“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə
Nizami Kino Mərkəzinin böyük zalında qardaş Türkiyənin və Azərbaycanın bir qrup şəhid ailələrinin, rəsmi şəxslərin, ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT və KİV təmsilçilərinin, yazıçıların iştirakı ilə “Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı ədəbi-bədii gecə keçirilib.
Lider-media.az xəbər verir ki, tədbir qardaş ölkələrimizin bütün şəhidlərinin xatirəsinin anılması, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirin aparıcısı, şair-publisist Əkbər Qoşalı ədəbi-bədii gecənin “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi, “Gözəl Yaşam Mərkəzi” və “Kırşəhir Şəhid Ailələri Dərnəyi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirildiyini bildirib.
Əkbər Qoşalı qardaşlıq, dostluq, qonşuluq bağlarını Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə qaldırılan Azərbaycanla Türkiyənin bütün əməli fəaliyyətində irəliləyişini dədələrimizin ruhunu şad edən, gənc nəslə yol göstərən amil kimi şərh edib.
Təşkilatçı qurumlar adından çıxış edən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB-in) sədri Arzu Bağırova rəhbəri olduğu ictimai birliyin hər zaman şəhid ailələri, qazilər, gənclər, yazıçılarla sıx təmasda olduğunu, müxtəlif layihələr, aksiyalar həyata keçirdiyini, çoxsaylı nəşrlərlə çıxış etdiyini vurğulayıb. O, RHİM İB-nin fəaliyyətində yalnız respublikamızın regionlarının əhatə olunmadığını, eləcə də, qardaş ölkələrin regionları, uyğunprofilli qurumlarla işbirliyinə önəm verildiyini deyib.
RHİM İB-in yaradıldığı ilk gündən könül dostlarının iştirakı ilə çoxsaylı səfərlər təşkil olunduğunu, o cümlədən qardaş ölkələrə səfərlər müddətində, habelə qardaş ölkələrdən Azərbaycana nümayəndə heyətləri təşrif buyurduğu vaxt keçirilmiş tədbirlərdən söz açıb: “Bəli, biz qürur hissi ilə vurğulayırıq ki, RHİM İB olaraq fəaliyyətimiz şəhid ailələrimiz, qazilərimiz, gənclərimizlə, eləcə də, maarifləndirmə işi, təhsil, ədəbiyyat, mədəniyyət və sənətlə, habelə Türk dünyası ilə sıx bağlı olub. Bu gün Kırşəhirli şəhid ailələrini birləşdirən ictimai birliyin rəhbərləri və fəalları bizimlədir. Kırşəhirli qardaş-bacılarımızın bir çoxu Azərbaycana ilk dəfədir gəlib. Bir daha xoş gəlib-səfa gətiriblər. Biz “Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adını təsadüfən seçməmişik və demək istəyirik ki, “Şəhidlərimiz ölmədi, Vətənlərimiz bölünmədi!”. Çıxışımın sonunda, “Kırşəhir Şəhid Ailələri Dərnəyi” İctimai Birliyinin sədri Mutlu Kılıçaslan, bu tədbirin təşkilinə mənəvi dəstək göstərən bütün könül dostlarına, buraya təşrif buyurduqlarına görə təşəkkür edirəm”.
“Kırşəhir Şəhid Ailələri Dərnəyi” İctimai Birliyinin sədri Mutlu Kılıçaslan öz çıxışını tərəfdaş ictimai birliyin rəhbəri Arzu Bağırovaya, bütün azərbaycanlı dostlarına qonaqpərvərliyə görə təşəkkürlə başlayıb. O, sədri olduğu qurumun Azərbaycana ilk dəfə belə bir səfər gerçəkləşdirdiyini bildirib. Kılıçaslan Azərbaycanla sıxlaşan işbirliyinin yalnız onların ailə üzvü olan şəhidlərin deyil, Qafqaz Türk-İslam Ordusunun tərkibində 1918-ci ildə Azərbaycana gəlmiş, döyüşərək şəhid olmuş kırşəhirli hərbçilərin timsalında bütün dönəmlərdəki şəhidlərimizin ruhunu şad etdiyini söyləyib. O, şəhid ailələrinin birlik və bərabərliyi, həmrəyliyi üçün qardaş ölkələrlə işbirliyinə önəm verdiklərini deyib. Şəhid ailələri üçün fərqli layihələr həyata keçirdiklərini vurğulayan Kılıçaslan qardaş ölkələrin şəhid ailələrinin bir-birini tanımasında, işbirliyində maraqlı olduqlarını qeyd edib.
Sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov, Tamam Cəfərova, Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Abbasov, "Olaylar"ın baş redaktoru, yazıçı-publisist Yunus Oğuz, Türk Ədəbiyyatı Vəqfinin sədr müavini, yazıçı-publisist İmdat Avşar, "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Kırşəhir Şəhid Ailələri Dərnəyi”nin İdarə Heyətinin üzvü Müqəddəs Ülkər, Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, 34 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova çıxış ediblər.
Tədbirin bədii hissəsində Xalq artistləri - Gülyanaq və Gülyaz Məmmədova bacıları, Simarə İmanova, hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı, tanınmış sənətkar Şəmistan Əlizamanlı, istedadlı gənc ifaçılar – Kamilə Nəbiyeva, Ramal Əzimov, tanınmış sənətçi Fərahim Sadiqin başçılıq etdiyi “Öncə Vətən” qrupu çıxış edib.
Sonda təşkilatçı qurumlar arasında qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.