Türkiyə dünyanın kosmik elitasını Antalyada bir araya gətirəcək


Türkiyə 2026-cı ildə bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlər sırasında 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) və COP31 İqlim Konfransı da yer alır.
Dünyanın aparıcı turizm mərkəzlərindən biri olan Antalya 2026-cı ildə beynəlxalq dialoq və əməkdaşlığın mühüm ünvanlarından birinə çevriləcək. Türkiyə Rivyerasının ən məşhur şəhərlərindən olan Antalya milyonlarla xarici turist qəbul etməklə yanaşı, iri beynəlxalq tədbirlərin keçirilməsi üçün zəruri infrastruktur, geniş yerləşmə imkanları və zəngin təşkilati təcrübəyə malikdir.
5-9 oktyabr tarixlərində Antalyanın Belek bölgəsində keçiriləcək 77-ci Beynəlxalq Astronavtika Konqresi dünya kosmik ictimaiyyətini ilk dəfə Türkiyədə bir araya gətirəcək.
Beynəlxalq Astronavtika Federasiyasının (IAF) təşkil etdiyi IAC dünyanın ən böyük və nüfuzlu kosmik tədbirlərindən biri hesab olunur. Konqresdə müxtəlif ölkələrin kosmik agentliklərinin nümayəndələri, astronavtlar, alimlər, mühəndislər, texnologiya şirkətlərinin təmsilçiləri və sənaye mütəxəssisləri iştirak edəcəklər.
Tədbir çərçivəsində kosmos sahəsində əldə olunan son nailiyyətlər müzakirə ediləcək, yeni texnologiyalar təqdim olunacaq, akademik və texniki sessiyalar, şirkət təqdimatları, beynəlxalq sərgilər və yüksək səviyyəli görüşlər keçiriləcək.
10 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi IAC 2026 kosmik tədqiqatların, yeni məhsul və texnologiyaların təqdimatı, eləcə də beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma olacaq.
IAC 2026 Türkiyə Kosmik Agentliyinin (TUA) ev sahibliyi, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası və SAHA İstanbul Aerokosmik Klasterinin həmtəşkilatçılığı ilə keçiriləcək.
Konqres Antalyanın əsas konqres məkanlarından biri olan NEST Konqres Mərkəzində təşkil olunacaq. Tədbir müxtəlif ölkələrdən nümayəndələri bir araya gətirməklə yanaşı, kosmik sənayedə əməkdaşlığın və yeni tərəfdaşlıqların inkişafı üçün də mühüm platforma rolunu oynayacaq.
Astronavtlarla görüşlər və ictimai proqramlar
Konqres çərçivəsində akademik sessiyalar və bilik mübadiləsi proqramları ilə yanaşı, geniş ictimaiyyət üçün də müxtəlif tədbirlər nəzərdə tutulur. Astronavtların tələbələr və gənc mütəxəssislərlə görüşləri proqramın əsas istiqamətlərindən biri olacaq.
İştirakçılar kosmosa uçuş təcrübəsi olan astronavtlarla birbaşa ünsiyyət qurmaq və onların təcrübələrini dinləmək imkanı əldə edəcəklər.
Konqresin diqqətçəkən tədbirlərindən biri isə IAC 2026-nın qala mərasimi və ziyafəti olacaq. Tədbirin Antalyanın tarixi məkanlarından biri olan qədim Aspendos teatrında keçirilməsi nəzərdə tutulur.
“Dünyaya daha çox kosmos lazımdır”
IAC 2026 “Dünyaya daha çox kosmos lazımdır” şüarı ilə keçiriləcək.
Bu şüar kosmosun davamlı və ədalətli şəkildə tədqiqinə, onun təhlükəsizliyinin təmin edilməsinə və bütün ölkələr üçün əlçatan olmasına diqqət çəkir.
Konqres çərçivəsində kosmosun təhlükəsizliyi, kosmik tədqiqatlar və Yer kürəsindən kənarda həyata keçirilən fəaliyyətlərin etik aspektləri ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda, gələcək nəsillər üçün kosmosun dinc, təhlükəsiz və əməkdaşlığa açıq mühit kimi qorunmasının yolları nəzərdən keçiriləcək.
Konqresin maskotu “Turkuaz”
IAC 2026-nın rəsmi maskotu Antalyanın firuzəyi rəngli sahillərinə istinadla “Turkuaz” adlandırılan caretta-caretta dəniz tısbağasıdır.
Aralıq dənizinin ən tanınan canlılarından olan caretta-carettalar Antalyanın bir sıra sahillərində, o cümlədən IAC 2026-nın keçiriləcəyi Belekdə yuva qururlar.
“Turkuaz” obrazı Antalyanın firuzəyi sahillərindən kosmosa uzanan səyahəti simvolizə edir. Minlərlə kilometr məsafə qət etdikdən sonra yumurtadan çıxdıqları sahillərə qayıdan caretta-carettaların həyat dövrü bəşəriyyətin kosmosu öyrənmək istiqamətindəki axtarışları ilə əlaqələndirilir.
Maskot eyni zamanda kosmosun tədqiqi prosesində Yer kürəsinin qorunmasının vacibliyinə diqqət çəkən simvol kimi təqdim olunur.
Antalya beynəlxalq tədbirlər üçün hazırdır
Türkiyə Rivyerasının sahilində yerləşən Antalya təbii gözəllikləri, qədim şəhərləri, zəngin mətbəxi və müxtəlif turizm imkanları ilə yanaşı, beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli infrastruktura da malikdir.
Şəhərdə astronomiya, aerokosmik mühəndislik və digər elmi istiqamətlər üzrə fəaliyyət göstərən universitet və tədqiqat mərkəzləri mövcuddur.
Antalyanın hava, avtomobil və dəniz nəqliyyatı vasitəsilə əlçatanlığı, geniş otel şəbəkəsi və müasir konqres infrastrukturu şəhəri iri beynəlxalq tədbirlər üçün əlverişli məkana çevirir. Şəhərdə ümumilikdə 175 mindən çox nəfər üçün yerləşmə imkanının olduğu bildirilir.
Bu imkanlar IAC 2026 iştirakçılarına yalnız konqres proqramında iştirak etmək deyil, həmçinin Antalya və ətraf bölgələrin tarixi, mədəni və turizm imkanları ilə tanış olmaq şəraiti yaradacaq.
IAC 2026-nın Türkiyədə keçirilməsi ölkənin Milli Kosmik Proqramı çərçivəsində qarşıya qoyulan məqsədlərin beynəlxalq səviyyədə tanıdılması, eləcə də Türkiyənin qlobal kosmik sənaye və elmi əməkdaşlıq platformalarında iştirakının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.