Türkiyənin turizm göstəricilərində davamlı artım müşahidə olunur
BMT-nin Turizm üzrə Təşkilatının 2024-cü il məlumatına əsasən dünyanın dördüncü ən böyük gələn turist bazarına sahib ölkəsi olan Türkiyə, 2025-ci ilin ilk 6 ayına dair turizm sektorundakı nəticələrini açıqlayıb.
Lidür-media.az xəbər verir ki, İstanbulda keçirilən mətbuat konfransında təqdim olunan rəqəmlər, ölkənin əsas turizm göstəricilərində davamlı artım əldə etdiyini göstərib.
Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bəyan edib ki, 2025-ci ilin ilk yarısında ölkə 26.388.831 beynəlxalq ziyarətçi qəbul edib. İlin ilk 6 ayında 1%-lik artım qeydə alınıb. Eyni dövrdə turizm gəlirləri 25,8 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 7,6% çoxdur. 26,4 milyon beynəlxalq ziyarətçi Türkiyədə orta hesabla 10 gecə qalıb və adambaşına gecəlik orta xərcləri 106 ABŞ dolları olub. Bu göstərici ötən illə müqayisədə 8% artım deməkdir.
Nazir Mehmet Nuri Ersoy bildirib: “İlin ilk yarısında baş verən bir sıra geosiyasi çətinliklərə baxmayaraq, Türkiyə turizm sektorunda davamlı inkişafını sürdürməkdə davam edir. Məkanların, turizm məhsullarının və hədəf bazarların şaxələndirilməsinə yönəlmiş strateji yanaşmamızın effektivliyi artıq öz təsdiqini tapır. Bu mürəkkəb şəraitdə belə biz əsas göstəricilərdə, xüsusilə də gəlirlər sahəsində artımı müşahidə edirik. Qarşıdakı altı aya baxdıqda əminik ki, ilin sonuna qədər 64 milyard ABŞ dolları həcmində turizm gəliri hədəfimizi reallaşdıracağıq.”
İlin ilk altı ayında Türkiyəyə ən çox turist göndərən Rusiya Federasiyası olub – 2,61 milyon ziyarətçi.
İkinci sırada Almaniya yer alıb – 2,42 milyon ziyarətçi; üçüncü pillədə isə Birləşmiş Krallıq qərarlaşıb – 1,75 milyon ziyarətçi ilə.
Bununla yanaşı, Türkiyəyə Amerika qitəsindən, bir sıra Avropa ölkələrindən, Orta Asiya və Asiya–Sakit okean regionlarından gələn ziyarətçilərin sayında da ikirəqəmli artım qeydə alıb.