Antalya beynəlxalq tədbirlərin qlobal mərkəzinə çevrilir



Möhtəşəm təbiəti, günəşli sahilləri, Mavi Bayraq sertifikatlı çimərlikləri, qədim tarixi abidələri və zəngin mədəni irsi ilə Antalya tarix, təbiət və müasir komfortu harmonik şəkildə birləşdirən nadir şəhərlərdən biridir. Aralıq dənizi mətbəxinin seçkin nümunələri və yüksək xidmət standartları ilə seçilən dəbdəbəli kurortları sayəsində şəhər Türkiyə Rivyerasının ən cəlbedici istiqamətlərindən biri olmaqla yanaşı, ölkənin turizm sektorunun aparıcı simvollarından hesab edilir.
Lakin Antalya yalnız istirahət turizmi ilə tanınmır. Şəhər 300-dən çox beşulduzlu hotel və 175 mindən artıq iştirakçı qəbul etmək imkanına malik müasir tədbir məkanlarını əhatə edən güclü konqres infrastrukturu ilə işgüzar turizmin də öncül ünvanlarından biridir. Daha əvvəl G20 Zirvə Toplantısı kimi nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmiş Antalya etibarlı qlobal görüş və tədbirlər mərkəzi kimi mövqeyini daha da möhkəmləndirib.
Bu potensialın məntiqi davamı olaraq Antalya 2026-cı ildə beynəlxalq tədbirlər təqvimində xüsusi yer tutacaq. İl ərzində şəhərdə qlobal konfranslar, mədəniyyət və incəsənət festivalları, eləcə də iri miqyaslı idman yarışları təşkil olunacaq.
2026-cı ilin ən mühüm tədbirləri sırasında 31 may–3 iyun tarixlərində keçirilən və Türkiyənin ilk beynəlxalq idman turizmi sərgisi olan Sports & Events Türkiye, 5–9 oktyabr tarixlərində baş tutacaq 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC) və 9–20 noyabr tarixlərində təşkil ediləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) xüsusi yer tutur.
Bununla yanaşı, Antalya dünyanın ən nüfuzlu mədəniyyət tədbirlərindən biri sayılan Aspendos Opera və Balet Festivalına, eləcə də Runtalya Marafonu və Turkish Airlines Open qolf turniri kimi beynəlxalq idman yarışlarına da ev sahibliyi edəcək.
Beləliklə, Antalya 2026-cı ildə turizm, biznes, mədəniyyət və idman sahələrində qlobal diqqəti öz üzərinə cəmləyən aparıcı beynəlxalq tədbir mərkəzlərindən birinə çevriləcək.
Antalya Moda Həftəsi beynəlxalq moda səhnəsində
Antalyanın zəngin tədbirlər təqviminin diqqətçəkən məqamlarından biri də şəhərin artıq ənənəyə çevrilmiş beynəlxalq platformalara ev sahibliyini davam etdirməsidir. Bu tədbirlərdən biri olan Antalya Moda Həftəsi (Antalya Fashion Week – AFW) 2026-cı ildə doqquzuncu dəfə keçiriləcək. İyunun 2–4-də təşkil olunacaq moda həftəsi Antalyanın mədəni irsini, multikultural ruhunu və unikal coğrafiyasını beynəlxalq moda səhnəsində nümayiş etdirməyi hədəfləyir.
Şəhərin mədəni kimliyini ön plana çıxaran IX Antalya Moda Həftəsi mövsümlərin sərhədlərini aşan yeni moda baxışını təqdim edən innovativ proqramları ilə seçiləcək. Tarixi məkanlarda təşkil olunacaq podium nümayişləri, yaradıcı əməkdaşlıqlar və müxtəlif seminarlar vasitəsilə Antalyanın özünəməxsus ruhu müasir moda dili ilə yenidən şərh ediləcək.
Tədbirdə Türkiyənin tanınmış modelyerləri ilə yanaşı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və digər ölkələrdən dizaynerlər iştirak edəcəklər. Bu isə Antalya Moda Həftəsinin beynəlxalq nüfuzunun ildən-ilə artdığını və qlobal moda sənayesində mövqeyinin daha da gücləndiyini nümayiş etdirəcək.
Doqquzuncu dəfə keçiriləcək Antalya Moda Həftəsi şəhərin təkcə turizm və tədbirlər mərkəzi deyil, həm də regionun yüksələn moda platformalarından biri olduğunu bir daha təsdiqləyəcək.
Dörd fəsildə cazibədar turizm məkanı
İldə təxminən 300 gün günəşli hava, büllur kimi təmiz Aralıq dənizi sahilləri və zəngin turizm imkanları ilə Antalya uzun illərdir Türkiyənin ən populyar istirahət istiqamətlərindən biri kimi tanınır. Ailəvi istirahət üçün əlverişli hotellər, Mavi Bayraq sertifikatlı çimərliklər və geniş əyləncə imkanları şəhərin cəlbediciliyini daha da artırır.
Bununla belə, Antalya yalnız yay turizmi ilə məhdudlaşmır. Mülayim iqlimi, zəngin tarixi irsi, möhtəşəm təbiəti və qastronomik zənginliyi sayəsində şəhər ilin bütün fəsillərində müxtəlif maraqlara malik turistlər üçün ideal səyahət məkanıdır.
Üç qədim sivilizasiya bölgəsinin qovşağında yerləşən Antalya tarix və mədəniyyət həvəskarları üçün əsl kəşf məkanı hesab olunur. Şəhərin tarixi ürəyi sayılan Kaleiçinin dar küçələri və qədim memarlıq nümunələri ziyarətçiləri əsrlər öncəyə aparır. Bundan əlavə, Aspendos, Patara, Side və Faselis kimi dünya şöhrətli arxeoloji abidələr bölgənin minilliklərə söykənən tarixini yaxından tanımaq imkanı yaradır.
Aktiv istirahət həvəskarları üçün də Antalya geniş seçimlər təqdim edir. Əfsanəvi Likya Yolunda yürüş etmək, Tavr dağlarının mənzərəli marşrutları boyunca velosiped sürmək və ya bölgənin gizli koylarını kəşf etmək üçün mavi səyahət turlarına qoşulmaq mümkündür.
Yay mövsümünün əksər hallarda oktyabr ayına qədər davam etdiyi Antalya qolf, dalğıclıq və macəra turizmi sahələrində də seçilir. Ziyarətçilər Belekin məşhur qolf meydançalarında vaxt keçirə, Kaşda dalğıclıq edə, Karain və Damlataş mağaralarını ziyarət edə, yaxud Köprülü Kanyonunda rafting həyəcanı yaşaya bilərlər.
Səyahətin ayrılmaz hissəsi olan yerli mətbəx isə Antalyadakı təcrübəni daha da zənginləşdirir. Təzə dəniz məhsulları, zeytun yağı ilə hazırlanan Aralıq dənizi təamları və bölgəyə məxsus şərablar qonaqlara şəhərin zəngin kulinariya mədəniyyətini kəşf etmək imkanı yaradır.
Tarixi, təbiəti, dənizi, macəra imkanları, zəngin mətbəxi və ilboyu davam edən tədbirlər təqvimi ilə Antalya ziyarətçilərinə hər mövsüm unudulmaz təcrübələr vəd edən dünyanın seçilən turizm və tədbir mərkəzlərindən biri kimi diqqət çəkir.