COB29-un Azərbaycanda keçirilməsi heç də təsadüfü deyil
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi heç də təsadüfü deyil. Çünki Azərbaycan dünya gündəmindəki qlobal problemlərin qarşısını almaq və həll yollarının müəyyən edilməsi üçün mühüm təşəbbüslər göstərən, çağırışlar edən, həmin məsələləri beynəlxalq səviyyədə aktuallaşdıran dövlət kimi kifayət qədər hörmət qazanıb. Eyni zamanda Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəsi var.
"COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı söyləyib.
Azərbaycan postsovet məkanında ilk dəfə olaraq məhz bu mötəbər qlobal tədbiri keçirmək hüququna sahib oldu. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi respublikamızın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun daha bir göstəricisidir. Eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Paytaxt Bakıda bu ilin sonunda keçiriləcək COP29 konfransı iştirakçı ölkələrə yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək kimi konkret addımlar atmaq üçün bir fürsətdir. 180-dən çox dövlət nümayəndəsinin iştirak edəcəyi tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, "yaşıl enerji" sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axıcılığını stimullaşdıracaq, "yaşıl iqtisadiyyat" quruculuğu yolunda təşəbbüsləri bir araya gətirəcək. COP29-un bu il Azərbaycanda keçirilməsi və 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir.
Dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu bu mühüm beynəlxalq platformanın Azərbaycanda təşkil edilməsi ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir.
Aprelin 24-də "COP29 və Azərbaycan üçün yaşıl baxış" beynəlxalq forumu çərçivəsində ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən konfransda da regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar və "yaşıl enerji" ilə bağlı təcrübələr müzakirə edilib. Forum, həmçinin iştirakçılara Laçında inkişaf layihələri ilə yaxından tanış olmaq imkanı yaradıb. Səfər çərçivəsində keçirilən nəzəri müzakirələrin praktiki tətbiqləri nümayiş olunub. Bununla yanaşı, forumda erməni işğalının nəticələrinin ətraf mühitə təsiri, o cümlədən çox ciddi mina problemi və bunun fəsadlarının aradan qaldırılması üçün beynəlxalq hüquq alətlərinin vacibliyi qeyd olunub. 30 ölkədən 64 ekspertin iştirakı ilə baş tutan interaktiv müzakirədə aktual ekoloji problemlərin həlli yönündə dayanıqlı metodların işlənib hazırlanmasında Azərbaycanın digər ölkələr və qlobal təşkilatlar ilə əməkdaşlıqda malik olduğu böyük imkanlar vurğulanıb.
Bu gün "yaşıl enerji"yə keçid istiqamətində Azərbaycan sürətlə irəliləyir. Energetika infrastrukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsi sahəyə məqsədli investisiya və digər fəaliyyətlərdə öz əksini tapıb. Bu baxımdan COP29 sessiyasının Bakıda keçirilməsi ölkədə innovasiyaların inkişaf strategiyasının nəticəsidir.