Azərbaycanda kənd təsərrüfatında rəqəmsal transformasiya və dayanıqlılıq mövzusunda təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyində “Estoniyada rəqəmsal transformasiya, təsərrüfatların dayanıqlılığı, siyasətin monitorinqi və qiymətləndirilməsi” mövzusunda təlim təşkil olunub. Tədbir Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan üçün hərtərəfli təsərrüfatların dayanıqlılığının ölçülməsi sisteminin işlənib hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə texniki dəstək” layihəsi çərçivəsində baş tutub.
Təlimin əsas məqsədi Estoniyanın kənd təsərrüfatı siyasəti əsasında formalaşmış rəqəmsallaşma təcrübəsinin təqdim edilməsi, süni intellektin tətbiqi, təsərrüfatların dayanıqlılığının ölçülməsi, eləcə də aqrar siyasətin monitorinqi və qiymətləndirilməsi istiqamətlərində beynəlxalq təcrübə mübadiləsinin təşkili olub.
Tədbirin açılışında çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, təlim Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası ilə həyata keçirilən Texniki Əməkdaşlıq layihəsi (TCP) çərçivəsində təşkil olunub. O, qeyd edib ki, layihə Kənd Təsərrüfatı Nazirliyi üçün mövcud süni intellekt proqramının, o cümlədən Fermer Təsərrüfatlarının Məlumat Monitorinqi Sisteminin gücləndirilməsi və daha sistemli şəkildə inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Nazir müavini vurğulayıb ki, hazırda Nazirliyin həyata keçirdiyi əsas təşəbbüslərdən biri də fermerlərin qiymətləndirmə sisteminin yaradılmasıdır. Bu sistemin məqsədi qısamüddətli iqtisadi mənfəətə əsaslanan yanaşmalarla iqlimə davamlı, resurslardan səmərəli istifadə edən və uzunmüddətli dayanıqlılığı təmin edən fermer təsərrüfatlarını fərqləndirməkdir.
Bu yanaşma bizə kənd təsərrüfatında “yaşıl keçid”i təşviq etmək, dövlət dəstək mexanizmlərini daha hədəfli və effektiv etmək, həmçinin siyasət alətlərimizi real məlumatlara əsaslanaraq təkmilləşdirmək imkanı verir.
Süni intellekt artıq kənd təsərrüfatında risklərin azaldılması, resursların optimallaşdırılması, məhsuldarlığın artırılması və iqlim dəyişikliklərinə uyğunlaşma baxımından mühüm alətə çevrilmişdir. Bizim məqsədimiz bu texnologiyaları fermerlər üçün real fayda yaradan, əlçatan və effektiv mexanizmlərə çevirməkdir.
FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Nasar Hayat Kənd Təsərrüfatı Nazirliyi ilə davam edən əməkdaşlıq çərçivəsində təsərrüfatların dayanıqlılığı və rəqəmsal transformasiya məsələlərinin müzakirəsi üçün təşkil olunan bu görüşün əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu cür təşəbbüslər beynəlxalq təcrübənin tətbiqinə, mövcud səylərin gücləndirilməsinə və ölkədə daha səmərəli, dayanıqlı kənd təsərrüfatı sisteminin formalaşmasına töhfə verir.
Çıxışlardan sonra FAO-nun siyasət üzrə mütəxəssisi Dmitri Zvyagintsev layihə çərçivəsində görülən işlər və qarşıda duran hədəflər barədə təqdimat edib.
FAO-nun beynəlxalq eksperti Eduard Matveev “Estoniyanın kənd təsərrüfatı siyasəti əsasında formalaşmış rəqəmsallaşma təcrübəsi” mövzusunda geniş təqdimatla çıxış edərək rəqəmsal həllərin tətbiqi və siyasət alətlərinin effektivliyi barədə məlumat verib.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı