lider-media.az

Professor: "Qlobal Bakı Forumu sülh və əməkdaşlıq üçün mühüm beynəlxalq platformadır"

Baxış: 2 346 Tarix: 13-03-2026, 11:46



Azərbaycan Prezidenti Ilham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə Bakuda keçirilən Qlobal Bakı Forumu artıq ənənəyə çevrilib. Bu forum beynəlxalq aləmdə nüfuzlu diplomatik platforma kimi tanınır və miqyasına görə dünyada keçirilən mühüm siyasi tədbirlərlə eyni səviyyədə qiymətləndirilir.


Forumun artan nüfuzu nəticəsində tədbirdə iştirak edən sabiq dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərin və beynəlxalq təşkilat rəhbərlərinin sayı hər il artır. Bu il 12 mart tarixində “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu öz işinə başlamışdır. Forum çərçivəsində müasir dünyada aktuallıq kəsb edən məsələlər, xüsusilə dərinləşən geosiyasi gərginliklər və qlobal münaqişələrin həlli yolları müzakirə olunur, müxtəlif təkliflər irəli sürülür.

Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev müasir dünyada hər bir dövlət üçün təhlükəsizlik və müdafiə məsələlərinin prioritet əhəmiyyət daşıdığını, ölkələrin suverenliyi və ərazi bütövlüyünün beynəlxalq hüquq prinsipləri əsasında qorunmasının vacibliyini vurğulamışdır. Bu baxımdan Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə hərbi, siyasi və diplomatik vasitələrlə uzun illər işğal altında qalan torpaqlarını azad etməsi və suverenliyini bərpa etməsi mühüm nümunə kimi qiymətləndirilir.

Dövlət başçısı çıxışında ölkəmizin 30 illik işğal dövründə müxtəlif təzyiqlərlə üzləşdiyini, münaqişənin həlli üçün yaradılmış OSCE Minsk Groupun fəaliyyətinin isə nəticəsiz qaldığını qeyd etmişdir. Azərbaycanın son onilliklərdə öz gücü ilə ərazi bütövlüyünü bərpa edən nadir dövlətlərdən biri olduğunu bildirən Prezident, eyni zamanda regionda sülhün təmin edilməsi təşəbbüsünün də məhz Azərbaycan tərəfindən irəli sürüldüyünü vurğulamışdır.

Azərbaycan bu gün regionda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün praktiki addımlar atır. Regionda dayanıqlı sülhün təmin olunması məqsədilə nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində təşəbbüslər irəli sürülmüşdür. Bu, həm region ölkələri arasında ticarət və iqtisadi əməkdaşlığın genişlənməsinə, həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin inkişafına xidmət edir.

Azərbaycan yalnız regional deyil, həm də beynəlxalq səviyyədə siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır. Bu gün ölkəmiz 16 dövlətə təbii qaz ixrac edir, onların 10-u Avropa ölkələridir. Azərbaycan bu ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas elementlərindən biri hesab olunur. 

Yaxın gələcəkdə Azərbaycanda istehsal ediləcək yaşıl enerjinin də Avropa ölkələrinə ixracı planlaşdırılır.
Beləliklə, XIII Qlobal Bakı Forumu Azərbaycanın təqdim etdiyi sülh gündəliyinin beynəlxalq müzakirə platformasına çevrilmişdir. Forum dünya miqyasında davam edən münaqişələrin sülh yolu ilə həlli və dövlətlər arasında dialoqun inkişafı baxımından mühüm tövsiyələrin irəli sürüldüyü nüfuzlu bir platforma kimi əhəmiyyət daşıyır.


Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi