lider-media.az

Azərbaycan və Rusiya səhiyyə nazirləri arasında görüş keçirilib

Baxış: 168 Tarix: Сегодня, 12:57

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələri və onların inkişaf perspektivləri müzakirə olunub.

Nazir Teymur Musayev iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, səhiyyə sahəsində də qarşılıqlı əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. O bildirib ki, tibb təhsili, tibbi kadrların hazırlanması, ixtisasartırma proqramları, elmi-tədqiqat fəaliyyəti, rəqəmsal səhiyyə, ictimai səhiyyə və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib. O qeyd edib ki, təcrübə mübadiləsi, birgə elmi-praktik layihələrin həyata keçirilməsi və mütəxəssislər arasında əməkdaşlıq hər iki ölkənin səhiyyə sisteminin inkişafına mühüm töhfə verəcək.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Sonda nazirlər səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi