Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Tikinti işləri təxminən 10-11 ay davam edəcək və və bu müddət ərzində qatarlar “Nizami–28 May” arasında fəaliyyət göstərməyəcək.Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun icra olunur.
Bakı metrosunun gələcək inkişafı üçün strateji zərurət olan bu layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.
Hazırda "28 May" stansiyasının platformasında fərqli istiqamətlərə gedən minlərlə sərnişin eyni sahəni paylaşır ki, bu da xüsusilə pik saatlarda normadan artıq yüklənməyə və sərnişinlərin qatarlara minib-düşməsində ciddi çətinliklərə səbəb olur. Layihə tamamlandıqdan sonra "İçərişəhər" istiqamətinə gedən sərnişinlər "28 May", "Dərnəgül" istiqamətinə gedənlər isə "Cəfər Cabbarlı" stansiyasının platformasından istifadə edəcəklər. Bununla yanaşı, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək.
Tikinti dövründə müvəqqəti dəyişikliklər:
Layihənin icrası çərçivəsində Yaşıl xəttə xidmət göstərəcək “Dərnəgül” elektrik deposunun inşaatının ikinci mərhələsi başa çatmaq üzrədir. Bununla da “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin inşasına başlanılır. Tikinti işləri avqustun 15-dən başlayaraq təxminən 10-11 ay davam edəcək. İnşaat dövründə metroda hərəkət aşağıdakı kimi təşkil olunacaq:
Qeyd edək ki, tikinti işləri başa çatdıqdan sonra Qırmızı ("İçərişəhər–Həzi Aslanov") və Yaşıl ("Dərnəgül–Xətai") xətlər sərnişinlərə tam müstəqil infrastrukturla xidmət göstərəcək. Belə ki, Yaşıl xətt üzrə qatarların hərəkəti "Dərnəgül" stansiyasından başlayaraq "Cəfər Cabbarlı" vasitəsilə "Xətai" stansiyasına qədər davam edəcək və Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə olacaq. Beləliklə, "Cəfər Cabbarlı-Xətai" sahəsində mövcud olan 8 dəqiqəlik gözləmə intervalı artıq tarixə qovuşacaq. Növbəti mərhələdə Y-15 stansiyasına qədər tunellər və dönmə infrastrukturu tamamlandıqdan sonra isə Yaşıl xətt üzrə intervalın 2 dəqiqəyədək azaldılması mümkün olacaq.
Qırmızı xətt üzrə isə "İçərişəhər" dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır. Bu infrastrukturlar tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə intervalların 2 dəqiqəyədək azaldılması mümkün olacaq.
Bakı Metropoliteni sərnişinlərdən tikinti dövründə yarana biləcək müvəqqəti narahatlıqları anlayış və səbirlə qarşılamağı xahiş edir.