lider-media.az

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

Tarix: 9-05-2024, 20:01

Məktəblə tanışlıq zamanı binada yaradılan müasir tədris şəraiti barədə məlumat verilib. Bildirilib ki, şagirdlərin hərtərəfli biliyə yiyələnməsi ilə yanaşı, vətənpərvərlik ruhunda tərbiyəsi də diqqətdə saxlanılır. Bu məqsədlə foyedə məktəbin məzunu olmuş Vətən oğulları Sahil Məmmədov, Raqib Hüseynov və digər şəhidlərimizin xatirəsinə guşələr yaradılıb, sinif otaqlarına şəhidlərimizin adı verilib.

Gənclik mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Heydər Əliyev adına tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məlahət Rüstəmova Ümummilli Liderimizin adını daşıyan məktəbin açılışında 2004-cü ildə Prezident İlham Əliyevin iştirakını qürur hissi ilə qeyd edib. Bildirib ki, məktəb ötən müddətdə Ulu Öndərimizin adına layiq yol keçərək qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib. Məktəbin uğurlarından söz açan Məlahət Rüstəmova əminliklə ifadə edib ki, pedoqoji kollektiv onlara göstərilən böyük etimadı doğrultmaq üçün bundan sonra da Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq daha səylə çalışacaq, milli təhsilimizin tərəqqisi naminə, dövlətimizin gələcəyi üçün vətənpərvər gənclər yetişdirəcəklər.

Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 20 illiyi münasibətilə məktəbin müəllim və şagirdlərini, eləcə də muxtar respublikanın bütün təhsil ictimaiyyətini təbrik edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, 87 müəllim və 624 şagirdlə fəaliyyətə başlayan məktəbdə hazırda 1200 şagird təhsil alır. Ötən 20 il ərzində məktəbi 910 məzun bitirib ki, onlardan da 729-u ali məktəblərə qəbul olunub. Həmin məzunlardan 170-i 500-700 intervalında bal toplayıb. Məzunların 56-sı ümumi orta təhsil haqqında fərqlənmə attestatına, 6-sı qızıl, 4-ü gümüş nişana və 5-i isə Prezident təqaüdünə layiq görülüb. 2024-2025 -ci tədris ilində də tam orta təhsil səviyyəsi üzrə məktəbi bitirən 69 məzundan 40 nəfəri 200-dən yuxarı bal toplayıb. 2007-2008-ci tədris ilinin nəticələrinə uyğun olaraq məktəb “Ən yaxşı ümumtəhsil məktəb” müsabiqəsinin qalibi olub. Eyni zamanda təhsildə yüksək nəticələr əldə etdiyinə görə məktəbin müəllimi 2008-2009-cu tədris ilinin yekunlarına görə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Ötən 20 ildə məktəbin müəllimlərindən 23-ü təhsil sahəsində fəaliyyətlərinə görə təltif edilib. Onlardan 7 nəfərinə Azərbaycan Respublikasının Əməkdar müəllimi, 11nə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adları verilib, 5-i isə “Tərəqqi” medalına layiq görülüb.

Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov qeyd edib ki, nazirlik tərəfindən “Yubilyar məktəblərimiz” layihəsi hazırlanaraq icra edilir. Layihə çərçivəsində bu il Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbin 20 illiyi, Şahbuz rayonunda Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi qeyd olunur. Elxan Nəcəfov bildirib ki, Naxçıvan Muxtar Respublikasının 11-ci sinif şagirdləri buraxılış imtahanlarında son 3 ilin ən yüksək nəticəsini toplayıblar. Bu göstərici buraxılış imtahanlarında orta bal həddinə görə Azərbaycan Respublikasında 2-ci yeri təşkil edir. Təhsil nazirinin müavini bu nailiyyətlərə görə və orta məktəbin 20 illiyi münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva səlahiyyətli nümayəndə Fuad Nəcəflinin salamlarını və təbriklərini çatdırıb. Tükəzban Quliyeva bildirib ki, ötən dövrdə yüksək nailiyyətlərin əldə olunmasının əsasında Ulu Öndər Heydər Əliyev ideyalarının davam etdirilməsi dayanır. Ümummilli Lider Heydər Əliyev Naxçıvanın Azərbaycana bəxş etdiyi ən böyük dəyərdir. Heydər Əliyev adına tam orta məktəbin qabaqcıl təhsil müəssisəsi kimi sağlam gələciyimizi yetişdirdiyini bildirən Tükəzban Quliyeva səmərəli fəaliyyəti, intellektual səviyyəsi ilə fərqlənən məktəbin pedaqoji heyətinə müasir Azərbaycan naminə atdıqları hər bir addımda uğurlar arzulayıb.

Sonra Heydər Əliyev adına tam orta məktəbin müxtəlif ali təhsil müəssisələrində, o cümlədən ölkə hüdudlarından kənarda təhsillərini və fəaliyyətini davam etdirən məzunlarının videomüraciətləri izlənilib. Məktəbin məzunlarından olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Kamran Mehbalıyev xatirələrini bölüşüb, təbriklərini çatdırıb.

Tədbirdə yubileyi münasibətilə məktəbin təltif olunan bir qrup müəlliminə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adının döş nişanları və vəsiqələri, eləcə də təhsilin inkişafında xidmətlərinə görə Təhsil Nazirliyinin fəxri fərmanı və təşəkkürnamələri təqdim olunub.

Tədbir məktəbin şagirdlərinin hazırladığı bədii hissə ilə davam edib.

Tədbirdə məktəbin yetirmələri olan şəhidlərin ailələri də iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi