ASAPES-də növbəti dəfə karyera sərgisi keçirilib
Mayın 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) gənclərin məşğulluğunu artırmaq məqsədilə tələbə və məzunlar üçün karyera sərgisi təşkil olunub. Sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunların müəssisə və təşkilat nümayəndələri ilə birbaşa ünsiyyətinə imkan yaratmaq və onların işlə təmin olunmasına dəstək verməkdir.
Müxtəlif idman federasiyalarının, dövlət qurumları və təşkilatların, eləcə də Akademiya ilə sıx əməkdaşlıq edən idman müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbiri açıq elan edən ASAPES-in rektoru Fuad Hacıyev qonaqları salamlayaraq, sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, bu tip sərgilər tələbə və məzunların karyera imkanlarını inkişaf etdirmək, məşğulluqlarını artırmaq, əmək bazarında ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədilə təşkil olunur.
Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək, Azərbaycanda tələbə və məzunların öz seçimlərinə uyğun işlə təmin olunmasında belə sərgilərin vacibliyindən danışıb. Qeyd edib ki, karyera sərgilərində tələbələr və universitetlərlə olan işbirliyi həm də əmək bazarına olan tələbləri müəyyən etmək üçün əlverişli platformadır.
500-dən çox tələbə və məzunun iştirakçısı olduğu sərgidə nümayəndələr təmsil etdikləri müəssisələrdəki vakansiya və təcrübə proqramları haqqında tələbə və məzunlara ətraflı məlumat veriblər. İş axtarışında olan gənclər isə şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq təhsil və bacarıqlarına uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.
Qeyd edək ki, karyera sərgisində tələbə və məzunlara ümumilikdə 47 müəssisədən 220 vakansiya, 78 təcrübə proqramı təklif olunub.
Sonda sərgidə iştirak edən tələbələr arasında maraqlı yarış təşkil olunub və hədiyyələr təqdim edilib.