Xətai rayonundakı qətl və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Oktyabrın 23-də Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” restoranında 1983-cü il təvəllüdlü, kriminal aləmdə “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Cəlal Miryaqub oğlu Mirağayevin qəsdən öldürülməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
İlkin istintaqla müəyyən edilib ki, Cəlal Mirağayevlə kriminal aləmdə “Sabunçu Emin” ləqəbi ilə tanınan Emin Qoşqar oğlu Rəhimov arasında borcla bağlı yaranmış mübahisənin həlli məqsədilə kriminal aləmlə əlaqəli digər şəxslərin iştirakı ilə 2026-cı il oktyabrın 23-də, gecə saat 00 radələrində qeyd olunan restoranda görüş təşkil olunub. Görüş zamanı tərəflər arasındakı münaqişə fiziki qarşıdurmaya çevrilib və ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunan dava baş verib.
Dava zamanı Cəlal Mirağayev Emin Rəhimova yumruqla zərbə vurub. Bundan sonra Emin Rəhimovun dostu Elmar Sücayət oğlu Cəfərov və Emin Rəhimov bıçaqla Cəlal Mirağayevə zərbələr endiriblər. Nəticədə Cəlal Mirağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bundan əlavə, davada iştirak edən digər şəxslərlə bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.1 və 218.2-ci (cinayətkar birlik yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və digər nümayəndələrinin birliyində iştirak etmə), 234.4.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) və digər maddələri ilə cinayət işi başlanıb.
Qeyd olunan cinayətlərin törədilməsində bu və ya digər formada iştirak etmiş 13 nəfər – Elmar Sücayət oğlu Cəfərov, Emin Qoşqar oğlu Rəhimov, Əhməd Arzuxan oğlu Əli-Zadə, Həsən Mehman oğlu Zülfüqarov, Ramil Zahir oğlu Dadaşov, Eldar Faiq oğlu Eldarov, İsmayıl Fərəməz oğlu Kazımov, Xəyyam Ağamməd oğlu Səfixanov, Kamran Səttar oğlu Əfəndiyev, Elvin Füzuli oğlu Səfərov, Mikayıl Vəli oğlu İsmayılov, Elmar Ağayusif oğlu Nuriyev və Fərid Rəfail oğlu Əyyublu Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən prokurorluqla əlaqələndirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaq orqanına təhvil veriliblər.
İstintaq tədbirləri nəticəsində Cəlal Mirağayevin başqa cinayət əməli ilə əlaqədar axtarışda olan Elmar Cəfərov və Emin Rəhimov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə, digər şəxslər isə yuxarıda qeyd olunan müvafiq maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında saxlanılan şəxslərin hamısı barəsində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cəlal Mirağayevin qətlə yetirilməsi ilə əlaqədar qeyd olunan cinayət işləri, eləcə də adıçəkilən şəxslər barəsində əvvəllər başlanmış cinayət işləri bir icraatda birləşdirilib. Prokurorluq və daxili işlər orqanlarının peşəkar müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb. Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Baş prokuror tərəfindən Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub və iş nəzarətə götürülüb.
Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla bütün halların müəyyənləşdirilməsi, qanuni və əsaslandırılmış qərarların qəbul edilməsi, habelə istintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.
Eyni zamanda, Baş Prokurorluq istintaqın obyektivliyinə və gedişinə mənfi təsir göstərə biləcək, prokurorluqla dəqiqləşdirilməmiş məlumatların yayılmasının qanunla yolverilməz olduğunu media nümayəndələrinin və sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırır.