lider-media.az

Sosial xidmət sahəsində fəaliyyətin əlaqələndirilməsi üzrə Koordinasiya Şurası ilk iclasını keçirib

Baxış: 212 Tarix: 21-10-2025, 18:37

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planına əsasən sosial xidmət sahəsində fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Koordinasiya Şurasının videokonfrans formatında ilk iclası keçirilib.

İclasda Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev qeyd olunan Dövlət Proqramının prioritet istiqamətləri üzrə görülən işləri, əldə edilən uğurları, ötən il də bu istiqamətlərdə qarşıya qoyulmuş hədəflər üzrə işlərin tam icra edildiyini diqqətə çatdırıb. Bu sahədə nailiyyətlərin  dövlət qurumları arasında fəaliyyətlərin koordinasiyalı idarə edilməsinə əsaslanan səmərəli əməkdaşlığın, sistemli yanaşmanın nəticəsi olduğu bildirilib.

Sosial cəhətdən həssas əhali qruplarının sosial xidmətlərlə təminatı tədbirlərinin əhatə dairəsinin davamlı olaraq genişləndirildiyi vurğulanıb. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bütün yaş kateqoriyalarından olan əhaliyə, xüsusi qayğıya ehtiyacı olan bütün şəxslərə göstərilən səyyar, stasionar və yarımstasionar xidmətlərdən bəhs olunub. Sosial xidmət müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müəssisələrin müasir tələblərə uyğunlaşdırılması ilə bağlı bu il də mühüm tədbirlərin həyata keçirildiyi, yeni sosial xidmət müəssisələrinin yaradıldığı diqqətə çatdırılıb.

Həmçinin sosial xidmətlərin göstərilməsində sosial sifarişlər əsasında vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi işləri qeyd olunub. Dövlət uşaq müəssisələrində yaşayan uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi, onların stasionar uşaq müəssisələrinə düşməsinin qarşısının alınması istiqamətində görülən tədbirlər qeyd edilib.

İclasda “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illəri əhatə edən Dövlət Proqramının icrası və yeni perspektivlər” və “Çətin həyat şəraitində olan şəxslər üçün sosial xidmətin təşkili” mövzularında təqdimatlar edilib, bu mövzularda fikir mübadilələri aparılıb. Sosial xidmətlərin koordinasiyalı və kompleks şəkildə təqdim olunması, bu sahədə inzibatçılığın və əlaqələndirmə işlərinin daha da gücləndirilməsi, sistemliliyin, operativliyin və səmərəliliyin artırılması məqsədilə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə yaradılmış Koordinasiya Şurası Nazirlik, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələrindən ibarətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi