Günnüt zəfəri Vətən müharibəsindən əvvəl düşmənə edilən ciddi xəbərdarlıq idi
“Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı.
Xalqımızın tarixində ağrılı-acılı günlər kimi yadda qalsa da, XXI əsr bu baxımdan Zəfər dolu anlarla yaddaşlara əbədi həkk olunub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqəti və qayğısı nəticəsində ordumuzun maddi-texniki bazasının gücləndirilməsi isə uğurlarımızı şərtləndirən ən başlıca amil oldu. Müasir silahlar və texnika ilə təchizat ordumuzun hücum və müdafiə potensialını yüksəltdi. Ölkəmizdə orduya ayrılan vəsaitlərin həcmi isə hər il artırıldı. Bütün bu dəyişikliklər isə silahlı qüvvələrimizi regionun ən güclü və hazırlıqlı ordusuna çevirdi.
2016-cı ildə uyğun zaman və məkan amilini düzgün dəyərləndirən Azərbaycan Ordusu ermənilərin növbəti təxribatı zamanı uğurlu döyüş əməliyyatı həyata keçirdi. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başlayan ordumuz 2016-cı ilin Aprel döyüşləri nəticəsində Lələtəpə yüksəkliyi və ətraf əraziləri düşməndən azad etdi. Dördgünlük döyüşlərin növbəti mərhələsi isə Naxçıvanda uğurla davam etdirildi.
2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan məqsədə nail olundu. 2018-ci il mayın 20-dən 27-nə qədər Azərbaycan Ermənistan ordusu arasında baş verən döyüşdə Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları düşməndən azad olunub. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına alındı. Əməliyyat nəticəsində ümumi olaraq 11,000 hektar ərazi düşməndən azad edildi.
Əzəli torpaqlarımızın geri qaytarılması nəticəsində bölmələrimiz ilkin mövqelərindən dərinliyə doğru irəliləyərək daha əlverişli nöqtələrdə möhkəmləndilər. İşğaldan azad olunan və nəzarətə götürülən ərazilərin müdafiəsi bölmələrimizin manevr qabiliyyətinin yüksəldilməsini təmin etdi. Təminat-təxliyə məqsədilə 50 kilometrdən çox yeni yol çəkildi. 60 kilometrdən artıq yol isə bərpa olunaraq istifadəyə verildi. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə 2000-dən çox piyada və tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirildi. 2018-ci ilin mayında nəzarətə götürülən və azad olunan ərazilərdəki yeni mövqelərimiz ərazidə düşmənin bütün hərəkətlərini müşahidə etməyə və nəzarətdə saxlamağa imkan verdi. Beləliklə, Günnüt əməliyyatı ilə dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsi idi. Həyata keçirilən əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük əldə edildi. Əlahiddə Ümumqoşun Ordunun zabiti Kamran İbrahimov açıqlamasında qeyd edirdi ki, düşmən təxribatı nəticəsində 1992-ci ildə Şərur rayonunun Günnüt kəndi ermənilər tərəfindən işğal olunmuşdu. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordunun bölmələrinə verilmiş tapşırıq Günnüt kəndinin düşmən tapdağından azad edilməsi idi. Biz bu tapşırığı aldıqdan sonra kəndin ətrafında ərazinin kəşfiyyatını apardıq. Müəyyən olundu ki, ərazi yüksək dağlara və əhəmiyyət kəsb edən yüksəkliklərə malikdir. Nəticədə biz kiçik qruplar şəklində kəndin strateji mövqelərini ələ keçirdikdən sonra istehkam cəhətdən orada bərkitmə işləri apardıq. Ərazinin yüksəklikləri tutulduqdan bir neçə gün sonra düşmən planlı və hazırlıqlı şəkildə hücuma keçdi. Əvvəlcə onlar şok atəşi ilə olduğumuz mövqelərə zərbələr endirdilər. Biz isə əvvəlcədən orada istehkam işləri aparmışdıq. Bu səbəbdən də ermənilərin itirilmiş əraziləri geri qaytarmaq üçün etdiyi cəhdlər uğursuzluqla nəticələndi. Əlahiddə Ümumqoşun Ordunun zabiti olaraq ilk uğurlu əməliyyatımız Günnüt zəfəri, ikincisi isə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu. Günnüt əməliyyatı Vətən müharibəsindən əvvəl düşmənə edilən ciddi xəbərdarlıq idi ki, Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad edə bilər. Lakin ermənilər bundan dərs çıxarmadı. Nəticədə isə növbəti uğurlu əməliyyat-Vətən müharibəsi başladı. Hərbi əməliyyatlar zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xocalının Qarabulaq və Çanaqçı yüksəkliyində, sonra isə Şuşa şəhərində gedən döyüşlərdə iştirak etdim. Mən döyüş əməliyyatlarında iştirakıma görə “Döyüşdə fərqlənməyə görə”, “Şücaətə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm”.
Beləliklə, Ordumuzun böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük 2020-ci il iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun mənfur niyyətinin qarşısını aldı.
2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
Nurəngiz Adilqızı.