyvana ekvivalent hesab olunmaqla, layihə üzrə heyvan saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox olduqda;

27.2. quşçuluq müəssisələri – yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün quşlar daxil olmaqla (inkubasiya mərhələsində olanlar istisna edilməklə) 1 baş dəvəquşu 25 baş toyuğa, 1 baş hindquşu və ya qaz 5 baş toyuğa, 8 baş bildirçin 1 baş toyuğa, digər quş növlərinin hər 1 başı isə 1 baş toyuğa ekvivalent hesab olunmaqla, layihə üzrə quş saxlama tutumu 40 000 baş toyuq ekvivalentinə bərabər və ya ondan çox olduqda;

27.3. balıqçılıq infrastrukturu (o cümlədən akvakultura təsərrüfatları) – balıqçılıq obyektlərinin illik istehsal həcmi 500 ton və ya daha çox olduqda;

27.4. aqroparklar – bu Əlavənin 27.1–27.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növlərinin hər biri üzrə və həmin fəaliyyət növləri üçün müəyyən edilmiş hədlərə bərabər və ya ondan çox olduqda.”;

2.2. 34-cü maddə ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 oktyabr 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi