lider-media.az

Böyük Azərbaycan aşiqi Məhəmməd Əmin Rəsulzadə

Tarix: 31-01-2024, 19:27

Nə yaxşı ki, bu xalqın tarixində vətən və millət sevgisini özündən sonrakı nəsillərə örnək kimi, böyük bir eşq mərtəbəsində yaşamış Məhəmməd Əmin Rəsulzadələr olub.

Bir xalq üçün milli və bəşəri dəyərlərin önəmini, müasirliyin və inkişafın yolunu bundan gözəl formulə edən bir dövlət modeli təsvir etmək çətindir.Bir millət üçün vətənpərvərliyin, milli təəssübkeşliyin, əqidə bütövlüyünün M.Ə.Rəsulzadədən parlaq örnəyini tapmaq mümkün deyil.

Həyatı boyunca ayaq basdığı hər yerə Azərbaycan adını yazdırmaq üçün mücadilə verən, üz tutduğu hər ölkədə Azərbaycan nidasını səsləndirməyə can atan bir fədaiydi Məhəmməd Əmin. Azadlıq davasından son nəfəsdə belə vaz keçməyən əfsanəvi şəxsiyyətlərdəndi. Gəncliyindən vətən sevdasına tutulmuş bir Azərbaycan aşiqiydi. Bakıda inqilab qorxusu yaşayanlar həbsinə qərar verəndə Irana, oradakı təqiblərdən də Türkiyəyə getmişdi. Amma burada bir an belə, boş dayanmamış, fəaliyyətini daha da genişləndirmişdi. Elə  bu həyat təcrübəsi də onun sonrakı siyasi fəaliyyəti üçün əvəzsiz rol oynamışdı.Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Rəsulzadənin 34 yaşı vardı.

Amma dünya tarixində ideoloji baxımdan ən yüksək səviyyədə əsaslandırılmış, demokratik prinsiplərə söykənən bir dövlət qurulmuşdu onun rəhbərliyi altında. AXC-nin irsi bu gün təkcə bizim üçün yox, çağdaş dünyanın bir parçası olmaq istəyən istənilən xalq üçün gözəl nümunədir.

Azərbaycan “mən istərəm bəlanı, çün istər bəla məni” deyən böyük Füzulinin vətənidir. Bu ölkənin başından bəlanın əskik olduğu yox. Belə bir dünyəvi dövlətin qurucusu, milli öncül Rəsulzadəyə uzun zaman öz vətənində yaşamaq da nəsib olmadı. Bütün ömrü Azərbaycan mücadiləsiylə qürbət diyarlarda keçdi. Onun mühacirət həyatı indi xaricdə yaşayan, çox zaman bu ölkənin sıxıntılarından uzaqlaşmağı bir fürsət, qurtuluş sayan və orada özünə rahat həyat quran həmyerlilərimiz üçün bir ibrət məktəbidir. Bu böyük insanın 33 illik qürbət həyatı bir qəhrəmanlıq salnaməsi, mübarizlik simvoludur. Az qala qarış-qarış gəzdiyi ölkələrdə onun ilk işi əqidəcə özünə yaxın həmvətənlərini arayıb tapmaq və onları Azərbaycan davasına cəlb etmək olmuşdu. O illər xaricdə  nəşr etdirdiyi məqalə və kitablar da böyük öncülün inanılmaz həyat hekayətini ortaya qoyur.

Məhəmməd Əmin Rəsulzadə son nəfəsinə qədər Azərbaycan istiqlalının yenidən doğacağına inamını itirmədi. Böyük fədainin azadlıq arzuları, gec də olsa, gerçəkliyə çevrildi. Onun Azərbaycanın gələcəyi üçün söylədiyi bu sözlərin reallığa çevrilməsinə də çox az qaldığına kimsə şübhə edə bilməz:

“Dünya tarixinin xülasəsi haqq ilə batil, hürriyyətlə əsarət mübarizəsinin bir ifadəsidir. Bir yandan hürriyyət və demokratiya, o biri yandan isə totalitarizm ilə kommunizm cəbhəsinə ayrılan bu günkü dünya mənzərəsi həmin mübarizənin yeni, böyük qarşılaşması deməkdir. Bu, bəlkə də son qarşılaşmadır. Müqəddəratını hürriyyətsevər millətlərin və mədəniyyət dünyasının müqəddəratı ilə bağlamış Azərbaycan hürriyyət və demokratiya cəbhəsinin son və qəti zəfərinə əsla şübhə etməz! O duyduğu min bir iztirabdan sonra arzuladığı hürriyyət və istiqlalına qovuşacaq, şair Gültəkinin bu beytini zəfər sevincləri içində təkrar edəcək:

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi