lider-media.az

Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Baxış: 1104 Tarix: Сегодня, 16:55

2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur.

Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri vardır. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur xalça ustalarından biri olaraq xüsusi şöhrət qazandırmışdır. Lətif Kərimov Azərbaycan xalçalarının ornamental, kompozisiya xüsusiyyətlərini müəyyənləşdirmiş və mükəmməl sistemli təsnifatını işləyib hazırlamışdır. Xalça sənətinin beynəlxalq miqyasda mahir bilicisi kimi tanınmış alimin bu istiqamətdə apardığı fundamental tədqiqatlar indi də ən çox istinad olunan mötəbər mənbələrdəndir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalq tətbiqi sənətinin inkişafı, tədqiqi və təbliği işinə dəyərli töhfələr vermiş görkəmli xalça rəssamı Lətif Kərimovun 120 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Xalq rəssamı Lətif Kərimovun 120 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi