Düşüncələr…

Hərdən uşaq olmaq istəyirəm
Bu dünyada uşaq gülüşündən incə gülüş, uşaq sevincindən böyük sevinc, uşaq ağlartısından həzin müsuqi, uşaq dünyasından rəngarəng, təmiz, saf dünya yoxdur. Hərdən fikirləşirəm nə olaydı kaş uşaq olaydım. Bilməyəydim bu dünyada nə var, nə yox? Kim ölüb, kim qalıb? Kim kimi sevir, kim kimi aldadır? Kim pulludur, kim kasıb? Ya da kim xoşbəxtdir, kim bədbəxt?
Hərdən uşaq olmaq istəyirəm! Bap-balaca bir uşaq. Qayğısız, kədərsiz, həm də kövrək. Heyf, sədd heyf ki, bu mümkün deyil. Amma hardasa uşaq xasiyyətli insanlar var bu dünyada və onlar hardasa xoşbəxtdirlər.


Sən sağ olsaydın…
Bircə sən sağ olsaydın ürəyimi, qəlbimi, içimi göyüm-göyüm göynədən, məni içim-içim incidən saysız-hesabsız suallarıma cavab istəyərdim. Və bilirəm ki o suallara cavab tapılacaqdı.

Hər şey nisbidir
İnsan bir yerdən başqa yerə köçəndə orada bir az özünü, bir az xatirələrini, bir az qəmini, bir az sevincini qoyub gedir. Köçdüyün otağınmı, evinmi divarlarını danışdırsan çox şeylər danışar sənə. Yaşadığın illərin nəfəsi, ruhu hopub o divarlara. Yaşadığın günlərin, dəqiqələrin, saniyələrin izi hopub o divarlara. Heyf ki, gedəndə ömründə önəmli yer tutmuş həm sevincli, həm kədərli, həm kövrək, həm də bir də geri dönməyəcək o illərin, günlərin, dəqiqələrin, saniyələrin vaxt axınında baş vermiş hadisələrini özünlə apara bilmirsən. Yalnız və yalnız həmin hadisələri bir az kəsə-kəsə, bir az doğraya-doğraya yaddaşına köçürürsən. Və vaxt, zaman keçdikcə kəsə-kəsə, doğraya-doğraya yaddaşına köçürdüyün xatirələrin yerini başqa vaxt, zaman axınında baş vermiş hadisələr əvəz edir.
Əbədi heç nə yoxdur bu dünyada Allahdan başqa. Hər şey nisbidir. Sən də, sənin fikirlərin də, arzuların da, düşüncələrin də, həyatda tutduğun mövqe də, səni əhatə edən insanlara olan münasibətin də, həyata baxışın da, həyatdan nə almaq və nə vermək istədiyin də və ən nəhayət məhəbbətin, sevgin də.
Qələbələr
Böyük qələbələr kiçik qələbələrdən yaranır. Başqa sözlə, kiçik qələbələr böyük qələbələr üçün zəmin hazırlayır. Qələbə çalmaq hadisələrin və zamanın axınında baş verir.

İnsan hadisələrin quludur
İnsanlar hadisələrin quludur. Hadisələr isə qəzavü-qədərdir. Yəni hadisələr böyük tanrının hökmü ilə diktə olunur. Biz isə onu icra edən qullarıq. Kaş həmişə yalnız, yalnız o gözəgörünməzin qulu olaydım. İnsanların və yaxud insan deyilən məxluqların, adamların, adamcıqların daha nə bilim nələrin qulu olmaqdan böyük faciə yoxdur dünyada.
Təbiətən azad, səviyyəcə yüksək, mənən və zahirən gözəl insanlar həm qul olmaqdan, həm də qul etməkdən uzaqdırlar. Belə insanlar, sözün əsl mənasında əsl İNSANlardır və belələri azdır, çox azdır. Və təəssüf ki, azdır. Və bəlkə də nə yaxşı azdır. Az olan hər bir şey gözəldir, yaxşıdır, qiymətsizdir.
İnsan hər çətin anında vəziyyətdən çıxış yolu tapmaq, hər an qəlbindəki boşluğu doldurmaq üçün mübariz olmalıdır. Mübariz sözü bəlkə də tam mənanı ifadə etmir. Mübariz olmaqdan əlavə nəsə başqa şey də lazımdır. Amma bilmirəm NƏ!!!
… kövrəklik və incəlik
Bəzən vəhşi və yabanı ağaclar da dünyanın ən zərif çiçəklərini bitirirlər.
İnsan da belədir. Bəzən sənə qaba və kobud görünən bir insan qəlbi öz kövrəkliyi və incəliyi ilə səni məftun edir.

Təklik nədir?
Təklik dəhşətdir. Və mən təklikdən, yox qorxmuram, sadəcə nifrət edirəm.
Qəribədir, özü cismən tək olan insan təklikdən niyə belə qorxur? Niyə həmişə özünə dost, yoldaş, sirdaş, həmdərd axtarır? İnsanın qəribəliyi də elə bundadır. Təksən, amma özünü tək hiss eləmirsən. İnsanların əhatəsindəsən, amma təksən…
Səadət Hakıyeva