Gənc prokurorluq əməkdaşları üçün peşə vərdişlərinin formalaşması məqsədilə hazırlıq kursu təşkil edilib
Azərbaycan Respublikasının prokurorluq orqanlarına 2024-cü ildə müsabiqə yolu ilə ilk dəfə qulluğa qəbul olunmuş 51 işçi üçün hazırlıq kurs təşkil edilib.
Hibrid formatda təşkil edilmiş kursa təlimçi qismində prokurorluq orqanlarının təcrübəli işçiləri ilə yanaşı, səhiyyə, ədliyyə orqanlarının, Vəkillər Kollegiyasının, Qeyri-Hökumət Təşkilatının, Bakı Dövlət Universitetinin peşəkar əməkdaşları cəlb olunub.
Tədris proqramında praktiki əhəmiyyət kəsb edən, öyrənilməsi dövlət proqramlarında nəzərdə tutulan, eləcə də praktiki fəaliyyətdə əhəmiyyətli, habelə mürəkkəb xarakter daşıyan mövzulara üstünlük verilib.
Müasir informasiya-kommunikasiya texnologiyalardan, eləcə də təhlil-tədqiqat materiallarından geniş istifadə etməklə tədris edilən kursun tədris proqramına ətraf mühitin mühafizəsinin hüquqi əsaslarına dair, o cümlədən “2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar qarşıda duran vəzifələr”, “Ekoloji təhlükəsizliklə bağlı beynəlxalq konvensiyalar”, “Ekoloji hüquqpozmalar: inzibati və cinayət məsuliyyəti” və sair. mühazirələr daxil edilib.
Kurs dövründə dinləyicilər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə yaxından tanış olub, onlar üçün kriminalistika sahəsində müxtəlif formalı praktiki məşğələlər keçirilib.
Mədəni tədbirlər çərçivəsində gənc prokurorluq işçilərinin “Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi”nə ekskursiyası təşkil edilib.