lider-media.az

Azərbaycanın terrorizmlə mübarizədə mövqeyi qətidir

Tarix: 21-05-2024, 11:35

21 May - Ümumdünya Terrorizmlə Mübarizə Günüdür

      Müasir dünyamızda qloballaşma dövrünün terrorizm probleminin əsasında başqa təhlükələrlə yanaşı, təcavüzkar separatizm də dayanır. 2001-ci il  sentyabrın 11-də ABŞ-da baş vermiş terror hadisələri dünya dövlətlərinin beynəlxalq terrorizmə və təcavüzkar separatizmə daha həssaslıqla yanaşması, terrora və onu dəstəkləyən dövlətlərə qarşı barışmaz mövqenin təşəkkül tapması, qlobal cinayətlər əleyhinə mübarizədə beynəlxalq birliyin səylərinin birləşdirilməsi üçün zəmin yaratmışdır.

     Ümumdünya Terrorizmlə Mübarizə Gününün hər il  qeyd edilməsi bu mənada böyük əhəmiyyət kəsb edir. Belə ki, mayın 21-də qeyd edilən bu gün çərçivəsində qlobal miqyasda terrorizmin pislənildiyi tədbirlər və seminarlar keçirilir. Mütəxəssislərin əksəriyyətinin qənaətinə görə terrorrizm siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiqi kimi şərh olunur. Terror aktı həm də böyük cinayətdir.

       Azərbaycan Respublikası sentyabr hadisələrindən sonra antiterror koalisiyasına daxil olan ilk dövlətlərdən biridir. Çünki ölkəmiz dünyada işğaldan, terrorizmdən ən çox əziyyət çəkən dövlətlərdəndir. Belə ki, 1980-ci illərin sonlarından etibarən Azərbaycana qarşı ərazi iddiası irəli sürən Ermənistan dəfələrlə terror aktları törədib. 1994-cü il martın 19-da və iyulun 3-də Bakı Metropolitenində dəhşətli terror hadisələri baş verib. 44 günlük Vətən müharibəsi dövründə isə Ermənistan tərəfindən Silahlı Qüvvələrimizə qarşı muzdlular və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilib. Ümumiyyətlə, torpaqlarımızın Ermənistan tərəfindən 30 il davam edən işğalı nəticəsində Qarabağda və Şərqi Zəngəzurda çox sayda mina basdırılıb. Eyni zamanda həmin ərazidə ötən ilədək terror yuvası fəaliyyət göstərirdi. 23 saatlıq antiterror tədbirlərindən sonra isə bölgədə terrorçuluğun kökü kəsilib, "boz zona" aradan qaldırılıb. Həmçinin ölkəmiz separatçıların vaxtilə nəzarət etdikləri ərazilərdə xarici ölkə vətəndaşları tərəfindən terrorçuluğun maliyyələşdirilməsi üçün qeyri-leqal vəsaitlərin göndərilməsinin, təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısını alıb.

Bunların fonunda ölkəmizin beynəlxalq standartları dəstəkləmək, hüquqi və institusional çərçivələrini gücləndirmək səyləri onun qlobal təhlükəsizliyi və sabitliyi qorumaq əzmini bir daha təsdiqləyir. Beynəlxalq təşkilatların hesabatları da göstərir ki, mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində nail olunmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində son illər qətiyyətlə aparılan mübarizə Azərbaycana beynəlxalq aləmdə sərmayələr və turizm üçün cəlbedici ölkə, həmçinin etibarlı tərəfdaş imici qazandırıb. Bu gün Bakıya səfər edən xarici ölkə vətəndaşları özlərini burada olduqca rahat hiss edirlər. Əcnəbilər ölkəmizdə hər hansı bir təhlükə ilə üzləşmirlər. Ölkə vətəndaşları kimi, onların da təhlükəsizliyi hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşları tərəfindən yüksək səviyyədə qorunur. Eyni zamanda, dövlətimiz mütəmadi olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Çünki Azərbaycan sivilizasiyalar, mədəniyyətlər arasında dialoq məkanı, idman ölkəsi, digər beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu, həllini tapdığı unikal platformadır. Bunun da kökündə daxili sabitlik, təhlükəsizlik amili dayanır. Bu gün milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə - xarici siyasət, hərbi, ictimai, iqtisadi, sosial, ekoloji, informasiya, milli, dini və digər sferalarda vəzifələrin tam yerinə yetirilməsi dövlətimizin və cəmiyyətimizin mümkün təhdidlərdən etibarlı müdafiəsini təmin edir. Ona görə də bu gün Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır. Bu fikri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində də səsləndirib: "İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır".

Bu, beynəlxalq hesabatlarda da öz əksini tapır. Belə ki, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı və digər akademik institutlar, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının istinad mənbəyi kimi çıxış edən "Global Terrorism Index" 2024-cü il üçün dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasını açıqlayıb. Ərazisində terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralarda Burkina Faso, İsrail, Mali, Pakistan, Suriya, Əfqanıstan qərarlaşıb. Sözügedən siyahıda İran 26-cı, ABŞ 30-cu, Rusiya 35-ci, Fransa 38-ci, Ermənistan isə 76-cı yerdədir. Terrorçuluqla mübarizə, bu kimi halların araşdırılmasının effektivliyi və digər çoxsaylı göstəricilər üzrə aparılan mürəkkəb hesablamalara əsasən, Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer alıb. Dövlətimiz "0" indekslə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə sonuncu, yəni 89-cu yerdə qərarlaşıb. Bununla da ölkəmizin qlobal miqyasda terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri olduğu təsdiqlənib. Əslində bu reallıq daha öncə də etiraf edilmişdi. Belə ki, Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) ötən ay açıqlanan hesabatında da bildirilmişdi ki, rəsmi Bakı terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə aparır. Qeyd olunmuşdu ki, Azərbaycan müvafiq sahədə düzgün əlaqələndirmə və aparılan islahatlar nəticəsində bu ağır prosesdən uğurla keçərək beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab verən ölkələr sırasındadır. Bu isə hökumətimizin apardığı islahatların, eləcə də ölkədə şəffaf maliyyə sisteminin qurulmasının, cinayətkarlıq səviyyəsinin minimuma endirilməsi istiqamətində görülən işlərin nəticəsidir.

Qeyd etmək lazımdır ki, 2023-cü ildə ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı təsdiqlənib. Bu, məhkəmə və təhlükəsizlik orqanlarının, habelə özəl sektorun sözügedən sahədə qarşılıqlı fəaliyyətini asanlaşdırır.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan terrorizmlə mübarizədə hər zaman qəti mövqe tutub və  fəaliyyətini bu istiqamətdə davam etdirəcək. Çünki ölkəmiz artıq beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, dünyada ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir.


Nurəngiz Adilqızı.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi