lider-media.az

Tənha söyüd ağacı - HEKAYƏ

Baxış: 791 Tarix: 15-04-2026, 11:05



 
Axar-baxarlı, dağlar qoynunda yerləşən kəndlərin birində bir qız yaşayırdı. Adı Səma idi. Özü balaca olan bu qızın arzuları dünya boyda idi. Xoşbəxt idi Səma. Bu dünyaya gəldiyi üçün, var olduğu üçün. Sevirdi Səma, sevilirdi Səma. Sevirdi ata-anasını, bacı-qardaşlarını, yaxınlarını, doğma¬larını. Sevdiyi kəslər tərəfindən sevilir¬di. Sevə-sevə, sevilə-sevilə yaşayırdı. Gözəl arzuları var idi. Ona elə gəlirdi ki, insanın ən gözəl və ən ülvi arzuları kol altından gizlin-gizlin boylanan kövrək və tər qızılgül qönçələri kimidir. Amma bilmirdi ki, arzular getdikcə öz kövrəkliyini, təzəliyini itirir və adiləşir, solğunlaşır, gücsüzləşir. Çünki o bilmirdi ki, arzu arzulandığı anda ülvidir, kövrəkdir, tərdir.

Arzuların qanadında yaşayırdı Səma. Arzulardan qanad açıb uçurdu Səma. Özü təbiətən çox sadə olan bu qız dünyada özünü tək, yalnız hiss edirdi. Mehriban, səmimi olduğu qədər də bir o qədər insanlarla arasına məsafə qoymağa üstünlük verirdi. İkiüzlülüyü, yaltaqlığı sevmirdi, hər hansı qəbildən olan xəyanəti qəbul etmirdi. Saf idi Səma, adı qoyulduğu səma kimi, sadə idi doğulub boya-başa çatdığı doğma kəndi və onun adamları kimi. 
Gecələr dup-duru aydın səmanın ənginliklərində sayrışan ulduzları, qatarlaşıb harasa üz tutan ağ-appaq buludları seyr etməkdən doymurdu bu balaca və gözəl qızcığaz.

Parça-parça ağ buludlar sanki bu balaca qızcığazı da özlərilə aparmaq istəyirdilər. Lakin gedə bilməzdi Səma. Buna onun gücü, imkanı, hüququ çatmırdı. Hərdən qanadlanıb uçmaq istəyirdi Səma, uça bilmirdi. Niyə uça bilmirdi? Özü də bilmirdi. Uça bilməyəndə özünü cansız, hissiz hiss edirdi. Saymaqda da haqlıydı. Uçmaq üçün  Allah quşlara qanad, insanlara arzularını vermişdi. Onun da arzuları var idi. Ürəyinin dərinliklərindəki ən gözəl və ən ülvi arzular qanadlandırırdı Səmanı, amma uça bilmirdi. Uça bilmədiyinə görə çox peşman idi Səma. Niyə uça bilmirdi Səma?. Özü də bilmirdi. 


Bilmədiyi çox şey var idi bu dünyada. Adamları qəribə idi bu dünyanın. İşləri qəribə idi bu dünyanın. Sevgiləri qəribə idi bu dünyanın. Niyə qəribə idi, özü də bilmirdi. Adamları qəribə idi ona görə ki, nə istədiklərini özləri də bilmirdilər. Və nə istədiklərini bilməyə-bilməyə əziyyət çəkirdilər bu dünyada. Bəlkə də nə istədiklərini bilənlər var idi, amma onlar da əziyyət çəkirdilər.

 İşləri qəribə idi ona görə ki, hər kəs öz yerini tapmaqda çətinlik çəkirdi ya bəlkə də heç tapmırdı və tapmayacaqdı da. Yerlər dəyişik düşə-düşə işlər də qəribələşirdi.

Sevgiləri qəribə idi ona görə ki, sevgilər də dəyişik düşürdü bu dünyada. Sənin sevgini, sənin yalnız özünə aid olan sevgini kimsə özününkü edir, sən isə başqasının. 
Səma bunları bilirdi. Bildiyinə görə də sevmək istəmirdi. Bilirdi sevsə, kimsə onun sevgisini oğurlayıb özününkü edəcək. Və bir şey ki onun olmayacaqdı, onu həyata gətirmək, ona can vermək  nəyə lazım idi. Sevmək istəmirdi ona görə ki, axtardığı sevgini tapa bilməyəcəyini anlayırdı. Sevmək istəmirdi ona görə ki, kimsə onu sevəcəkdi, o isə başqasını. 

Amma.. Amma insan ona hakim olan hisslərdən necə uzaq qaça bilər?. Yəni o elə bir hissdir ki, istəsən də, istəməsən də sənə, sənin hissələrinə hakim olur. Ya bütün həyatını büs-bütün dəyişib xoşbəxt edir, ya da bütün həyatını alt-üst edir. Ya səni fərəhdən qanadlanıb uçmağa, ya da qüssədən, fikirdən ölüb-qurtar¬mağa məcbur edir. 

Səma da sevirdi. Sevgisi dağ çiçəkləri kimi zərif və incə idi. O, öz sevgisini hamıdan gizli saxlayırdı. İstəmirdi ki, ona, onun iç dünyasına aid olanları kimsə bilsin. İstəmirdi kimsə onun o gözəl və ülvi hisslərini təhlil etsin. Məktəb yaşıdları, tay-tuşları onu həddindən artıq sevib, hörmət etsələr də heç bir kəs onu daxili aləminə girməyə cür`ət etmirdi. Ona görə ki, Səmanın özü buna razı deyildi. Niyə razı deyildi, bunu ancaq özü bilirdi. 


Oxuduğu məktəb kəndin düz mərkəzində yerləşirdi. Evlərindən məktəbə qədər yolu qət etmək üçün ona on beş dəqiqə vaxt lazım idi. Səma bəlkə də kənddəkilər ona gülməsə həmin məktəb yolunu qaça-qaça, yüyürə-yüyürə lap beş dəqiqəyə qət edərdi. Ona görə ki, məktəb Səmanın həyatı idi. Məktəbdə, oxuduğu maraqlı, məzmunlu kitablarda boğulduğu dar mühitdən xilas yolu, nicat yolu axtarırdı.

Bütün bunlar onun üçün əlçatmaz olsa da, xəyallarının bir gün həqiqət olacağına inanırdı. İnanmasa yaşaya bilməzdi, Səma. Vallah yaşaya bilməzdi. Niyə yaşaya bilməzdi Səma? Bilmirdi. 
Məktəb və müəllim kollektivi arasında böyük hörməti vardı. Çox sevirdi uşaqlar onu. Bir dərdləri, sərləri olanda onunla məsləhətə gəlir, ondan kömək istəyirdilər. O da bacardığı qədər köməyini əsirgəməz və bundan böyük zövq alardı. 

Səmanı məktəbə qaçmağa vadar edən bir səbəb də vardı. O məktəbə bir də öz məhəbbətini görmək üçün qaçırdı. Bu ona, yalnız ona məxsus olan məhəbbət, ona xas olan sevgi idi. Oğlan da sevirdi onu. Amma Səma kimi yox. Sevə bilməzdi Səma kimi Fəxrəddin. Çünki o da başqa oğlanlar kimi adi idi. Səma isə Fəxrəddini ideallaşdırırdı.

Həyatındakı başqa Fəxrəddin idi, xəyallarındakı başqa. Xəyallarındakı Fəxrəddin bir baxışdan başa düşürdü onu. Güldən ağır söz demirdi, incitmirdi Səmasını. Xəyallarındakı Fəxrəddini nə vaxtsa oxuduğu sirli-sehrli, bal kimi şirin nağıllardan uydurmuşdu Səma. Xəyallarında onunla nişanlanır, toyları olurdu. Uçurdu sevgi dünyasının qanadlarında. 
Həyatdakı Fəxrəddin isə bu dünyanın övladıydı. Həm adi idi, həm mürəkkəb. Həm yaxşı idi, həm pis. Həm gözəl idi, həm çirkin. 


Bir sirli-sehrli payız axşamı Fəxrəddinlə görüşməli idilər. Getmək istəmirdi Səma, amma getməliydi. Bu görüş onların taleyini həll edəcəkdi. Bu görüş bir çox müəmmalı, anlaşılmaz sualları cavablayacaqdı. Bir çox məsələlərə aydınlıq gətirəcəkdi. Getməyə bilməzdi Səma. O, ürəyini, qəlbini didib-parçalayan şübhələrə birdəfəlik son qoymalı, hər şeyi aydınlaşdırmalı, Fəxrəddinindən əlini üzməli idi. 

Fəxrəddin isə düz bir saat idi ki, tənha söyüd ağacının altında durub onu gözləyirdi. Bu görüş onun üçün də çox ağır idi. Hiss edirdi ki, bir daha Səmanı görməyəcək. Odla su arasında qalmışdı Fəxrəddin. Elə uşaqlıqdan seçim qarşısında aciz idi, indi də aciz qalmışdı. O, bir yandan onun üçün çox əziz olan varlıqdan keçə bilmir, digər yandan da reallıqla barışmaq məcburiyyətində qalırdı.

Səma neyləyəydi ki, atasının çoxlu pulu, varı və bir də böyük adı-sanı yox idi. Neyləyəydi ki, onun istədiyi oğlan adi idi, yazıq idi və bir də bu zəmanənin övladıydı. Fəxrəddin əzab çəkirdi. O Səmanın qarşısında günahkar idi. Bunu özünə heç vaxt bağışlamayacaqdı və həmişə də vicdanı onu incidəcəkdi. Qəlbini üzən qarmaqarışıq fikirlər ona rahatlıq vermirdi. 
Qəfil səsdən diksindi. Başını qaldıranda Səmanı başı üstündə dayanmış gördü.
-Salam!
-Salam, Səma! Niyə belə gec gəldin?
Fəxrəddin verdiyi adi sualla aradakı buzu, soyuqluğu əritmək istədi. 
-Gec ya tez, nə fərqi var bundan sonra. Gəlməyə də bilərdim. 
-Belə amansız olma, Səma. İnsafın olsun.
-İnsaf.. Bəs sənin insafın var?

Bir müddət hər ikisi susdular. Səma onsuz da qərarını çoxdan vermişdi. Bu onun üçün çox çətin olsa da, bir nəticəyə gələ bilmişdi: Fəxrəddini unutmalı idi. Çünki o, Fəxrəddində axtardığını tapmamışdı. Yox, bu onun axtardığı, sevdiyi oğlan deyildi. Hisslərinə təəssüflənirdi Səma. Onun barəsində yanıldığına təəssüflənirdi. Düz on gün idi ki, Səmanın gecəsi-gündüzü yox idi. O artıq on gün idi ki, yaşamırdı, cismən mövcud idi. Yəni Fəxrədinin dediyi hər hansı bir sözün artıq onun üçün heç bir əhəmiyyəti yox idi. 

-Baş düş məni, Səma. Axı mənim üçün də çətindir. Sən ancaq özünü fikirləşirsən. Bir məni də fikirləş. Eşidirsən məni Səma?
-Eşidirəm də, eşitmirəm də. Başa düşürəm də, düşmürəm də. Hər nə isə artıq hər şey gecdir. Bağışlayıram səni amma. Get. Xoşbəxt ol!
Oğlan da ağzını açıb nə isə demək istədi. Amma Səma:
-Get, Fəxrəddin. Sənə yaxşı yol. İndi tək qalmaq istəyirəm.

Beləcə nə qədər oturdu, nə vaxta qədər xəyala daldı, bilmədi. Bir də onda ayıldı ki, artıq toran qovuşub. 
O indi başqa adam idi. O indi başqa Səma idi. Bu bir saat onun bütün ömrünə yetərdi. Bir saat içində insan necə qocalarmış, ilahi! Səma da qocalmışdı. Mənən, daxilən qocalmışdı.

Səma bu tənha söyüd ağacının altında şirin xəyallarını, arzularını, nağıl dünyasını qoyub gedirdi. Bu qollu-budaqlı söyüd ağacının altında xəyallarındakı Fəxrəddinini qoyub gedirdi. Bu söyüd ağacının altında xoş xatirələrini, sevgi dolu hiss-həyəcan¬larını qoyub gedirdi. Və o gündən həyat da, insanlar da tamam dəyişmişdi Səmanın baxışında, dünyagörüşündə. Və o gündən insanlara qarşı olan inamını itirmişdi Səma. 


İnsanlardan qorxurdu Səma. Etinasızlıqlarından, təkəbbür-lük¬lərindən, mənəm-mənəmliklərindən qorxurdu. İnsan¬lardan qaçmırdı Səma. Yox. Qaça da bilməzdi. Axı o özü də insan idi. Amma bacardıqca onlarla ünsiyyətdən yaratmaqdan daha çox tək, öz-özü ilə qalmağa can atırdı. O özü-özü ilə olanda hər şeyi yerli-yerində görürdü. Nə isə baş-ayaq olmurdu onun üçün.

Tək qalanda sərbəst idi, azad idi. Hərdən ona elə gəlirdi ki, təkdir insan bu dünyada. Ata-anası, bacı-qardaşları, bir yığın qohum-əqrabası olsa da təkdir insan bu dünyada. Bəzən bu fikirlər onu qorxudur, dəhşətə gətirirdi. Tək deyildi axı o bu dünyada. Onun bu dünyada hər şeyi var idi. Evləri, atası, anası, bacı-qardaşları, dayısı, bibisi daha nə bilim nəyi. Axı Səma hardan biləydi ki, insan malik olduğu şeylərin və kəslərin qədrini zamanında bilmir. Bilməyəcəkdi də. Bir də onların qədrini həyatdan yox olduqdan, itib-getdikdən sonra biləcəkdi. 

Bu dünyada təkcə Allahı hamıdan çox sevirdi Səma. Çünki Özü şəriksiz olduğu kimi məhəbbəti də şəriksiz idi. Çünki məhəbbəti də təmənnasız idi Özü kimi. Nisbilik nəzəriyyəsini yaradan insanın məhəbbəti də, sevgisi də nisbi idi bu dünyada Səmaya görə. Ona olan məhəbbəti isə ulu idi, yüksək idi, ali idi, əlçatmaz idi.  Və bu sevgiyə görə xoşbəxt idi Səma və həmişə də xoşbəxt olacaqdı. Çünki bu sevgini onun əlindən heç kəs, heç kəs ala bilməzdi. Və Səma Onu sevdiyi kimi heç kəsi sevə bilməyəcəkdi. Bu kövrək, incə qəlbli qız buna çoxdan, tənha söyüd ağacının altında oturub xəyala dalarkən qərar vermişdi. 

Adətən, insanlar sevəndə qarşılığını istəyirlər. Bunu bilirdi Səma. Özləri təmannalı olduğuna görə məhəbbətləri də təmannalı idi insanların. Səma başa düşə bilmirdi ki, hər şeydə təmənna axtaran insan nəyə can atır? Nə istəyir bu dünyada? Amalı nədir, qayəsi nə?. Və sonda adi insan.  


Xəyallarındakı və həm də həyatındakı Fəxrəddini itirən Səma günlərin birində ağrılarını, acılarını unutmaq və hər şeyə son qoymaq üçün şəhərə üz tutmağa qərar verdi. Bu itki onun həyatda ilk itkisi idi. Hələ nələri, kimləri itirəcəkdi Səma bilmirdi. Hələ kimləri və nələri tapacaqdı Səma bilmirdi. Bilə də bilməzdi. Çünki yazan yazmışdı, pozusunu ancaq o bilərdi. 

Səsli-küylü, bir az qəribə, bir az adi, bir az sirli, bir az da nağıllardan uzaq və sonralar onun üçün doğmadan doğma olan bu şəhərə ağrılarını, acılarını, qəlbinin göynərtisini unutmaq üçün gedirdi. Və bir də bu şəhərə çoxdan arzusunda olduğu təhsili dalınca gedirdi. 
O bu günü çox, lap çox arzulamışdı.      

Həmin gün onun həyatında ən xoşbəxt, ən bəxtəvər günlərdən biri idi. O bugünkü kimi hələ bəxtəvər olmamışdı və olmayacaqdı da. O belə fikirləşirdi. O bu gün çox əlləşmiş, çox vuruşmuş, çox əzablar görmüş, çox göz yaşları axıtmışdı. Və sonda qalib gələ bilmişdi. 
Bu onun həyatda ilk qələbəsi, ilk sevinci və mənasız, cansıxıcı həyatında ilk dönüş nöqtəsi idi. Və həmin gündən Səma öz gücünə inanmağa başlamışdı. 


Qatar relslərin üzəri şütüdükcə onu atıb-tutur, xəyallarını qırıq-qırıq edirdi.   
Atası bayırda kiminləsə şirin-şirin söhbət edirdi. Çox ünsiyyətcil adam idi atası. Həmişə onun nikbinliyinə, işgüzarlığına, hər şeyi əvvəlcədən ölçüb-biçməyinə və ən əsası insanlarda tez dil tapmağına həsəd aparırdı. Bayırda kupe-qonşusu ilə söhbət edə-edə bir gözü içəridə qızını axtarırdı ki, görsün neyləyir, nə işlə məşğuldur. Səma bu baxışları öz üzərində həmişə hiss eləmişdi. Ta ağlı kəsəndən, kimlər tərəfindənsə göz qoyulandan hiss eləmişdi. Hətta Səma onun yanıda küçəyə baxmağa belə cəsarət etməzdi.

Hərdən anası: “Yazıqdır, qız uşağıdır, qoy bir çölə-bayıra çıxsın, tay-tuşları ilə oynasın”- deyəndə “mənim işimə qarışma” deyə ağzından vurardı. “Özbaşına qız ya halvaçıya gedər, ya zurnaçıya” deyərdi. 

-Hə, neylirsən, qızım. Darıxmırsan ki?-deyə, atası içəri girə-girə soruşdu.
-Yox, ay ata. Çox qalıb hələ Bakıya?
-Darıxma qızım. Bir azdan çatırıq.  

 Bakıda xalasıgilə düşəcəkdilər. Qəbul imtahanlarını verib qurtarana qədər xalagildə qalacaqdı. Sonra isə qalmaq üçün yer axtarmaq lazım gələcəkdi.  
Xalasının əri kimlərəsə zəng edəcəyinə və bu işdə onlara kömək edəcəyinə söz versə də, qız çox naharat idi. Çox sınaqlardan çıxan Səma arzularının çin olacağına inana bilmirdi. Və nəhayət gözlənilən an gəlib çatdı. İnstitutun dekanı tələbə biletini və qiymət kitabçasını paylayanda utanmasaydı, ağsaçlı və nurani müəllimin əllərindən öpərdi.

Uçmağa qanadı yox idi Səmanın. Göylərin yeddinci qatında hiss edirdi özünü. Demək, xoşbəx olmaq bu imiş. Ola bilsin ki, hələ xoşbəxt günləri çox olacaqdı Səmanın. Amma Səma üçün bundan xoşbəxt gün olmayacaqdı. O, belə fikirləşirdi.

İnstitut, tələbəlik illəri bir-birini əvəz etdikcə o da həyatda özü üçün çox şeyləri kəşf edir və dəqiqləşdirirdi. Kamilliyə can atırdı. Bacardıqca çox oxuyur, öz üzərində çox çalışırdı.

Bilirdi ki, həyatda onun savaddan, bilikdən başqa heç bir silahı yoxdur. Bir amalı var idi: həyatda öz yolunu, yalnız özünə məxsus olan yolunu tuta bilmək.  
Səma özünə inanırdı. İnanırdı ki, həyatın sınaqlarından üzüağ çıxacaq, sınmayacaq, əyilməyəcək, öz yolunu tuta biləcək. 

Səadət Zifiqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi