Konfederasiya tərəfindən 209 şəhid ailəsinin 378 övladına hər ay maddi yardım göstərilir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mətbuat konfransı keçirilib.
Lider-media.az xəbər verir ki, tədbirdə əvvəlcə həmkarlar ittifaqlarının fəaliyyətində son bir il ərzində tətbiq edilən yenilikləri, həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra AHİK nümayəndələri tərəfindən media mənsublarına həmkarlar ittifaqlarının fəaliyyəti, əmək hüquqlarının qorunması, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması istiqamətində reallaşdırılan tədbirlər və sosial layihələr barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib və hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planı icra olunur.
Tədbirdə vurğulanıb ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına dəstək məqsədilə tədbir həyata keçirilir, layihələr reallaşdırılır. Qeyd edilib ki, Konfederasiyanın himayəsində olan 209 şəhid ailəsinin 378 övladına hər ay maddi yardım göstərilir. 148 şəhid ailəsinə isə alış-veriş kartları təqdim edilib. Bundan başqa, 20 Yanvar şəhidlərinin 95 ailə üzvünə birdəfəlik maddi dəstək göstərilib.