lider-media.az

Ədəbiyyat tariximizdə dərin iz qoyan Xalq şairi

Baxış: 123 Tarix: 12-08-2025, 08:32

Hər xalqın mədəniyyət xəzinəsi var.  Bu xəzinə keçmişdən gələn dəyərlər, adət-ənənələr və təcrübələr toplusu kimi nəsildən-nəsilə ötürülür. Xalqın sevinci, kədəri, arzu və qorxuları sözlərdə təcəlla tapır, zamanla isə sözlər sənət əsərlərinə çevrilir, yaddaşlara əbədi həkk olur, poeziya isə duyğuların saf və güclü ifadəsi kimi xalqın ruhunu əks etdirir. Məmləkətimizin şairləri millətin səsinə, dərdinə, azadlıq arzusuna şeir vasitəsilə dəstək veriblər. Böyük ədəbi sərvətimizin parlaq simalarından olan Xalq şairi Qabil ədəbiyyat tariximizdə dərin iz qoyan, yaradıcıllığı ilə  mənəvi dünyamızı sözlə işıqlandıran sənətkardır.

Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Qabilin doğum günüdür. Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda dünyaya göz açıb. Orta məktəbi uğurla başa vurduqdan sonra, 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil alıb, 1954-1956-cı illərdə Moskva ədəbi mühitinin mərkəzi sayılan Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında təhsilini davam etdirərək sənət dünyasını daha da zənginləşdirib.  Qabilin şeirə, qafiyəyə marağı 1930-cu illərin sonu, 1940-cı illərin əvvəllərində formalaşmağa başlayıb. O dövrdə Bakının bazarlarında dərvişlərin ifa etdikləri qəsidələr, qohum-qonşu evlərində səslənən mərsiyələr şairin zövqünü oxşayıb. Həmçinin klassik şeir ənənələrini və əruz vəznini dərindən bilən və onu ruhlandıran mərhum müəllimi Mirzə Cavadın da Qabilin yaradıcıllığında böyük rolu olub.

Şairin ədəbi yolunu tapması çox zaman yaşadığı mühitdən və həmin zamanın psixoloji iqlimindən asılıdır. Bakıda da ədəbi mühitə Abşeronun qəzəlxanları, dərvişlərin qəsidələri və yanıqlı mərsiyələrin təsiri çox olub və onlar gənc şairlərə ilham veriblər. Qabilin yaradıcılığında milli adətlər, ictimai hadisələr və şəxsi həyat təcrübələri də öz əksini tapır. Şair peşəkar fəaliyyətə 1949-cu ildən başlayıb. O, əvvəlcə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi kimi çalışıb, paralel olaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant vəzifəsini icra edib. 1951-1953-cü illərdə "Azərbaycan müəllimi" qəzetində şöbə müdiri kimi fəaliyyət göstərib, ədəbiyyatda öz sözünü deməyə başlayıb. 1954-cü ildə "Kommunist" qəzetində tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasında məsul redaktor işləyib, ədəbi proqramların hazırlanmasına  böyük əmək sərf edib. 1960-1972-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri kimi Azərbaycan poeziyasının inkişafına mühüm töhfələr verib.  Daha sonra isə "Azərbaycan" jurnalında ədəbi işçi və baş redaktorun müavini kimi fəaliyyət göstərərək milli ədəbiyyatın təbliğində əvəzsiz rol oynayıb.

"Gəl, baharım" adlı ilk şeiri ilə ədəbi səhnəyə çıxan Qabil bu əsərini "Ədəbiyyat" qəzetində dərc etdirib. Onun ilk kitabı "Səhər açılır" böyük maraqla qarşılanıb və şairin poeziya aləmində mövqeyini möhkəmləndirib. "Mənim mavi Xəzərim", "Küləkli havalarda", "Qoy danışsın təbiət", "Vətəndaş sərnişinlər" və digər əsərləri ilə Qabil yaradıcılığının zənginliyini, müxtəlif duyğu və düşüncə qatlarını ortaya qoyub, poetik dili oxucular tərəfindən sevilib.

Qabilin poeziyasında xalqın acısı, dərdi, qəhrəmanlıq ruhu daim ön planda olub. Onun 20 Yanvar faciəsinə həsr etdiyi "Mərsiyə" qara  günün ağrı və iztirabını sözün ən kədərli, ən təsirli gücü ilə ərsəyə gəlib. Şair xalqın qan yaddaşını, mübarizə əzmini və vətən sevgisini duyğularla dolu misralarla canlandırır. Misralarda cəfakeş xalqın ah-naləsi eşidilir, millətin  göz yaşları ilə, qan tökərək, can verərək yazdığı tarixindən bəhs edilir:

Tutulub vahimədən

            nitq bu gün, dil bu səhər,

Bəzəyib Abşeronu

            qanlı qərənfil bu səhər,

Bakı fəryad eyləyir,

            gözdən axır sel bu səhər.

Gəmilər nalə çəkir,

            ərşə çıxır zil bu səhər,

Gecəni atəş ilə

            qırmızı dan eylədilər,

Xalqımı-millətimi

            gülləbaran eylədilər...

Bu şeir nəşr olunan ilk mərsiyə kimi xüsusi əhəmiyyət daşıyır. Çünki ədəbiyyatımızın zəngin janrlarından biri olan mərsiyədə günahsız həmvətənlərimizin kütləvi qırğınını təşkil edənlər açıq şəkildə ifşa olunur, qanlı faciəni imperiya sərhədləri daxilində yaşayan digər millətlərə dəhşətli "nümunə" kimi göstətənlərə qarşı ümumxalq nifrəti əks olunurdu.

Qabil şair kimi həmişə fəal və cəsarətli həyat mövqe tutur, qarşılaşdığı müqavimətə, haqsız tənqidə  məhəl qoymadan öz sözünü açıq, qətiyyətlə çatdırırdı. Yalnız şeirlərində deyil, eyni zamanda ədəbi-publisistik yazılarında da ölkədə baş verən mühüm hadisələrə laqeyd qalmırdı. Bu səbəbdən şairin hər əsərinin  yaranma tarixi, tərcümeyi-halı vardır ki, bu da müəllifin canlı müşahidələri, qarşılaşdığı gözlənilməz hadisələr və yaradıcılıq prosesinin müxtəlif məcralara yönəlməsi ilə bağlıdır.  Məhz belə yaradıcılıq prosesi Qabilin əsərlərini çağdaş Azərbaycan şairlərinin arasında fərqləndirir, ona özünəməxsus səs və sənətkar şəxsiyyətini verir. Ədibin əsərlərində dərin düşüncə və sərt tənqid də yer alır; o, nankorluğa, savadsızlığa və cəmiyyətin çatışmazlıqlarına qarşı sərt etirazını misralara köçürür:

Nə çox alim, nə çox tacir,

Nə çox loğman olub peyda?!

Ay Allah, bu yarımçıqlar...

Cəmi nadandır əslində.

Əşi, nadanlıq azmış ki,

Hələ şeytandır əslində.

Onun "Səhv düşəndə yerimiz", "Bakılı", "Qarışdırma", "Çörək", "Təmizlik", "Nəsimi bazarında", "Beşiyimdir - məzarımdır o mənim", "Dağlar" və "Azərbaycan torpağı" kimi şeirləri oxucular arasında geniş yayılıb, insanların həyatına, ruhuna sirayət edib. Qabilin "Nəsimi" poeması ədəbi yaradıcılığının zirvəsidir. Bu epik-dramatik, fəlsəfi-psixoloji əsər şairin dərin düşüncələrini, insan taleyi və milli-mənəvi dəyərlər mövzusundakı baxışlarını əhatə edir və Azərbaycan ədəbiyyatında fundamental yer tutur. Əsər "Heyrət" adlı bölüm ilə başlayır. Burada XIV əsrin böyük şairi Nəsimi XX əsrin şairinə müraciət edir, həm heyranlıq, həm də minnətdarlıq hissi ilə soruşur:

"Tarixin tilsimli yolları ilə sən,

De görüm, necə gəldin yanıma?"

Nəsimi öz əqidəsini qısa və aydın şəkildə ifadə edir:

"Mən özümdə tapdım öz allahımı,

Ənəlhəq söylədim gizli, aşkar!"

İkinci bölüm "Qiymət" adlanır və burada şair Qabil, Nəsiminin heyranlığına öz heyranı ilə cavab verir:

"Mənim şair babam, sənə qiyməti,

Bir nəfər vermir, bir millət verir!"

Sonrakı bölümlərdə Nəsimi uşaqlıq və təhsil illərindən danışır. Poema əsasən onun öz dilindən söylənir və eyni süjet xətti üzrə davam edir. O, ata-anasını tez itirdiyini, qardaşı Şahi Xəndanın ona baxdığını, amma onun da tez vəfat etdiyini, tək qaldığını qeyd edir, bütün çətinliklərə baxmayaraq, dini təhsil alıb mədrəsəni bitirdiyini vurğulayır.  Əsərin ikinci hissəsi "Şair sarıban" adlanır və burada Nəsiminin Şamaxıdan Bakıya gəlməsi, Bakıda hürufi mərkəzini açması və fəaliyyətləri təsvir olunur. İkinci hissənin sonu isə "Səməndər quşu" adlanır. Üçüncü hissəsi Nəsiminin Konya səfəri ilə başlayır. Burada şəhərin təsviri diqqət çəkir. Şair Konyanı Təbriz və Bakı ilə müqayisə edir.

"Təbriz enişidir elə bil eniş,

Konya dirsəklənib dağ ətəyinə.

Qala divarları görünür diş-diş,

Bakıya dönürəm elə bil yenə".

Poemanın son bölümlərində - "Qalada bir quyu var", "Məhkəmə"  Nəsiminin Hələbdə həbs edilməsi və məhkəmə prosesi təsvir olunur. Həbsdən sonra o, 40 ərşin dərinlikdə quyuda saxlanarkən özü-özünə "məhkəmə" qurur:

"Necə sığdın quyuya bəs,

Ey cahana sığışmayan?

Məkan oldu sənə məhbəs,

Ey məkana sığışmayan!"

Müstəqilliyimizin ilk illərində Azərbaycan xalqının yaşadığı ağır sınaq və çətinliklər fonunda Qabilin dərin ürək yanğısı ilə yazdığı "Şəhid anası", "Qeyrət, a vətəndaşlar", "Oldu", "Xəcalət", "Birini elə, birini belə", "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" və digər siyasi lirika nümunələri ilə xalqın qəlbində iz qoyub.  Uzun illər Azərbaycan Yazıçılar Birliyinin ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabil həm ədəbi, həm də ictimai sahədə böyük nüfuza malik olub. Onun yaradıcılığı və vətənpərvər fəaliyyəti yüksək qiymətləndirilib, mədəniyyətə verdiyi töhfələr sayəsində bir sıra yüksək dövlət mükafatlarına layiq görülüb. Qabil Azərbaycan Respublikasının ən ali dövlət təltifləri olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilərək gücünü bir daha təsdiqləyib. Bu onun şair, vətəndaş kimi məsuliyyətini, zəhmətini və əzmkarlığını simvolizə edir. 

Qabil həm dərin mənalı, düşündürücü şeirləri, həm də həyatsevər, zarafatcıl tərəfi ilə seçilən şair idi. Onun yaradıcılığı və şəxsi üslubu çox vaxt ciddi mövzularla bərabər yumor ilə də zənginləşirdi. Məhz bu xüsusiyyətləri onun insanlarla səmimi əlaqə qurmasına, hadisələrə müdrik, bəzən də zarafatla yanaşmasına imkan verirdi.

1996-cı ildə Qabilin 70 illik yubileyi keçirilir. Ona söz verildikdə, salonu dolduran qonaqların yorulduğunu hiss edən şair "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" şeirini yarımçıq oxuyur. Lakin tamaşaçılar durmadan coşqu ilə alqışlayırla . Alqışlar səngidikdən sonra Qabil zarafatla deyir:

- "Bilsəydim bu qədər alqışlayacaqsınız, şeirin hamısını oxuyardım".

Bir neçə il sonra, 75 illik yubileyində tribunaya çıxan şair özünəməxsus təvazökar və yumorlu sözləri ilə tədbir iştirakçılarının üzündə gülüş yaradır.

- "Hə, elə bilirdiniz 70 yaşımı keçirdib mənimlə üzülüşdünüz?! Görürsünüz, 75 də oldu!"

2007-ci il aprelin 4-də vəfat edən görkəmli şair sözün gücünü həyatın sərtliyinə qarşı yumşaldan, həm müdrik, həm də insansevər şəxsiyyət kimi əbədiyaşardır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi