Mirzə Ələkbər Sabirin doğum günüdür
30 may 1862-ci ildə Azərbaycanın Şirvan bölgəsinə daxil olan Şamaxı şəhərində anadan olan Sabirin əsl adı Ələkbər Tahirzadədir. "Sabir" sözü "səbr edən" mənasını verir, "Mirzə" isə oxuyub-yazmağı bacaran, təhsil almış şəxslərə hörmət və ehtiram məqsədilə istifadə olunan müraciət formasıdır. Mirzə Ələkbər Sabirin valideynləri Hacı Məşədi Zeynalabdin və Səltənət xanımdır.
Atası Hacı Məşədi Zeynalabdin gənclik illərində ona miras qalan əmlakı və pulu bir müddət qeyri-səmərəli şəkildə xərcləmiş, sonradan isə ailəsini dolandırmaq məqsədilə Şamaxıda kiçik bir baqqal dükanı açmışdı. Hacı Zeynalabdin oğlunun dini təhsil almasını arzulayırdı. Bu səbəbdən Sabiri 7–8 yaşlarında yaşadıqları məhəllədə yerləşən dini təhsil müəssisəsi olan "Mollaxana"ya yazdırır. Burada dörd il təhsil alan Sabir, şeir oxumaq və yazmaq imkanının olmaması səbəbilə təhsildən narazı qalırdı. Çünki Mollaxanada Qurani-Kərimi öyrənmədən başqa mətnlərin oxunmasına icazə verilmirdi. Bu narazılıq onun dərslərdə intizamsız davranmasına səbəb olmuş və bu səbəbdən bir neçə dəfə müəllimi tərəfindən cəzalandırılmışdır.
12 yaşına çatdıqda, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən olan Seyid Əzim Şirvani tərəfindən açılmış "Üsuli-Cədid" məktəbində təhsil almağa başlayır. Bu məktəbdə Sabir yalnız dini təhsil deyil, eyni zamanda dünyəvi elmlərlə də tanış olmuşdur. Burada Azərbaycan türkcəsi, fars dili, ərəb dili, rus dili, təbiət elmləri, tarix, coğrafiya, hesab, şəriət və klassik ədəbiyyat üzrə dərslər almışdır.
Sabirin ədəbi istedadı məhz bu məktəbdə üzə çıxır. Müəllimi Seyid Əzim Şirvani onun şeirlərinə maraq göstərərək, ədəbiyyata olan marağını artırmaq üçün əlavə tapşırıqlar verirdi. Sabir ilk dəfə fars dilindən Sədi Şirazinin "Gülüstan" əsərindən manzum hekayələri tərcümə etməklə yaradıcılıq fəaliyyətinə başlamışdır. Şeirlərinə görə Seyid Əzim onun bacarığını yüksək qiymətləndirir və ona Nizaminin "Xəmsə"toplusunu hədiyyə edir. Sabir bu əsərə xüsusi önəm vermiş və sonralar ondan tərcümələr etmişdir.
Təxminən iki il bu məktəbdə təhsil aldıqdan sonra atası Hacı Məşədi Zeynalabdin onun ticarətlə məşğul olmasını istəyərək Sabiri məktəbdən çıxarır və öz baqqal dükanında çalışmağa məcbur edir. Lakin Sabir boş vaxtlarında oxumağa və şeir yazmağa davam edir. Bu səbəbdən atasının narazılığı və təzyiqləri ilə qarşılaşır, hətta bir dəfə şeir dəftəri atası tərəfindən cırılır. Bu hadisə Sabiri çox sarsıdır. O, evi tərk edib başqa bölgələrə getmək istəsə də, sonradan bu fikrindən daşınır.
Bütün bu çətinliklərə baxmayaraq, Sabir ədəbiyyata olan marağını davam etdirir və Seyid Əzim Şirvaninin rəhbərlik etdiyi "Beytüs-səfa" ədəbi məclisinin iştirakçılarından biri olur. Burada klassik ədəbiyyatla yaxından tanış olmuş, ilk şeirlərində müəlliminin təsiri aydın şəkildə hiss olunmuşdur. Bu dövrdə özünə "Sabir" təxəllüsünü seçir və 21 yaşına qədər atasının dükanında işləməyə davam edir.
"Məclis Məktəbi"ndə oxuduğu illərdə müəlliminin səyahət etdiyi ölkələrlə bağlı təəssüratları onu olduqca maraqlandırır. Buna görə də 1884-cü ildə müqəddəs yerləri və müxtəlif Türk-İslam mədəniyyətlərini görmək məqsədilə Şamaxıdan yola çıxır. Bu səyahət əsnasında Nişapur, Səbzivar, Xorasan, Buxara və Səmərqənd kimi mühüm mədəniyyət mərkəzlərinə səhayət edir. 1885-ci ildə Şamaxıda vəba epidemiyası olduğunu eşidən Sabir, səyahətini yarımçıq qoyaraq Şamaxıya geri qayıtmalı olur. Lakin 1885–1886-cı illərdə yarımçıq qalan səyahətini davam etdirən Sabir, ikinci səyahətində Orta Asiyanın önəmli mərkəzlərindən Aşqabad və Mərv şəhərlərini ziyarət edir. Həmədan vilayəti üzərindən Kərbəlaya keçmək istəyən Sabir, atasının vəfat xəbərini alaraq vətəninə qayıdır.
Sabir 1887-ci ildə Billurnisə xanımla evlənir. Bu evlilikdən beş il ərzində səkkiz uşaq dünyaya gəlir. 1908-ci ildə bir oğlu olur və adını Məhəmməd Səlim qoyur. Məhəmməd Səlim ailənin yeganə oğlan övladıdır. Ailəsi böyüdükcə şairin problemləri də artır. 8 qız və 1 oğul ilə geniş bir ailəyə sahib olan Sabir, sabunçuluqla məşğul olur. Lakin yenə də dolanışıq çətinlikləri yaşayır və həyatını maddi çətinliklərlə mübarizə apararaq keçir.
Sabirin Türk-İslam coğrafyasına etdiyi səfərlər onun daha sonra yazacağı şeirlər üçün zəmin yaratmışdır. Bu səyahətlərində Türk və İslam ölkələrinin içində olduğu vəziyyəti, oradakı insanların yaşam tərzini müşahidə edir. Atasının ölümündən sonra gənc yaşda ailəsinin dolanışıq yükünü çiyinlərinə götürən Sabir, atasının dükanını işlətməyə çalışsa da bu işdə çox uğurlu ola bilmir. Buna görə dükanı bağlayır və sabun istehsal edib satan qardaşının yanına gedir.
Salman Mümtaz bir yazısında, Sabirin sabunçuluq ticarəti ilə bağlı bir xatirəsinə toxunur. Şairin, 1893 (Hicri təqvimə görə 1311)-ci ildə Aşqabada səfər etdiyini və burada Şamaxılı Teymur Səmədovun karvansarayında qaldığını yazır. Sabirin bu ziyarətində ticarətlə məşğul olduğunu qeyd edən Salman Mümtaz, şamaxılı ortağı oldunu bildirir. Lakin çox keçmədən şəriki tərəfindən aldadılır. Saatını və yeganə varlığı olan xalçasını sataraq Aşqabaddan Xorasana gedir.
1900-cü ildə ailənin dolanışığı daha da çətinləşir. Şair və qardaşı Şamaxıdan Məşhədə köçməyə qərar verirlər. Xorasan bölgəsində olan şamaxılı tacir Hacı Məcid onlara Məşhədə köçmələrini və oradan şam gətirmələrini tövsiyə edir. Nəticədə onlar hər şeylərini satıb şam alırlar və Məşhədə gedirlər. Orada kiçik bir dükan açırlar. İki il burada qalırlar, lakin burada da dolanışıq çətinlikləri bitmir. 1902-ci ildə Şamaxıya qayıdırlar. Elə həmin il Şamaxıda baş verən zəlzələdə Sabirin də evi dağılır. Bütün bu maddi sıxıntılar içərisində Sabir yenə də şeirdən və sənətdən uzaqlaşmır. Sabir “Üç yüz on doqquz idi…” sözləri ilə başlayan mənzuməsində bu dağıntı və faciəni realist poetik tərzdə ətraflı təsvir etmişdir.
İranda tibb təhsilini tamamlayaraq 1901-ci ildə Şamaxıya qayıdan həmşəhərlisi Abbas Səhhət, Şamaxı ziyalılarından olan Ağalıbəy Nəsih və Məhəmməd Tərrahla görüşərək yazdıqları şeirlər barədə söhbətlər edirlər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə “Şərqi-Rus” qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, “Həyat” qəzetində şeir çap etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının ən fəal müəlliflərindən biri olur.
Sabir milli tərəqqiyə mane olan qüvvələri “Molla Nəsrəddin”, “Həyat” və “İrşad” kimi mətbuat orqanlarında dərc etdiyi satiralar vasitəsilə sərt şəkildə ifşa edirdi. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Bu amillər şairi ehtiyatlı olmağa vadar edir, 1907-ci ilin fevral ayından etibarən müəyyən müddət üçün mətbu fəaliyyətini azaldaraq daha çox sahibkarlıqla məşğul olur. Belə ki, 1907-ci ilin fevralın 12-dən iyunun 15-dək onun məqalələri mətbuatda yayımlanmamışdır.
1907-ci ilin əvvəlində Sabir sabun istehsalını tərk edərək mətbuat və maarif sahəsində fəaliyyətini davam etdirməyə və şeir yaradıcılığına daha ciddi şəkildə yanaşmağa qərar verir. Bakıya gəlib “İrşad” qəzetinin redaksiyasında korrektor kimi çalışır, eyni zamanda müəllimlik imtiyazı əldə etmək üçün imtahana hazırlaşır. Qori Müəllimlər Seminariyasında çalışan dostlarının məktublarından məlum olur ki, seminariyanın Azərbaycan şöbəsində müəllim vəzifəsi boşalacaq və onlar Sabirə bu vəzifəni tutmaqda yardım etməyə hazırdırlar. 1908-ci il aprelin 11-də Bakı valiliyi tərəfindən təşkil edilən müəllimlik imtahanında iştirak edən Mirzə Ələkbər Sabir uğurlu nəticə əldə edir. O, Tiflisdə yerləşən Mavərayi-Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən verilən rəsmi şəhadətnamə ilə müəllimlik hüququ qazanır. Lakin Qoridən aldığı məktubda gözlənilən vəzifənin artıq dolduğu bildirildiyindən, seminariyada işləmək ümidini itirir. Nəticədə, Sabir bir müddət Şamaxıdakı məktəblərdən birində köməkçi müəllim kimi dərs deməyə başlayır. Bununla da Sabir bir müddət dolanışığını müəllimliklə təmin edir və maarifçilik ideyalarını tədris yolu ilə həyata keçirməyə başlayır.
Sabir müəllimlik şəhadətnaməsini əldə etdikdən sonra qısa müddət Şamaxıdakı “Üxuvvət” məktəbində dərs deyir. Daha sonra yaxın dostu Abbas Səhhətlə birlikdə yeni bir təhsil müəssisəsi yaratmaq təşəbbüsü ilə çıxış edirlər. Lakin bu təşəbbüs hökumət tərəfindən rədd edilir.
1908-ci ilin sentyabr ayında Sabir hökumət icazəsi ilə Şamaxıda “Ümid məktəbi” adlı yeni bir məktəb açmağa müvəffəq olur. Məktəb qısa müddətdə təxminən 60 şagird toplayır. Burada Sabir daxil olmaqla üç müəllim dərs deyirdi. Məktəbdə Azərbaycan türkcəsi, fars dili, riyaziyyat, coğrafiya, təbiət bilikləri, habelə Quran və şəriət dərsləri tədris olunurdu. Sabir bu məktəbi şagirdlərə təkcə bilik vermək deyil, həm də maarifçilik ideyalarını yaymaq üçün bir vasitə kimi görürdü.
Məktəbin tədris proqramı klassik təhsil modellərindən fərqlənir, Sabirin müəllimi S.Ə.Şirvaninin maarifçi baxışlarına əsaslanırdı. O, gələcək nəslin elmi dünyagörüşlü və cəmiyyətə faydalı şəkildə yetişdirilməsini qarşıya məqsəd qoymuşdu. Lakin məktəbin proqramında yer alan çağdaş yanaşmalar və sosial tənqidlər cəmiyyətin müəyyən dairələrində narazılığa səbəb olmuşdur.
Xüsusilə, Sabirin şeirlərində toxunduğu sosial mövzular – din xadimləri, kəndli və fəhlə sinfinin problemləri kimi məsələlər — dövrün bəzi təbəqələri tərəfindən birmənalı qarşılanmamışdır. Nəticədə Sabir "Müsəlman deyil" kimi ittihamlarla üzləşmiş, bu səbəbdən məktəbə davam edən şagirdlərin sayı azalmış və tədris prosesi dayanmışdır. 1909-cu ildə "Ümid məktəbi" fəaliyyətini dayandırmağa məcbur olmuşdur.
Sabir məktəb və təhsil yanaşmasına yönəlmiş tənqidlərə cavab olaraq bir sıra satirik şeirlər yazmışdır. Onlardan biri – “A Şirvanlılar” – dövrün cəmiyyətində ona qarşı yönəlmiş ittihamlara cavab xarakteri daşıyır. O, bu əsərləri ilə çağdaş və bərabər əsaslı təhsilin tərəfdarı olduğunu ifadə etmişdir. “Ümid məktəbi” fəaliyyətini dayandırdıqdan sonra Mirzə Ələkbər Sabir maarifçilik fəaliyyətini davam etdirmək məqsədilə 1910-cu ilin əvvəllərində Şamaxıdan Bakıya köçür. Sabirin həmyerlisi və yaxın dostları Məhəmməd Hadi və Əbdürrəhman Tofiq Əfəndizadə həmin dövrdə “Səda” qəzetində çalışırdılar. M.Hadinin İstanbula yola düşməsi ilə əlaqədar olaraq Sabir onun yerinə “Səda” redaksiyasında fəaliyyətə başlayır. Bu dövrdə uşaqlıq və məktəb yoldaşı S.M.Qənizadənin dəstəyi ilə 1910-cu ilin fevral ayının əvvəlində Balaxanı kəndində “Nəşri-Maarif” cəmiyyətinin nəzdində fəaliyyət göstərən camaat məktəbinə şəriət və ana dili müəllimi kimi təyin olunur. Sabir bu vəzifəsini mətbuatda da əks etdirərək, 1910-cu il fevralın 7-də və 14-də “Səda” qəzetində çap olunan şeirlərini “Balaxanı məktəbi müəllimlərindən Ə.Sabir Tahirzadə” imzası ilə təqdim edir.[29][23]Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur.[30]
Bakıda yaşadığı dövrdə Sabir həm də “Molla Nəsrəddin” jurnalında satirik şeirlər yazmağa davam edir. O, müəllimlik və ədəbi fəaliyyətini xalqı maarifləndirmək, sosial problemləri gündəmə gətirmək məqsədilə bir vasitə kimi istifadə edirdi.
Sabir uzun illər davam edən çətin həyat şəraiti səbəbindən ağır dolanışıq keçirir. On bir övladından yalnız iki qızı və bir oğlu sağ qalır. Maddi sıxıntılarla və dövrün geridəqalmış düşüncə tərzi ilə mübarizə aparan şair, 1910-cu il iyunun 10-dan etibarən “Həqiqət” qəzetində fəaliyyətə başlayır. Qəzetin yeni rəhbərliyi tərəfindən yaradılan “Həfteyi-ədəbi” və “Həfteyi-fənni” müsabiqələrinin komissiyasının üzvü olan Sabir, burada verdiyi faydalı təkliflər və dərc etdirdiyi əsərlərlə fəal iştirak edir. Bakı mətbuatında (“Səda”, “Həqiqət”, “Günəş”, “Yeni həqiqət” qəzetləri, “Zənbur” və “Yeni Füyuzat” jurnalları) Sabirin fəaliyyəti “Molla Nəsrəddin” jurnalındakı yaradıcılıq əməkdaşlığının müəyyən qədər zəifləməsinə, qısa müddətə fasilə verməsinə səbəb olsa da, bu əlaqə tamamilə kəsilməmiş, əksinə yeni məzmun və keyfiyyətlə davam etmişdir 1910-cu ildə Sabir qaraciyər xəstəliyinə tutulur. Xəstəliyinin ağırlaşması səbəbindən Sabir 1910-cu il dekabrın əvvəllərində Bakıdan işindən ayrılaraq ailəsinin yanına, Şamaxıya getməyə məcbur olur. Buna baxmayaraq, o, “Günəş” qəzeti və digər Bakı mətbuat orqanları ilə əlaqəsini kəsmir və “Molla Nəsrəddin” jurnalı redaksiyası ilə münasibətlərini yenidən bərpa ediR
Bu dövrdə onun yaxın dostu Abbas Səhhət həm maddi, həm də mənəvi dəstək göstərmişdir. Sabirin xəstəliyini eşidən “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadə onu müalicə məqsədilə Tiflisə dəvət edir. Sabir bu dəvəti qəbul edir və bir müddət Cəlil Məmmədquluzadənin evində qalır. Həkimlər əməliyyata ehtiyac olduğunu bildirsələr də, Sabir maddi səbəblərdən bu təklifi qəbul etmir və yenidən Şamaxıya qayıdır.
Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Məmmədquluzadə xatirələrində Sabirin Tiflis səfərindən danışmışdır. O şairin xəstə olmağına baxmayaraq, ünsiyyətcil və şən xarakterini qoruduğunu bildirmişdir. Həmidə xanım yazır ki, Sabir söhbət zamanı tez-tez şeir deyir, ətrafındakılarla gülərüz davranırmış.
Çox keçmədən “Molla Nəsrəddin” jurnalı Sabirin müalicəsi üçün yardım kampaniyası təşkil edir. Kampaniya nəticəsində toplanan vəsait Sabirə göndərilir. Beləliklə Sabir əməliyyata razılıq verir və bu səbəbdən Bakıya yola düşür. Lakin həkimlər əməliyyat üçün artıq gec olduğunu və müalicənin mümkünsüzlüyünü bildirirlər. Bununla da Sabir, doğulub boya-başa çatdığı, həyatının ağır illərini keçirdiyi Şamaxıya qayıtmalı olur.
Son aylarında Sabir haqqında yeni yardım kampaniyaları təşkil olunsa da, o bu təklifləri qəbul etmir. Bildirir ki, ömrünü xalqı maarifləndirməyə həsr edib, amma şeirlərini kitab halında görmək qismət olmayacağından narahatdır. Sabirin ən böyük arzusu yazdıqlarının toplanaraq nəşr olunması idi. Seyid Hüseynin yazır ki, Sabir bir gün onunla söhbət zamanı müəllimi Seyid Əzimlə olan bir xatirəni danışır. Seyid Əzim öz ömrünün sonunda yazdığı əsərlərin aqibətindən narahat olduğunu söyləyir. Sabir də bu narahatlığı bölüşür və eyni qorxunu yaşadığını bildirir. O, maddi imkansızlıqlar səbəbilə şeirlərini kitab halına gətirə bilmir və bu səbəbdən dərin narahatlıq keçirirdi.
Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 25-də vəfat etmişdir. O, Şamaxı şəhərində Yeddi Günbəz məzarlığında dəfn edilmişdir. Sabir ölümündən üç gün əvvəl Hacı İbrahim Qasımovdan qəzetində “Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömrüm vəfa etsəydi, sümüklərimi də xalqımın yoluna qoyardım” deyə yazmasını xahiş etmişdir.
Mirzə Ələkbər Sabir, ədəbiyyat tarixində əsasən satirik şair kimi tanınmasına baxmayaraq, yaradıcılığının ilk mərhələsində klassik şeir ənənələri çərçivəsində qəzəllər qələmə almışdır.[38] Bu səbəbdən professor, ədəbiyyatşünas Cəfər Xəndan Sabirin bədii irsini tematik və üslubi xüsusiyyətlərinə əsaslanaraq iki əsas dövrə bölmüşdür:
Şairin erkən dövrə aid bir sıra qəzəlləri günümüzə gəlib çatmamışdır. Bu halın başlıca səbəbi həmin qəzəllərin nəşr olunmaması ilə bağlıdır. Məzmun və dil üslubu baxımından bu qəzəllər Sabirin sonrakı satirik şeirlərindən xeyli fərqlənir. Bununla belə, həmin klassik üslublu qəzəllərdə belə ictimai motivlərin üstünlük təşkil etməsi, feodal-patriarxal mühitin mənfi cəhətlərinə yönəlmiş tənqidi yanaşmanın müşahidə olunması, Sabirin gələcəkdə realist-satirik poetik istiqamətə yönələcəyinin ilkin əlamətləri kimi dəyərləndirilə bilər.[39]
Satirik poeziya ilə məşğul olduğu dövrdə belə, Mirzə Ələkbər Sabir qəzəl formasından tamamilə fərqli və innovativ şəkildə istifadə etmişdir. O, xüsusilə “Dilbər” adlı şeirində klassik epiqon qəzəl şairlərinin bədii-estetik zövqlərini sərt tənqid obyektinə çevirmişdir. Sabirin qəzəllərində eşq anlayışı klassik şərq poeziyasındakı kimi mistik deyil, əksinə, real və adi insan hisslərinə əsaslanır. Məhz bu səbəbdən onun eşq təsvirləri daha gerçək və həyatidir.
Şairin yaradıcılığının sonrakı mərhələlərində xalq ədəbiyyatına xas olan üslub xüsusiyyətləri—zərb-məsəllər, atalar sözləri və tapmacalar—geniş şəkildə poetik struktura daxil edilmişdir. Sabir bu elementlərdən yalnız satirik şeirlərində deyil, bəzi qəzəllərində də məqsədyönlü şəkildə istifadə etmişdir. Lakin bütün bunlara baxmayaraq, qəzəl janrı Sabirin yaradıcılığında davamlı deyil, təcrübə xarakterli bir mərhələ kimi qiymətləndirilir.
Ədəbiyyat mübahisələrinin və yenilənmə meyillərinin gücləndiyi bir dövrdə Sabir yalnız şəxsi poetik baxışları ilə kifayətlənməmiş, eyni zamanda İran və Avropa şeir ənənələrini də yaradıcılığına daxil etməyə başlamışdır. Beləliklə, fərqli poetik üslubları və bədii təsvir vasitələrini bir araya gətirərək yeni poetik forma və məzmun axtarışlarına yönəlmişdir. Abbas Səhhət vasitəsilə Firidun bəy Köçərli və Məhəmməd Tərrah ilə tanış olan Sabirin bu ziyalılarla apardığı ədəbi müzakirələr və məktublaşmalar onun estetik görüşlərinin formalaşmasında mühüm rol oynamışdır. Bu şəxslər ilə qurduğu ədəbi əlaqələr Sabirin həm ədəbi-estetik düşüncəsində, həm də ictimai dünyagörüşündə mühüm dəyişikliklərə səbəb olmuşdur. Forma və məzmun baxımından yeni yollar axtaran Sabir üçün bu qarşılıqlı münasibətlər onun poeziya anlayışının zənginləşməsinə və inkişafına ciddi təsir göstərmişdir. Xüsusilə Firidun bəy Köçərlinin tövsiyəsi ilə klassik şeir ənənələrindən tədricən uzaqlaşan Sabir realist və ictimai yönümlü yeni bir poetik üsluba meyl etmişdir.
Türkcəyə xüsusi önəm verən Mirzə Ələkbər Sabir, “Şərqi-Rus” qəzetinin türkcə nəşrlərini böyük məmnunluqla qarşılamışdır. XIX əsrdə klassik ənənələrə uyğun şəkildə ədəbi fəaliyyətə başlayan Sabirin köhnə ədəbiyyata münasibəti XX əsrin əvvəllərində dəyişməyə başlamışdır. Bu dövrdə Azərbaycan ədəbi mühitində yenilikçi ideyalarla çıxış edən bir sıra tanınmış ziyalılar və ədiblər meydana çıxmışdır. Abbas Səhhət, Məhəmməd Tərrah, Feiridun bəy Köçərli və Mirzə Fətəli Axundzadə kimi maarifçi və yenilikçi ziyalılar yeni poeziyanın mahiyyəti və funksiyası ilə bağlı konkret fikirlər irəli sürmüşlər. Bu fikir və təşəbbüslər Sabirin həm poeziyaya, həm də cəmiyyətə baxış bucağını əhəmiyyətli dərəcədə dəyişmişdir. Artıq bu mərhələdə Sabir poetik yaradıcılığının mərkəzinə yenilik ideyasını yerləşdirməyə başlamışdır.
XX əsrin əvvəllərində türkcə ilə bağlı mübahisələrin və diskursların aktuallaşdığı bir dövrdə, 1903-cü ildə Azərbaycan ədəbi mühitində ilk türkcə qəzet olan “Şərqi-Rus” nəşr olunmağa başlamışdır. Bu qəzet Sabirin dil məsələsindəki həssas yanaşmasının daha geniş auditoriyaya çatmasına və xalq yönümlü mövqeyinin güclənməsinə imkan yaratmışdır. Şairin dilə göstərdiyi diqqət tədricən onun poetik yaradıcılığına da sirayət etmişdir. Qəzetin ilk nömrələrində Sabirin şeirlərindən birinə yer verilməsi onun yenilikçi düşüncə tərzi ilə yazdığı ilk ictimai məzmunlu şeiri kimi dəyərləndirilə bilər. Bu baxımından “Afitabı-sühən” şeiri Sabirin poetikasında yeni bir mərhələnin başlanğıcı kimi qəbul olunur.
1905-ci il “Həyat” qəzetinin 1 iyun tarixli nömrəsində Sabirin “Beynəlmiləl” şeiri yayımlanır. Bu şeir ilə şairin mövzu dairəsi genişlənir, ictimai problematikaya müraciət edir. Şeir "Müsəlman və erməni vətəndaşlarımıza" misraları ilə başlayır. Şeirlə birgə Sabir redaksiyaya məktub da göndərmişdi.
1906-cı il fevral ayının 10-da “Həyat” qəzetində Sabirin “Bir məclisdə on iki kişinin söhbəti” başlıqlı satirik şerini çap olunur. “Bir məclisdə on iki kişinin söhbəti” poemasında tiplər bir-biri ilə dialoq qurmayıb, ayrı-ayrılıqda ictimai-milli tənqid kürsüsündə öz əsl simalarını nümayiş etdirirlər. Bu əsər Sabirin geniş miqyaslı “poeziya teatrı”nın proloqu kimi çıxış edir və gələcək satira pərdələrində bu tiplərin təmsil etdikləri zümrələrin tam obrazlarını təqdim edəcəyi əvvəlcədən göstərilir.
1900-cü illərin əvvəllərində Sabir “Həyat” qəzeti ilə yanaşı, Bakıda nəşr olunan , “İrşad”, “Tazə həyat” qəzetləri və “Dəbistan”, “Rəhbər”, “Bəhlul” jurnallarında şeir, məqalə və felyetonlarla fəal iştirak etmişdir. O, müəyyən müddət “İrşad” və “Tazə həyat” qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərərək milli mətbuatın tərəqqisi və inkişafı üçün mühüm işlər görmüşdür. Sabir həm mətbuata abunəçi toplamaqla, həm də poetik və publisistik əsərləri ilə həmvətənlərini milli mətbuatın çoxalması və davamlılığına dəstək verməyə çağırmışdır. Onun “Cavablar cavabı”, “Əlminnətü-lillah ki, ‘Dəbistan’da qapandı” satiraları və “Mətbuat”, “Ləbbeyk icabət” kimi məqalələri vətəndaş fəallığının nümunəsi olmuşdur.
Sabirin “Ləbbeyk icabət” məqaləsində xalq “İrşad” qəzetinə abunə olmağa dəvət edilmiş, milli və islami məsələlər bir-birindən ayrı düşünülməməli olduğu vurğulanmışdır. O, Azərbaycanın tərəqqisini İslam Şərqindən təcrid olunmuş şəkildə nəzərdən keçirməmiş, “İrşad” qəzetinin 13 oktyabr 1906-cı il tarixli sayında dərc olunmuş “Qeyrət” məqaləsində İslam xalqlarının inkişafına dair müzakirələrə öz münasibətini bildirmişdir. Sabirin fikrincə, islamın tərəqqisi onun milli və mənəvi xüsusiyyətlərinin qorunması və inkişafı ilə bağlıdır.
Sabir milli tərəqqi və inkişafa əngəl olanları “Molla Nəsrəddin” jurnalı ilə yanaşı, “Həyat” və “İrşad” qəzetlərində növbə ilə dərc etdiyi “Ey fələk, zülmün əyandır…” bəhri-təvilində, “Məsləhət”, “Əlminnətü-lillah ki, "Dəbistan da qapandı” və digər satira əsərlərində sərt tənqid edib ifşa etmişdir.
XX əsrin əvvəllərində Bakıda nəşr edilən “Günəş” və sonradan onun davamı kimi fəaliyyət göstərən “Yeni Həqiqət” qəzetləri ilə yanaşı, bu nəşrlərin tərkibində “Palanduz” adlı satirik səhifə də fəaliyyət göstərməyə başlamışdı. Adətən həftədə bir dəfə, bəzən isə müəyyən gecikmələrlə yayımlanan bu səhifə ictimai-siyasi satiranın mühüm tribunasına çevrilmişdir. Məhz bu platformada böyük satirik şair Mirzə Ələkbər Sabir də fəal iştirak etmiş, əsərlərini “Çuvalduz” ümumi başlığı və “Nizədar” təxəllüsü ilə dərc etdirmişdir.
Səhifənin adı olan “Palanduz” ilə Sabirin yazılarının başlığı olan “Çuvalduz” arasında mövcud qafiyəlilik təsadüfi olmayıb, satirik məzmunun ifadə estetikası baxımından məqsədli şəkildə seçilmişdir. Eyni zamanda Sabirin seçdiyi “Nizədar” imzası da xüsusi məna daşıyır. Digər müəlliflər özlərini “Nizə”, “Biz”, “Mismar”, “İynə”, “Töylə mıxı”, “Arığ” və s. kimi təqdim edirdilərsə, Sabir “Nizədar” – yəni nizə daşıyan, öncül, bayraqdar – kimi təqdim olunurdu. Bu təxəllüs onun həmin satirik kollektivin rəhbəri və əsas siması kimi qəbul edildiyini göstərirdi.
“Palanduz” səhifəsinin digər müəllifləri Sabiri ustad kimi qəbul edir, “Nizədar” imzasını hörmətlə anır və onun satirik irsinin ictimai-bədii dəyərini yüksək qiymətləndirirdilər. Hətta Sabirin əsərləri əsasında digər müəlliflər tərəfindən də yazılar qələmə alınırdı.
Sabirin bu səhifədə dərc olunan əsərləri sırasında “İnteligentlər deyir ki”, “Millət deyir ki”, “Axşam olacaq…”, “Mürtəcelər, sevinin…”, “Şurə gəlib şad olun, iranlılar!”, “Yuxu” satiraları, eləcə də “Əz tərəfi-Mirzə Bisavad” imzası ilə çap olunan “Şikayət” adlı felyeton yer alır. Bundan başqa, “Qurban bayramı” satirasının imzasında “Palanduz” şairlərindən “Nizədar” cənabları kimi təqdim olunması bu əsərin də həmin səhifə üçün nəzərdə tutulduğunu göstərir. Lakin həmin bayram günündə “Palanduz” səhifəsi nəşr olunmadığından bu əsər ayrıca rubrikada, müəllif imzası dəyişdirilərək çap edilmişdir. 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan satirik ədəbiyyatında yeni bir mərhələnin əsasını qoydu. Cəlil Məmmədquluzadənin “Sizi deyib gəlmişəm” çağırışına ilk qoşulanlardan biri də Mirzə Ələkbər Sabir oldu. Bu çağırışa qoşulması təsadüfi deyildi, çünki Sabirin cəmiyyətin sosial-siyasi problemlərini tənqid edən kəskin satirik yaradıcılığını ifadə edə biləcəyi məhz belə bir tribunaya ehtiyacı var idi.
“Molla Nəsrəddin” jurnalında Sabirin dərc olunan satirik şeirləri əsasən ictimai quruluşun yaratdığı ədalətsizliklərin, sosial bərabərsizliyin, gerilik və mövhumatın tənqidinə həsr olunmuşdur. Bu jurnal Sabirin poetikasında dönüş nöqtəsi rolunu oynamış, onun şeir formasını və üslubunu dəyişərək realist mövqeyini daha da gücləndirmişdir. Xüsusilə 1906–1911-ci illər arasında yazdığı satiralar jurnalın məzmun və ideya yükünü daşıyan əsas ədəbi nümunələrdən olmuşdur.
“Molla Nəsrəddin” jurnalı yalnız dini fanatizmi, mövhumat və şəriətə əsaslanan düşüncə tərzini deyil, həmçinin bu anlayışlara tənqidsiz və kor-koranə itaət edən, savadsızlıq və cəhalət içində yaşayan xalq kütləsini də tənqid obyektinə çevirmişdir. Jurnalın bu yanaşması, ictimai tənqidin əsas vasitələrindən biri kimi satirik ifadə formalarının inkişafına şərait yaratmışdır. Bu kontekstdə Mirzə Ələkbər Sabirin satirik yaradıcılığı “Molla Nəsrəddin” vasitəsilə geniş auditoriyaya çatmış, onun üslubu tənqidi realizmin Azərbaycan ədəbiyyatındakı formalaşmasına və inkişafına mühüm təsir göstərmişdir.
Mirzə Ələkbər Sabir “Molla Nəsrəddin” jurnalında yalnız öz adı ilə deyil, müxtəlif gizli imzalarla da çıxış etmişdir. Bu imzalardan ən çox tanınanı və müəlliflə assosiasiya olunanı "Hop-hop" təxəllüsüdür. 1910-cu ilin iyun ayında Səlman Mümtazın Sabirlə apardığı müsahibəsində şair "Hophop" təxəllüsünü niyə seçdiyini və bu adın mənasını belə izah etmişdir:
“Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdir. ‘Hophop’ bir quşun adıdır. Bu quşun bu addan başqa xalq arasında bir neçə adı da vardır: Fatmabacı, Bubbu, Öp-öp və Şanəpipik (Taraqlıquş) onlardandır.”
Ümumilikdə Sabirin jurnal səhifələrində 36 müxtəlif gizli imzadan istifadə etdiyi məlumdur. Onlardan 28-i yalnız bir şeirin altında qeyd edilmişdir. Bu müxtəlif imzalar, xüsusilə də satiraların nitqi quruluşu və üslubunun analizi baxımından mühüm əhəmiyyət kəsb edir.