Səhiyyə Nazirliyi Laçında - “Böyük Qayıdış” çərçivəsində növbəti tibbi aksiya keçirilib

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində tədbirlərini davam etdirir. Bu məqsədlə Nazirliyin təşkilatçılığı ilə Laçın şəhərində növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.Aksiyada Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun ixtisaslaşmış həkim briqadası iştirak edib. Nevroloq, revmatoloq-artroloq, travmatoloq, uroloq, oftalmoloq, terapevt, fizioterapevt-reabilitoloq və tibb bacılarından ibarət heyət tərəfindən sakinlərə kompleks tibbi xidmətlər göstərilib.


Müayinələr çərçivəsində vətəndaşlar nevroloji, artroloji, travmatoloji, uroloji, terapevtik və fizioterapevtik-reabilitasiya istiqamətləri üzrə müayinələrdən keçiblər. Eyni zamanda, nevroloqlar tərəfindən elektromioqrafiya (EMQ), oftalmoloqlar tərəfindən isə refraktometr vasitəsilə göz müayinələri aparılıb.
Müayinələr zamanı müxtəlif sağlamlıq problemləri aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə kursları və əlavə müayinələr təyin olunub.
Aksiya çərçivəsində orta yaşlı əhali arasında onurğa, sinir sistemi, dayaq-hərəkət aparatı və serebrovaskulyar xəstəliklərin erkən aşkarlanması istiqamətində müayinələr aparılıb. Həmçinin 14 yaşadək uşaqlarda, eləcə də 16–65 yaş aralığında olan şəxslərdə skolioz və digər vertebrogen problemlərin diaqnostikası və bərpası istiqamətində qiymətləndirmələr həyata keçirilib. Uşaqlar üçün fizioterapevtik baxışlar da təşkil olunub.




Aksiya zamanı 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də əhali üçün maarifləndirici tədbirlərin, profilaktik aksiyaların və səyyar tibbi müayinələrin keçirilməsi davam etdiriləcək.



