Şəhid olacağını hiss edirdi

Şəhidlik zirvəsinə yüksəlmək istəyən bir çox qəhrəmanlarımız kimi o da həmin məqama ucalmağı çox arzulayıb. Söhbət torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Sabir Heydərovdan gedir. Sabir 27 iyun 1998-ci ildə Şamaxı rayonunda dünyaya gəlib. 2004-cü ildə 2 saylı orta məktəbin birinci sinfinə daxil olub. 2015-ci ildə məktəbi bitirərək 2016-cı ildə hərbi xidmətə yollanıb. 2017-ci ildə əsgərlikdə Xüsusi Təyinatlı Qüvvələrin kursuna gedib. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra XTQ-də işləməyə başlayıb. 2018-ci ildə Türkiyədə keçirilən Efes-2018 yarışmasında 1-ci yerə layiq görülüb. Azərbaycana qayıdan kimi kiçik gizir rütbəsi alıb. Bundan sonra XTQ-nin N saylı hərbi hissəsində işləməyə başlayıb. Xidməti boyunca xeyli sayda təlimlərdə iştirak edib. Torpağına, vətəninə, bayrağına bağlı olan Sabir Heydərov 2020-ci il sentyabrın 27-dən etibarən müqəddəs torpaqlarımız uğrunda gedən döyüşlərə qatılıb. Murovdağ silsiləsi istiqamətində bir çox postların alınmasında qəhrəmancasına iştirak edib. 2 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində düşmən tərəfindən atılan artilleriya mərmi-sinin partlayışı nəticəsində aldığı çox saylı qəlpə zədələnməsindən şəhid olub. Şamaxı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.Şəhid gizir Sabir Heydərovun qardaşı Nurlanın xatirələrindən:”Sabir gülərüz, mehriban, vətənini ailəsi kimi sevən bir hərbçi olub: “Döyüş yoldaşlarının sözlərinə görə, Sabir həmişə döyüşlərdə çox soyuqqanlı davranıb. Murovdağda döyüşlər zamanı şəhid olan yoldaşlarını təhlükəsiz yerlərə yerləşdirib. Yaralılara kömək edib. Sağ qalan döyüş yoldaşlarına mənəvi dəstək olub. Özü namaz qılan, dindar olduğu üçün uşaqlara ürək-dirək verərək onlara da mənəvi dəstək olmağa çalışıb. Hətta yoldaşlarından qazi olan İman adlı biri deyir ki, "biz bir qrup uşaq onun sayəsində ürəklə döyüşürdük. O, şəhid olandan sonra heç cür özümüzə gələ bilmədik". Sabir Füzuli uğrunda gedən döyüşlərə yüksək hərarətlə girir. Komandiri ondan geri qayıdıb, müalicə olunaraq döyüşə qatılmasını istəsə də Sabir bunun əleyhinə olur və “yox mən sizi ata bilmərəm nə olar, olar” –deyə cavab verir.
Xatırladaq ki, Sabir Heydərov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Kəlbəcərin azad edilməsinə görə",“ Hərbi xidmətlərə görə”, “Vətən Uğrunda”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif olunub.